Hakim “Kür işi”-ni araşdırmaqdan imtina etdi

hakim-kur-isi-ni-arasdirmaqdan-imtina-etdi
Oxunma sayı: 730

“Qafqazinfo”nun məlumatına görə, məhkəmədə iddiaçı və cavahdeh tərəf, həmçinin onların nümayəndələri iştirak edib. İddiaçı tərəfin hüquqlarını Media Hüquq İnstitutunun nümayəndəsi, vəkil Fariz Namazlı müdafiə edib. Məhkəməyə sədrlik edən Şərafət Məmmədova “Kür” Qərargahının hüquqi statusu olmadığını, dövlət qeydiyyatından keçmədiyini əsas gətirərək iddia ərizəsinin icraata götürülməsindən və məhkəmə prosesinin davam etdirilməsindən imtina edib.

Məhkəmədə çıxış edən Qərargahın koordinatoru Oqtay Gülalıyev bildirib ki, “İctimai birliklər və Fondlar” haqqında qanunun tələbinə uyğun olaraq ayrı- ayrı fiziki və ya hüquqi şəxslər birləşərək ictimai birliklər, fondlar, korporasiyalar, alyanslar və s. təsis edə bilərlər. “Mövcud qanunvericilik həmin birliklərin qeydiyyatsız da fəaliyyətinə məhdudiyyət yaratmır. Digər təfərdən isə hüquqi şəxslərlə yanaşı ayrı- ayrı fərdlərin də fərd və ya kollektiv halında dövlət qurumlarına müraciət etmək və ya informasiya əldə etmək üçün müəyyən sorğular göndərmək hüquqi var. Dövlət qurumları və vəzifəli şəxslər isə həmin müraciətləri sorğuları cavablandırmalıdır. Bizim istəyimiz odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC- nə ünvanladığımız informasiya sorqusu tam və əhatəli cavablandırılsın, 2004- 2011- ci illərdə meliorasiya və su təsərrüfatı işlərinə ayrılan vəsaitlərin həcmi, eləcə də bu vəsaitlərin müqabilində görülən işlər haqqında ictimaiyyətə məlumat verilsin”.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev bu günkü məhkəmənin çıxardığı qərarı qərəzli və qeyri- obyektiv hesab edərək Apelliyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Xatırladaq ki, Milli Büdcə Qrupu və ayrı- ayrı vətəndaş cəmiyyəti qurumlarının apardığı araşdırmaya görə 2004- 2011- ci illər ərzində Azərbaycanda meliorasiya, drenaj, suvarma və s. işlərin həyata keçirilməsi üçün Meliorasiya və Su Təsərrüfatı ASC- nə 1,1 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsait hesabına görülən işlər barədə sözü gedən qurum informasiya sorğularını cavablandırmaq istəmir. Aparılan araşdırmalar göstərir ki, 2010- cu ilin yazında daşqınların baş vermə səbəblərindən biri də Kür və Araz çayları ətrafında sahil bərkitmə və bənd vurma işlərinin keyfiyyətli aparılmaması, çayların lildən təmizlənməməsi və bu istiqamətdə ayrılan vəsaitlərin səmərli xərclənməməsidir.