“Halal olsun, belə müxalifətə!”

halal-olsun-bele-muxalifete
Oxunma sayı: 664

Tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altayın «Qafqazinfo», «Mia.az» saytları və «Reytinq» qəzetində hakimiyyətin cəmiyyətə qarşı haqsız-ədalətsiz mövqeyi barədəki sərt tənqidinə qarşı sərt cavab, «Azadlıq» qəzetindən gəlib. Qəzetin yazarı Elnur Astanbəyli İlqar Altayın hakimiyyətə tənqidi mövqe sərgiləməsini onun batan gəmini tərk etməsi kimi adlandırıb. Yazar 2008-ci il prezident seçkisində İlqar Altayın İlham Əliyevi dəstəklədiyini fakt kimi ortaya qoyaraq, indiki tənqidini sürətli qabıq dəyişməklə ikiləşmə adlandırıb. İlqar Altayın həmin yazıya münasibətini dərc edirik:


“Müsahibəmdə həqiqətən, hakimiyyəti qəlbən sərt tənqid etdim. Onun növbəti 8 illik inkişaf konsepsiyasının düzgün, kifayətedici təməl üzərində qurulmadığını bildirdim və buna görə hansısa nəticə verə biləcəyini şübhə altına aldım. Bu, mənim son illərdə hakimiyyətin cəmiyyətə qarşı ədalətsiz mövqe tutması, zəruri demokratik islahatlar aparmaması, xalqın gözlənilən ümid və inamlarını doğrultmaması ilə bağlı etirazım idi. Üstəlik, hakimiyyətin haqsız-ədalətsizlik hissindən doğan mənimsəmə və inkar siyasətini, müstəqil ziyalı və müxalifətin varlığının, gücünün inkar edilməsinin yanlışlığını sübut etməyə çalışmışdım.

Həmin müsahibə, 2003-cü ildən bəri, bu 8 ildə İlham Əliyev hakimiyyətinə yönəlik sərgilədiyim ardıcıl dəstək mövqeyimdən sonra ilk etiraz «aksiyam» idi. Bu etirazımı bu formada ifadə etməkdə düşünürəm ki, tam haqlıyam və bundan sonrakı fəaliyyətimdə susmayaraq, görüb müşahidə etdiyim bütün antiictimai neqativ halları obyektiv tədqiq və tənqid etmək fikrindəyəm. Eləcə də, ixtisas və təcrübəmə uyğun olaraq, ölkəmizdəki açılmamış ölüm cinayətləri, kriminal hadisələr, sıravi insanlara törədilən işgəncə və zorakılıqlar, ədalətsiz aparılan istintaq və məhkəmə proseslərini.

Təbii ki, hakimiyyətdən buna hansısa formada adekvat cavab gözləyirdim, o bunu mütləq etməli idi. Müxalifətdən isə, haradasa dəstək ola biləcəyinə ümid edirdim və normalda, bu da olmalı idi. Xüsusilə də, məlum «Moskva qeydləri» adlı məqaləmdən sonra buna gümanlı idim. Maraqlı və bir qədər də komik görsənən isə, o oldu ki, hakimiyyət bu cavabı müxalifətin «dəstəyi» ilə verdi. Gecikdirilmədən, bazar günü çıxmış müsahibəmdən sonra, «Azadlıq»ın elə ilk sayındaca.

Əslində, mənim iqtidarı əsaslı tənqidimin əsassız olması əsaslandırılır həmin yazıda. Bir qədər analiz edərkən təxmin etmək olur ki, bu iqtidarıqoruyucu sifarişli analitik yazı hansı xəttlə gəlib «Azadlıq»a düşə bilər. Bununla ehmallıca mesaj göndərildi ki, bax, İlqar Altay, biz öz bilavasitə imkanlarımızı işə salıb sənin xətrinə dəymirik, ağıllı ol, ehtiyatlı ol, özünü yaxşı apar, həmişə nəzarətimizdəsən, 8 ildəki xüsusi qeyri-müəyyən labirint-məkanı tərk etmə və bizim qüdrətimizi gör ki, istəsək, səni ən ucqar qütbdə belə, vura bilərik!

Halal olsun, belə müxalifətə! Bir qəzetində embarqo qoyulub (özü də, kənardan!) mənə qarşı və onu qoyan da hərdənbir, orada özünə lazım olanda işıqlandırılmağıma icazə verir. Digər qəzeti də ki, belə! İş ondadır ki, vaxtilə bu müxalifət üçün, öz liderlərinin də qeyd etdiyi kimi, bütün gücümlə səmimi dəstəyimi vermişəm. Elə hər iki qəzetin çətin günlərində də. Və haqlı olaraq, vaxtilə öz tədqiqatlarım və kəskin yazılarımla hansı fövqəlciddi məqamlara toxunduğumu bilib, mərhum Elmar Hüseynovdan da xeyli əvvəl qaranlıq növbədə durduğumu bilib, bütün bu illərdə (bu gün daha da çox!) özümün və ailəmin həyatına olan təhlükəni yaşadığımı yəqin edib, müraciət və müdafiə üçün həmin bu müxalifəti demokratik sivil dünya ilə yanaşı real güman və istinad yeri kimi görmüşəm!

İndi, məni düşündürən odur ki, sabah müxtəlif, açılmamış və ya açılmasına imkan verilməyən ölüm hadisələri, qlobal cinayətlər, qanunsuz həbslər və s. ədalətsizliklər haqqında ciddi əsaslı açıqlamalar verib çıxışlar etsəm, müxalifətdən dəstək əvəzində cavab atəşi gözləməliyəm? Məsələn, Əli İnsanovun qanunsuz mühakimə olunaraq həbsdə saxlanmasını sübuta yetirməli olsam, demokratik adlanan müxalifətdən cavab gələcək ki, niyə 2007-də onun məhkəmədə İlham Əliyevə qarşı ittihamlarını mətbuatda təkzib etmisən?

Bilmək lazımdır ki, bir insan yeri gəlsə, özü bir partiyadır. Lazım gəlsə, təkbaşına mübarizə aparıb bir-çox partiyalardan daha güclü rezonans yarada bilər. Hər alov qığılcımdan, hər inqilab fərdlərdən başlayır! Və burada bir məsələ maraqlıdır ki, bu qədər davamlı zülmlə, çətinliklə üzləşən, haqsızlıq və ədalətsizliyin bilavasitə dadını görən demokratik müxalifətin haqq-ədalət təfəkkürü barədə təsəvvürlər haçalanır...

Əvvəllər heç bir partiyanın və hərəkatın üzvü olmamış, həyatı boyu Ədliyyə Nazirliyi və digər xüsusi dövlət strukturlarında kriminalist-mütəxəssis kimi çalışmış, 2000-ci il parlament seçkilərində isə haqsızlığa məruz qalıb, etiraz edib, öz ərizəsi ilə işini tərk edib hakimiyyətə qarşı qısa, cəmi 3 il kəskin müxalif fəaliyyət göstərir. Həmin, tamamilə müstəqil və sərbəst şəxs sonradan, 2003-cü il proseslərinin nəticəsi olaraq, daxilən, konkret səbəblərlə əsaslandırıb mövqeyini yeni iqtidara doğru dəyişir. Səhv olur ya düz, bunu hələ zaman göstərəcək və bu ikinci məsələdir.

Buna isə, kifayət qədər əsas olur. O zaman proseslərin tam mərkəzində olduğu üçün beynəlxalq fövqəlgüclərin (o cümlədən də, demokratik) İlham Əliyevə yönümünü hiss etməsi. Müxalifət içərisində o zamankı (bu günkündən fərqli) qeyri-birlik və qeyri-səmimiliyi bilavasitə görməsi. Heydər Əliyevin son anda, hakimiyyəti öz komandası içərisindəki daha mütərəqqi əllərə tapşırdığını hesab etməsi və məhz bu yeni komandanın indiki çətin və mürəkkəb dövrdə ölkəni irəli aparacağını düşünməsi. Müxtəlif görüşlər, izahlar, tövsiyələr... Bu mövqe dəyişikliyini isə, çalışır ki, öz səmərəsiz perspektivi və gələcəkdə bir addım belə, irəli buraxılmaması hesabına da olsa, müxalifətə və narazı elektorata konkret ziyan vurmadan həyata keçirsin. Yeri gəlsə, bu barədə əsaslı fakt və sübutlar çoxdur.

Ancaq bütün bunlarla birlikdə, həmin-heç vaxt heç bir partiya, ya hərəkat qarşısında öhdəliyi olmayan sərbəst şəxsin mövqe dəyişikliyi müxalifətin müxtəlif yazarları və hətta funksionerləri tərəfindən həmişə acıqlı qarşılanıb və mütəmadi olaraq bu günə kimi kəskin tənqid olunur. Bu halın əslində haqsız və qərəzli olduğu kimi, ola da bilsin, bir qədər müsbət təsəlliverici tərəfi də var. Demək, yəqin ki, həmin sərbəst insan həmin qısa müxalif fəaliyyəti dövründə öhdəliyi olan partiya üzvü qədər yaxın və özününkü sayılıb və həmin qədər də ondan umulub və küsülüb. Bunda sözüm yox.

Yaxşı, indi mən də qarşılıqlı suallara başlayım ki, bu hünərli demokratiya, haqq-ədalət carçıları, müxalifətçi tənqidçilər birinci öz düşərgələrinə də bir nəzər yetirsinlər? Bəlkə bir az 1995, 2000, 2005-də mandata görə mövqelərini dəyişmiş və hətta partiyalarından imtina etmiş qos-qoca Elçibəy silahdaşları, hərəkat üzvləri və yüksək partiya funksionerləri barədə də yazsınlar? Bəlkə bir az 2010-cu il seçkiləri ərəfəsində dönüklük üçün uzunsıralı növbəyə düzülüb qəbul edilməynlər və bir az da, hazırda öz düşərgələrinin mərkəzində yəni, «BMT»lərinin, «Təhlükəsizlik Şurasında» oturub, çoxdan, təpədən dırnağadək dönmüşlər barədə də qeyd etsinlər?

Bəlkə bir qədər də «Azadlıq»ın da yerləşdiyi islahatçı müxalifət cəbhəsinin indiyədək «dönük» istehsalı üzrə rekord vurmasından, MSK-ya göndərdikləri demək olar ki, bütün nümayəndələrin hamısının dönüklük etmədən, salamat qayıtmamasından da yazsınlar? Analiz edib hesablasınlar ki, sərbəst, bitərəf mütəxəssis insanın mövqe dəyişikliyi daha qəbahətlidir yoxsa, qatı idealist müxalifətçinin?! Mən axı, məlumatlı və faktlı-sübutlu insanam, iqtidarın da, müxalifətin də anatomiyası barədə bilgiliyəm. Mən dəqiq bilirəm, 2003-cü il dindirmələrində kimlər hansı ifadələri verib və kimlərin hansı ifadələri barədə bu gün də susulur. Yekdil olaraq, həm iqtidar, həm də müxalifət tərəfindən. Öz dönüklərini dalbadal «əfv» edib bəraətləndirib, ictimai rəyə sırıyıb, yedizdirib «özgələr»dən yapışmaq nə dərəcədə ədalətlidir? Bu haqq-ədalət keyfiyyətini gələcək iqtidara daşımaq sonradan hansı fəsadları verər?

«Azadlıq»ın «obyektiv» durumu barədə sadə və tutarlı misal. Qəzetin baş redaktoru, müxalifətin məzlum, təmiz sayılıb, cəmiyyətə insanlıq, davranış dərsi keçən nümunəsi Qənimət Zahid bir neçə ay itdikdən sonra ailəsi ilə birlikdə Parisdə peyda olaraq, müxalifəti və cəmiyyəti mat qoyur. Oradan xəbər göndərir ki, sən demə, Bakıda ailəsinə təhlükə varmış, onları Avropaya, Fransaya gətiribmiş və konkret, bir daha oradan geriyə gətirməyəcək. Ertəsi gün Fransadan qəzəbli bir məqalə yollayır. Orada yaşayan azərbaycanlı soydaşlarımızın Azərbaycan hakimiyyəti barədə narazılıqlar bildirməsi, lakin, Bakıda ailə-qohumlarına xətər ola biləcək deyə, qəzetdə adlarının açıqlanmaması xahişlərinə görə. Baş redaktor məqaləsində hirslənir ki, bizimkilər təbiətən ailə-uşağına görə niyə belə qorxaqlıq göstərirlər?! Birtərəfli, nataraz düşüncə tərzi imkan vermir düşünülsün ki, axı, mən elə özüm bu saat ailə-uşağıma xətər qorxusundan dünyanın bu başındayam! Axı mənim özümə bunu irad tuta bilərlər!

İqtidarda gördüyümüz haqsız, ədalətsiz düşüncə tərzi görünür, bütünlükdə cəmiyyətə və oradan da müxalifətə hopub. Haqq-ədalət, obyektivlik ictimai qravitasiyanın əsas nüvəsidir. İnsanlar, toplumlar ancaq belə nüvənin ətrafına yığışır. Bəlkə, elə buna görədir, neçə illərdir müxalifət tədbirlərinə, çağırışlarına cəmiyyət, xalq hay vermir?! Ziyalılar, sıravilər qoşulmur, mitinqlərə dəstək verən yoxdur, baxmayaraq ki, İctimai Palata adlı ictimai əsaslı qurum yaradılıb...

Sonda, Elnur Astanbəyli bəyə təşəkkürümü bildirirəm ki, öz yazısı ilə mənə bir sıra fikirlərimi ifadə etməyim üçün fürsət yaratdı. Onu da bildirirəm ki, bu cavan bəy heç narahat olmasın, İlqar Altay xüsusi standartlara uyğun gəlməyən, müəyyən tələblərə cavab verməyən özünəməxsus, sərbəst insan kimi iqtidar gəmisinin heç kandarında da olmayıb. Ona da şükür!

Bir də, Elnur bəyə onu bildirim ki, tələsməsin, iqtidar gəmisi elə də tez batanlardan deyil. Batsa belə, onu dünənki partiya sədrindən «qorxaq», bu günkündən isə, «qəhrəman» statusu alan dil pəhləvanları və ya, taxta üsyançıları, Don-Kixotlar batırmayacaq. Bunu edə bilən, sözü ilə əməli taraz gələn hünərli, fədakar, bacarıq-qabiliyyətli, daha mərd, daha ürəkli və səmimi oğullar xalq içərisindədir və iqtidar da rahatdır ki, onlar meydanda deyil. Sizlər isə, yaxşı mövqedəsiniz. Bir tərəfə çəkilib pusun, marıtlayın, gözləyin və hərdən bir mübarizə görüntüsü yaradıb, atmacalar atın. Bəlkə, Allah istədi, iqtidar büdrədi, xaricdən təsir oldu və ya daxildən xəstələnib çürüdü, yıxıldı və «qələbə» əldə olundu?! Yıxılmışı sökməyə nə var?! Ancaq, belə qələbə ilə, belə potensialla 90 milyonluq ölkə qədər çətin, başıbəlalı Azərbaycanı idarə edib, bu yükü çəkib, onu irəli aparmaq olacaqmı? Bax, sual budur!

Bir də ki, Elnur bəyin özü qeyd etdiyi kimi, bu qədər nifrət və ikrahla dolu, böyük-kiçik saymayan cavan qəlbi və özünü dəlioğlanlığa qoyanlar üçün yaranmış münbit şərait onu bu gedişatla «Sitatın Sonu» verilişinə, ordan da deputat kreslosuna daşıya bilər! Ən böyük faciə də elə budur: xalqın, 40 minlik toplumun-seçicinin halal millət vəkili kreslosunu haqsız mənimsəmək!

P.S. Hörmətli oxucular üzrlü hesab etsin. Bu yazım, yazıya cavab həddini aşıb, xeyli uzun çıxdı. Fikirdir də, fürsət tapdıq, bölüşdük...

Bir də ki, belə sırf tərəfsiz yazını ölkədə bir qəzet belə, çap edə bilərdimi?

Qafqazinfo-dan isə xahişim odur ki, məqaləmə verilən qərəzli şərhlərə bir qədər az yer versin. Tək, tərəfsiz, müstəqil məqalə müəllifinin partiyası, qrupu və heç həvəsi də yoxdur, özü üçün xüsusi cavablar və ya dəstəklər təşkil etdirsin».