“Halal” sözü adamı aldatmaqdır...

halal-sozu-adami-aldatmaqdir
Oxunma sayı: 657

Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycan bazarlarındakı mövcud vəziyyət, o cümlədən keyfiyyət, qiymət və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

AİB sədri hesab edir ki, bəzi işbazlar "halal" standartı adı altında istehlakçıları çaşdırır, dini inancı olan insanların hissləri ilə oynayırlar. "Bir sıra ölkələrdə bu yöndə araşdırma aparılır. Bir çox ölkədə, o cümlədən Ermənistanda "halal" standartı adı altında satılan mallar görmüşəm. Bu standartın normalarını öyrənmək və araşdırmaq üçün Malayziya, İndoneziya, İsrail və başqa ölkələrlə danışıqlar aparmışıq. Türkiyədə xüsusən bu işdə maraqlı olan dini qurumlarla danışıqlar aparırıq. Bu məsələ ilə bağlı çoxsaylı görüşlərdə mənə verilən məlumatlar belə olub ki, bu vaxta qədər adı çəkilən müsəlman ölkələrində də "halal" standartını yaratmaq mümkün olmayıb. Türkiyəli həmkarlarımla söhbətdə belə qərara gəlinib ki, "halal" standartı "hasp" standartı üzərində yaranmalıdır".

E.Hüseynovun sözlərinə görə, "hasp" məhsulun tarladan istehlakçının stolunun üstünə çatdırılmasına kimi izlənməsi standartıdır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müstəqil qurum olmasını təklif edən Hüseynov ölkədə istehlakçıların hüquqlarının pozulması hallarının qarşısını almaq üçün buna böyük ehtiyac duyur.

E.Hüseynov ölkə bazarında monopoliya olan sahələri də sadalayıb. Onun fikrincə, çörəkbişirmə sahəsindən başqa bütün sahələr monopoliyadadır. "Ölkədə bu günə qədər Rəqabət Məcəlləsinin qəbul olunmaması bu sahədə ciddi problemlərə yol açır. Bazarda qiymətlər artan xətt üzrə inkişaf edir. Bir çox hallarda qeyd olunur ki, Azərbaycan iqtisadi böhrandan üzüağ çıxdı. Maraqlıdır, həmin zaman dünyada bir sıra məhsulların qiyməti artdığı bir vaxtda bizdə qiymət artımı elə də ciddi hiss olunmadı. Bu və ya digər göstəricilər bazarın monopoliyada olduğunu ifadə edən faktordur".

İstehlakçıların ən çox şikayət etdiyi sahələrə gəlincə, AİB sədrinə görə, şikayətlərin 40 faizi ərzaq, qalanı isə sənaye malları barədədir. "AİB-ə hər gün vətəndaşlar tərəfindən 10-12 şikayət daxil olur. Şikayətlərin böyük əksəriyyəti sənaye məhsulları ilə bağlıdır. Belə ki, istehlaçkılar daha çox süd və yağ məhsullarından şikayət edir".

Sonda Hüseynov onu da bildirib ki, qurum bütün sahələr üzrə istehlakçıların şikayətlərini qəbul etməklə yanaşı məhkəmə işlərində də onlara pulsuz yardım göstərir./ekspress.az/