Hamı türkcə danışır – Reportaj, Fotosessiya

hami-turkce-danisir-reportaj-fotosessiya
Oxunma sayı: 718

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycan mediasını təmsil edən bir qrup heyət də olimpiadanın rəsmi bağlanış mərasimində iştirak etdi. Açılışı iyunun 19-da Türkiyənin Ankara şəhərində baş tutan olimpiadanın bağlanış tədbiri İstanbulun möhtəşəm Sinan Erdem Spor Salonunda gerçəkləşdi. Dünyanın 130-dan artıq ölkəsindən olan uşaqların qatıldığı tədbir işinə olimpiada qaliblərinin çıxışları ilə yekun vurdu. Konsertində çıxış edən uşaqlar çıxışları ilə salonda oturan minlərlə insanı heyran etdi. Qanadan olan uşaqların Qara dənizlilərin horon rəqsini oynaması isə ən alqışlanan çıxış oldu. Hətta qanalı uşaqlar bu rəqsi peşəkarcasına oynadıqlarına görə ayaq üstə alqışlandılar.

Olimpiadada həmçinin Azərbaycan, İtaliya, Bosnia-Hersoqovinya, Ukrayna, Qazaxıstan, Türkmənistan, İndoneziya və digər ölkələrdən olan uşaqların ifasında türk dilində şeir, mahnı səsləndirildi, rəqslər oynanıldı. Azərbaycanlı iştirakçılardan - Mehbarə Zeynalova türk ədəbiyyatından şeir nümunələri söylədi, Qafar Samirov isə türk sazı ilə çalıb oxudu. Bosniyadan olan iştirakçı şüşə üzərində qumdan “Sultan Ahmet” camisini və Sultan Mehmetin rəsmini çəkdi. Tədbirin sonunda iştirakçılar tərəfindən olimpiadanın himni səsləndirildi.

Qeyd edək ki, olimpiadanın məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir. 2003-cü ildən başlayaraq ənənəvi şəkildə keçirilən bu olimpiadalara maraq ildən-ilə artır. Bunu olimpiadada iştirak edən dövlətlərin sayı da sübut edir. Belə ki, əgər 2003-cü ildə keçirilən ilk türk dili olimpiadasına 17 ölkə qatılmışdısa, sayca 9-cu olan builki yarışmada 130 ölkədən nümayəndələr iştirak edir.

Açılışı iyunun 15-də olmuş olimpiada 9 nominasiya üzrə yarışları mahnı, şeir, şərqi, tanıtım stendləri və s. müsabiqələri əhatə edir. Olimpiada çərçivəsində tədbirlər Türkiyənin paytaxtı Ankara ilə yanaşı ölkənin 34 şəhərində də keçirilib. IX Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi Azərbaycanda fəaliyyət göstərən türk liseylərindən və digər ümumtəhsil müəssisələrindən seçilmiş 45 məktəbli təmsil edir. Yeri gəlmişkən qeyd edək ki, bu göstəriciyə görə biz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədəyik. Ümumiyyətlə, Azərbaycan məktəbliləri bu beynəlxalq yarışmalarda həmişə öz fəallıqları ilə fərqlənmiş, müxtəlif nominasiyalar üzrə olimpiada medallarına sahib olublar.

Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edəcək məktəblilərin seçimi də Təhsil Nazirliyinin köməyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılıb. Şirkətin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizin verdiyi məlumata görə, seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında 3 mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilmiş "Ana dilini sevək, sevdirək" yarışmasında fərqlənənlər iştirak ediblər.

Nigar Məmmədli