Hafiz Məmmədov “od püskürdü”

hafiz-memmedov-od-puskurdu
Oxunma sayı: 668

“Bakı” futbol klubunda “Kapital Bank U-15” liqasının final qarşılaşmasında baş verən hadisələrlə bağlı klubdaxili toplantı keçirilib. “Qafqazinfo”nun verdiyi məlumata görə, klub prezidenti Hafiz Məmmədov oyundan sonra yaşanan neqativ halları qətiyyətlə pisləyib, bunun yolverilməz olduğunu nəzərə çatdırıb. Klubun rəhbərliyi tərəfindən bu hadisə ümumilikdə Azərbaycan futboluna yaraşmayan hal kimi qiymətləndirib.

Klub prezidenti uşaq və yeniyetmə futbolçularla təlim-tərbiyə işlərinin qeyri-qənaətbəxş səviyyədə olduğunu, bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini vacib sayıb. Hafiz Məmmədov qeyd etmişdir ki, “Bakı” futbol klubuna əxlaq normalarına riayət etməyən, ədəb-ərkan qaydalarını pozan və milli mentalitetimizə uyğun gəlməyən hərəkətlərə yol verən idmançılar lazım deyil. İstənilən futbolçumuz ən yüksək keyfiyyətlərə belə malik olarsa, ancaq yuxarıda sadalanan parametrlərə cavab verməzsə, o oyunçu heç zaman “Bakı” futbol klubunun formasında meydana çıxmayacaq.

Klub prezidenti ölkəmizin bütün futbol klublarının bizim üçün doğma olduğunu, hamıya eyni gözlə baxdığını, Azərbaycan futbolunun inkişafı üçün çalışan bütün insanların bir amala xidmət etdiklərini vurğulayaraq, konkret halda U-15 liqasının oyununda münaqişə yaşanan “Bakı” və “Neftçi” klubları arasında heç bir problemin olmadığını, bu iki klubun daim dost və qardaş münasibətlərlə seçildiyini qeyd edib.

Hafiz Məmmədov klubun bütün yaş qrupları üzrə komandalarının üzvlərinə “fair play” prinsiplərinin aşılanması, etika normalarına ciddi şəkildə riayət edilməsinə xüsusi diqqət yetirilməsini tələb edib.

Toplantıda klubun icraçı direktoru Yaşar Seyidovun “Kapital Bank U-15” liqasının final qarşılaşmasında yol verdiyi hərəkətlər müzakirə olunub. İcraçı direktorun hərəkətləri kəskin tənqid olunub, bunun yolverilməz olduğu diqqətə çatdırılıb. Yaşar Seyidovun oyundan sonra yaranan vəziyyətdə emosiyalara qapılaraq səhv addımlar atması pislənib. Klub prezidenti Hafiz Məmmədov İcraçı direktorun klubun formalaşmasında xidmətlərini, nöqsanlı hərəkətləri pis niyyət olmadan törətdiyini, klub kollektivin xahişini və onun səhvini dərk etməsini nəzərə alaraq Yaşar Seyidova şiddətli töhmət elan etməklə kifayətlənib.

Klub toplantısında mətbuat xidmətinin fəaliyyəti də geniş müzakirə obyektinə çevrilib. Hafiz Məmmədov xidmətin iş prinsiplərini analiz edərək, yer alan ciddi nöqsanlara toxunub. Xüsusən də, 7 iyun tarixində baş verən insidentlə bağlı klubun mövqeyini əks etdirməyən və klub prezidenti ilə razılaşdırılmamış rəsmi məlumatın klubun saytında yer alması Hafiz Məmmədov tərəfindən səhlənkarlıq və qeyri-peşəkarlıq kimi qiymətləndirilib. Bu məlumatın klubun rəsmi internet səhifəsi tərəfindən rəhbərliyin razılığı olmadan yayılması müəyyən olunub, buna yol verən şəxslər ciddi şəkildə cəzalandırılıb.

Yuxarıda sadalanan nöqsanların mövcudluğu klubun baş meneceri Zeynal Məmmədovun diqqətinə çatdırılıb və ona ciddi xəbərdarlıq edilib.

Hafiz Məmmədov yekunda xüsusi olaraq vurğulayıb ki, yaxın zamanlarda “Baghlan Group” şirkətlər qrupunun Avropa səviyyəsinə və standartlarına uyğun şəkildə yenidən formalaşması prosesi başa çatdırılacaq. “Baghlan Group”un bir hissəsi olan “Bakı” futbol klubunun yeni strukturu da bu tələblərə müvafiq şəkildə təsdiq ediləcək və onun fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcək.