“Hakimiyyətin vasitələri köhnəlib, səmərə vermir”- Mövqe

hakimiyyetin-vasiteleri-kohnelib-semere-vermir-movqe
Oxunma sayı: 686

Bəzi ekspertlər isə bir az da qabağa gedərək obrazlı şəkildə “havadan, sudan və qurudan” ölkəmizə istiqamət almış inqilabın artıq “ayaq səslərinin” eşidildiyi barədə fikirlər səsləndirirlər.

AXCP sədri Əli Kərimli deyir ki, inqilab “havadan, sudan, qurudan” Azərbaycana yaxınlaşmamışdan qabaq Azərbaycan müxalifəti çağın tələbini düzgün qiymətləndirib: “Bir il bundan qabaq ölkənin əsas aparıcı təşkilatlarının, vətəndaş cəmiyyətinin geniş təmsilçiliyi ilə İctimai Palatanı (İP) formalaşdırıb. Bu günlərdə biz İP-in yaranmasının 1 illiyini qeyd edə biləcəyik. Əlbəttə, ötən 1 ildə dünyada çox hadisələr baş verib. Bu hadisələrin hamısının Azərbaycana mühüm təsiri var. Azərbaycan, əlbəttə ki, bir il bundan qabaqkı deyil. İP bir tərəfdən çalışır ki, hər hansı ”fors-major"a ümid bəsləmədən özünün fəaliyyətini fəaliyyət proqramına uyğun olaraq qursun, ardıcıl olaraq ölkəni, cəmiyyəti köklü demokratik dəyişikliklərə hazırlasın. Bunun üçün çox çətin gündəlik əmək sərf etmək, fəaliyyət göstərmək lazımdır. İP-in Koordinasiya Şurası, komissiyaları, yerli təşkilatları bu işləri görür. Demək olar ki, hər gün biz bu işlə məşğuluq - hər hansı bir xarici təsiri nəzərə almadan, hər hansı “fors-major” situasiyaya ümid bəsləmədən Azərbaycanın xilası, demokratik dəyişikliklərə qovuşması üçün hər gün addım-addım bu prosesə yaxınlaşırıq".
Ə.Kərimliyə görə, dünyada o qədər hadisələr, özü də dinamik baş verir ki, regionumuzda, o cümlədən ölkəmizdə də gözlənilməz hadisələrin baş verməsi istisna deyil: “Ona görə də İP ölkənin avanqard müxalifət birliyi kimi Azərbaycanda demokratiya uğrunda hərəkatın əsas qüvvəsi olaraq istənilən situasiyalara hazır olmaq vəzifəsini də öz üzərində hiss edir. Əlbəttə ki, müqayisədə götürəndə İP istənilən situasiyaya ən hazırlıqlı olan, nüvəsi kifayət qədər möhkəm, keçmişin təcrübəsini müasir texnologiyalarla əlaqələndirməyi bacaran bir vətəndaş hərəkatıdır. Bütövlükdə apardığımız mübarizə bir müddətdən sonra Azərbaycanın sülalə hakimiyyətindən xilasına, demokratiyanın bərqərar olmasına gətirib çıxaracaq”.
AXCP sədrinin fikrincə, hakimiyyət prosesləri önləmək üçün bütün gücü ilə çalışır: “Amma hakimiyyətin vasitələri köhnəlib, səmərə vermir. Bütün dünyanın avtoritar rejimləri həmin şeyləri edirlər. Bunlar nədən ibarətdir? Korrupsiya ilə qazanılmış pullar vasitəsilə vətəndaş cəmiyyətini satın almaq, müxalifətin hansısa qismini satın alıb yalançı müxalifət düzəltmək, parlamenti tam nəzarətdə saxlamaq, KİV-i maksimum satın alıb öz kontrolunda saxlamaq, maddi baxımdan susdura bilmədiklərinə qarşı repressiyaları şiddətləndirmək, insan haqlarını pozmaq, istənilən formalardan istifadə edərək müxalifətə qarşı kampaniyalar, o cümlədən ”qara piar" kampaniyaları aparmaq, müxalifəti parçalamağa çalışmaq, korrupsiya yolu ilə xalqdan soyduqları milyardların bir qismini gözdən pərdə asmaq üçün müəyyən sosial tədbirlərə və infrastruktur layihələrinə xərcləmək. Bu tədbirlərin hamısını Misirdən tutmuş Rusiya və Qazaxıstana qədər bütün avtoritar rejimlər həyata keçirib və keçirir. Azərbaycan hökuməti də artıq çeynənmiş vasitələrdən hələ də Azərbaycan xalqına və müxalifətinə qarşı istifadə edir".
Əli Kərimli tarixi dövrün özünün öz tələbləri olduğunu bildirdi: “Necə ki, bir müddət əvvəl - məsələn, 50-60-cı illərdə dünya, bəşəriyyət o tarixi mərhələni yaşayırdı ki, istər-istəməz hamı müstəmləkələrdən imtina etməli idi. Ən qəddar rejimlər belə müstəmləkələrini əllərində saxlaya bilmədilər. Yüz minlərlə insanı qırdılar, yenə də müstəmləkələrin müstəqilliyi elan olundu. Təqribən 10 ilin ərzində bu proses başa çatdı. İndi də anlamalıdırlar ki, artıq bu, tarixin sifarişi, qanunauyğunluqdur. İctimai inkişaf artıq yeni mərhələyə keçir və bu mərhələdə artıq avtoritar liderlərə yer qalmır. Kimin bir az ağlı varsa, o, üzüsulu getmək haqqında fikirləşməlidir. Kim daha çox müqavimət göstərəcəksə, o, daha acı tale yaşayacaq”.

musavat.com