Hakimiyyətdən “Azadlıq” qəzetinin ad gününə şok “hədiyyə”

hakimiyyetden-azadliq-qezetinin-ad-gunune-sok-hediyye
Oxunma sayı: 675

Dekabrın 25-də paytaxtın 4-cü mikrorayon ərazisində yerləşən “Qızıl Tac” restoranında “Azadlıq” qəzetinin 22 illik ad günü keçirilirdi. “Qafqazinfo” xəbər verir ki, ad günü keçirilən zalda şok anlar yaşanıb. Belə ki, məclis başlayan kimi restoranın işıqları söndürülüb və restoran rəhbərliyi qonaqlardan zalı tərk etməyi tələb edib. Restoran sahibi deyib ki, bunu da ondan tələb edirlər və qəzet rəhbərliyindən ona problem yaratmamağı xahiş edib. İşıqların söndürülməsinə baxmayaraq, ad günü dəvətliləri zalı tərk etməyiblər və tədbiri qaranlıqda davam etdiriblər.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid çıxış edərək bildirib ki, o bunu qəzetə qarşı vəhşi hərəkət kimi qiymətləndirir. O, restoranın pulunun əvvəlcədən ödənildiyini, bunun ciddi qanun pozuntusu olduğunu deyib və məsələylə bağlı məhkəməyə müraciət edəcəklərini vurğulayıb.

AXCP sədri Əli Kərimli isə sadəcə ad günü qeyd etdiklərini qeyd edib.

Tədbirə ölkənin bir sıra siyasətçiləri və jurnalistləri qatılıb.
Tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu baş vermiş hadisəni pisləyiblər.

Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli isə bildirib ki, məsələylə bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla telefonla danışıb. Ə. Həsənov baş vermiş hadisənin hakimiyyətlə əlaqəsinin olmadığını deyib. Həmçinin bildirib ki, məsələylə bağlı restoran rəhbərliyi ilə danışıblar və ad gününü qeyd etməyə heç bir problem yaradılmayacaq.

***

17:48

“Azadlıq” qəzetinin ad günü tədbiri bu şəkildə başa çatıb. Tədbir qaranlıq zalda keçirilib və qonaqlar çıxışlar ediblər. Restoranın sahibi sonda qəzet rəhbərliyindən və qonaqlardan üzr istəyib.