“Hakimiyyət çox peşman olacaq”

hakimiyyet-cox-pesman-olacaq
Oxunma sayı: 657

Qafqazinfo xəbər verir ki, bunu Müsavat Məclisinin dünənki iclasında partiya başqanı İsa Qəmbər deyil. 31 Mart soyqırımından danışan İ. Qəmbər bildirib ki, Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunandan sonra bizə etimad olmadığından zaman-zaman etnik təmizləmələr həyata keçirməyə çalışıb: “Başqa xalqları burda yerləşdirməklə bizi əhəmiyyətsiz bir qüvvəyə çevirməyə çalışıb. Soyqırımına məruz qalanların əksəriyyəti müsəlman türklərdir. Türklərlə yanaşı tatlar, ləzgilər, yəhudilər də soyqırımına məruz qalıb. 1918-ci ildə Azərbaycanda yaşayan xalqların daşnak-bolşevik birləşmələri tərəfindən qətlə yetirildiyini hamımız bilirik. Bizim günahımız bu torpaqlarda yaşamağımız və sahib olmağımızdır. Bizi buna görə etnik təmizləməyə çalışıblar”.

Vicdan məhbusları ilə bağlı qəbul olunmuş sənəd haqda danışan Müsavat başqanı dedi ki, onların azadlığa buraxılması üçün mümkün olanları etsələr də hələlik onlar azadlığa buraxılmayıblar: “Amma yaxın zamanlarda hakimiyyət Arif Hacılı başda olmaqla bütün vicdan məhbuslarını azadlığa buraxmağa məcbur olacaq. Hakimiyyət bu addımı atmasa, həm daxildən, həm də xaricdən ciddi zərbələr alacaq. Beynəlxalq ictimaiyyət bəyan edir ki, bu ölkədə siyasi məhbusların olması biabırçılıqdır. Hakimiyyət isə siyasi məhbusların sayını artırmaqla məşğuldur”.

İ.Qəmbər Quba hadisələri ilə bağlı başlayan həbslərə də toxundu: “Müsavat Partiyası və İctimai Palata bəyan etmişdi ki, ölkədə vəziyyət bu cür davam etsə, sosial partlayış, xalq üsyanları qaçılmazıdır. “Yol xəritəsi” kimi bir sənəd hazırlayıb islahatların keçirilməsi üçün hakimiyyətə təqdim etdik. Bildirdik ki, proses qarşıdurmalarla davam edə bilər. Qulaq asmadılar. Nəticədə Quba hadisələri baş verdi. Qubalılar ləyaqətli insanlardır. Həqarəti qəbul etmədilər. Amma ölkədə rüşvətxorluq və dərəbəylik xalqımızı bezdirib. Buna görə də Qubada xalq öz ləyaqətini qorumaq üçün ayağa qalxdı və hakimiyyət Quba camaatının qarşısından geri çəkilməyə məcbur oldu. Amma indi məsələnin başqa bir tərəfi ortaya çıxır. Bu da Quba hadisələri zamanı həbs olunan insanlarımızdır. Hadisələr baş verəndə hakimiyyət heç kimin həbs edilməyəcəyini bəyan etmişdi. Həbs olunanların sayı gündən-günə artır. Absurd ittihamlarla jurnalistləri tutmağa başladılar. Deputat Vahid Əhmədov həmin gün Qubaya gedərək hakimiyyəti xalqın, xalqı isə hakimiyyətin qəzəbindən qorudu. Vahid Əhmədovun bu addımı təqdirəlayiqdir. Amma hakimiyyət sözünün arxasından qaçdı. Qubalıları aldatdı. O hadisələr yenidən baş versə, hakimiyyət Vahid Əhmədovu daha Qubaya göndərə bilməyəcək. Çünki qubalılar Vahid Əhmədovu da qəbul etməyəcək. Hakimiyyət verdiyi vədləri yerinə yetirməlidir. Yoxsa onun heç bir sözünə sabah etimad göstərilməyəcək”.

İsa Qəmbər qeyd etdi ki, hakimiyyət ölkə boyu insanlara təzyiq edir: “Dindarları həbs edib dövlətin təhlükəsizliyi üçün təhlükə olduğunu dedilər. Adamı tutub qarşısına üç seçim qoyurlar: narkotik, silah, ya da dövlət çevrilişi. Hüquq sistemində insanlara qarşı münasibətdə bu cür yanaşma var. Hakimiyyət daha iyrənc vasitələrə əl atır. Tanımış jurnalist Xədicə İsmayılın şəxsi həyatına müdaxilə edirlər. Bir insanın evində şəxsi həyatını çəkmək və ictimaiyyətə təqdim etmək əxlaqsızlıqdır. Hakimiyyət Müsavat adından istifadə edib videoları musavat.tv adlı bir sayta yerləşdirdi. Amma hamı bunu hakimiyyətin adı ilə bağladı”.

Müsavat başqanı əmanətlər məsələsinə də toxundu: “Araşdırmalar göstərir ki, hakimiyyət vətəndaşlara verilən əmanətlərdən qat-qat artığını mənimsəyəcək. Bir tərəfdən qəddar və məkrli hakimiyyətlə üz-üzəyik. Səhvə yol verməməliyik. Eyni zamanda, bitən bir rejimin olduğunu da bilməliyik. Hakimiyyətin bütün resursları tükənib. Azərbaycana diqqət gündən-günə artır. Beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana səfəri sürətlənir. Azərbaycanda çox önəmli hadisələr olacaq. Önəmli təşkilatların nümayəndələri ilə görüşəcəyik. Bu proses “Eurovision”a qədər pik həddə çatacaq. Hakimiyyət vicdan məhbuslarını azad etməyəcəksə, “Eurovision”da çox peşman olacaq. Hakimiyyətin görəsi günləri “Eurovision”dan sonra da davam edəcək. Bizim mövqeyimiz isə bəllidir. Biz ölkədə köklü islahatlar tələb edirik. Torpaqlarımızın işğaldan azad olunması üçün dövlətin özünü dövlət kimi aparmasını tələb edirik. Xalqın hakimiyyət Müsavat başda olmaqla siyasi partiyaların hakimiyyəti olacaq”.

İ.Qəmbər Müsavatın qurultayının qəsdən ləngidilməsi ilə bağlı fikirlərə münasibətini bildirərkən dedi ki, məqsədləri partiyaya layiq bir qurultayın keçirilməsidir: “Biz 8 aprel mitinqini razılaşdırılmış formada keçirmək istəyirik. Hakimiyyət başqa bir yer də təklif etsə, mitinq keçirməyə yararlı bir yer olsa, onu da müzakirə edəcəyik. Əks halda bizim alternativ qərarımız var. Biz özümüz hakimiyyətin qərarlarından asılı vəziyyətə salmayacağıq. Bu mitinqdə siyasi partiyaların, bitərəf təbəqələrin mitinqə nə dərəcədə hazır olduğu görünəcək”.

Müsavat başqanı çıxışının sonunda daha bir qərar açıqladı. İsa Qəmbər Muxtar Cəmilli, Nizaməddin Quliyev, Mərdan Mehdiyev və Yeganə Hacıyevanı özünə müşavir təyin etdiyini bildirdi.

musavat.com