Hakimiyyət Müsavata “yox” dedi

hakimiyyet-musavata-yox-dedi
Oxunma sayı: 686

Müsavat Partiyasının 100 illik yubileyi ilə əlaqədar oktyabrın 7-də Bakıda beynəlxalq konfrans keçiriləcək. 100-dən artıq qonağın iştirakı gözlənilən bu tədbirdə 100 yaşlı partiyanın avropalı müttəfiqləri və Türkiyə, Ukrayna, Gürcüstandan qonaqlar dəvətlidir.
“Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclunun “Yeni Müsavat”a bildirdiyinə görə, “Ammbassador” oteldə reallaşacaq beynəlxalq konfransa Azərbaycan hakimiyyəti təmsilçiləri, yerli siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri də dəvət olunublar. Xaricdən gələn qonaqlar arasında isə səfəri təsdiqlənəcək şəxslər bunlardır: “Avropa Parlamentinin üzvü, Finlandiyanın keçmiş baş naziri xanım Anneli Yaateemaki, Avropa Liberal Demokrat İslahatlar partiyasının vitse-prezidenti Dick Roche, Avropa Liberal Demokrat İslahatlar partiyası Katibliyinin rəhbəri Filip Hansen, Azadlıq Naminə Fridrix Naumann Fondunun Mərkəzi, Cənubi və Cənub-Şərqi Avropa ofisinin rəhbəri Dr. René Klaff, Hollandiyanın VVD partiyasının təmsilçisi Yan Dirk Blaau, Gürcüstan Respublikaçılar partiyasının sədri David Usupaşvili başda olmaqla partiyanın nümayəndə heyəti; Gürcüstan Yeni İqtisadiyyat Məktəbinin prezidenti Paata Şeşelidze, Azərbaycan Kültür Mərkəzinin nümayəndə heyətidir. Bundan başqa bir sıra Avropa təşkilatı nümayəndələri, Ukraynadan qonaqlar da dəvətlidir”. Səhər saat 9-dan axşam saat 7-dək keçirilən beynəlxalq konfransdan sonra isə ziyafət keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 8-də partiyanın yubileyini keçirmək üçün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə 10 gündən artıqdır rəsmi məktubla müraciət etsə də, BŞİH tədbirin keçirilməsinə yer ayırmayıb. Müsavat başqanının müavini Tofiq Yaqublunun “Yeni Müsavat”a verdiyi məlumata görə, iki həftə əvvəl meriyaya göndərilən məktubun cavabı dünən verilib: “Bizim nümayəndəmizi qəbul edib məktub verdilər ki, yubiley üçün yer ayrılması mümkün deyil. Onlar göstəriblər ki, bunun üçün meriyanın sərəncamında heç bir zal yoxdur. Yəni özəl müəssisələrlə danışmağımız təklif edilir. Görünür, yubileyi Müsavatın qərargahında keçirməli olacağıq”.

Müsavat başqanı İsa Qəmbər isə “Yeni Müsavat”a bildirdi ki, hakimiyyət bununla növbəti tərsliyini edir. “Məktubda qeyd etmişdik ki, məsələyə formal yanaşmasınlar. Yenə də Müsavata qarşı, Müsavat dəyərlərinə qarşı düşmən münasibət göstərməkdə davam edirlər. Bu, rejimin bioqrafıyasına növbəti qara ləkə kimi yazılacaq. Biz təbii ki, bayram tədbirlərimizi istənilən halda keçirəcəyik”, - deyə başqan vurğuladı.

Onu da bildirək ki, srağagün Azərbaycanın tanınmış ziyalılarının ictimai forumunda şair Ramiz Rövşən Müsavat Partiyasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin vacibliyini vurğulayıb. Şairin fikrincə, bu tədbirin dövlət səviyyəsində keçirilməsi hakimiyyətə yalnız başucalığı gətirə bilərdi.