Hansı qəzetlər çox satılır? - Siyahı

hansi-qezetler-cox-satilir-siyahi
Oxunma sayı: 1047

Adətən payız mövsümü başlayanda mətbuatın da satışı güclənir. Qəzetləri oxucuya çatdımaqda vasitəçilik edən mətbuat yayımı firmaları hazırda satışla bağlı hansı qənaətdədirlər?
Modern.az-ın əməkdaşı bu sualla bağlı aparıcı yayım firmaları ilə əlaqə saxlayıb.

“Qaya” mətbuat yayımı firmasının meneceri Fuad Hacıyev bildirib ki, bu yay aylarında qəzetlərin satışı çox aşağı düşübmüş. Ancaq sentyabr ayında satışda artımlar var.
“Həmçinin sentyabr ayında bəzi qəzetlərə abunə yazılışında da artım muşahidə olunur”.
F.Hacıyev deyib ki, indi ən çox satılan qəzetlər “Azərbaycan”, “Yeni Müsavat”, “Azadlıq”, krossvord qəzetləri, “Vergilər”, “Futbol+”, “Respublika”, “Super Market”, “KATV”, “Futbol Bukmeyker”dir”.

“Azərmətbuatyayım” ASC-nin sədri Suleyman Salmanov bildirib ki, onlar daha çox regionlarda satış işini həyata keçirirlər.
“Ona görə də qəzetlərin satışında mövsümə görə ciddi artım, yaxud da ciddi azalma müşahidə olunmur. Satışın faiz göstərcisi payız mövsümündə cüzi artır. Ancaq bizdən fərqli olaraq, Bakı şəhərində fəaliyyət göstərən mətbuat yayımı firmalarının qəzet satışında artım 10-12 faiz nisbətində olur. Tətil aylarında, yayda Bakıda qəzetlərin satışı düşür, dərslər başlayanda – sentyabr-oktyabrda satışın faiz göstəricisi yenidən qalxır”.
Daha çox hansı qəzetlərin satılmasına gəlincə, “Azərmətbuatyayım”ın sədri bildirib: “Bizdə faiz dərəcəsinə görə qəzetlərin satış cədvəli var. Mən konkret olaraq hansısa qəzetin adını çəkmək istəmirəm. Çünki əvvəllər özüm də qəzetdə işləmişəm. Qəzet rəhbərlərinin özləri bilirlər onların qəzet satışı hansı faiz dərəcəsindədi”.

“Metroservis” mətbuat yayım firmasının baş muhasibi Günel Cəfərova bildirib ki, yay mövsümünün başa çatmasına baxmayaraq, qəzetlərin satışında heç bir artım müşahidə olunmur.
“Yalnız bir-iki qəzetin satışında azacıq artım müşahidə olunur”.
“Daha çox hansı qəzetlər satılır” sualına baş mühasibin cavabı belə olub. “Ən çox ictimai-siyasi, idman və elan qəzetləri satılır. Siyasi qəzetlərdən “Azərbaycan”, “Respublika”, “Xalq”, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri, idman nəşrlərindən “Futbol+”, “Futbol Bukmeyker”, elan qəzetlərindən “Super Market” və “KATV” daha çox satılır. Faiz dərəcəsinə baxanda, digər qəzetlərə nisbətən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində daha çox artım müşahidə olunur”.

“Qasid” mətbuat yayımı firmasının pərakəndə satış şöbəsinin müdri Akif Qurbanov bildirib ki, sentyabrdan qəzetlərin satışında artım müşahidə olunur.
“Bu da ondan irəli gəlir ki, sentyabr ayında hamı işə qayıdır, yeni dərs ili başlayır və s”-deyə o, bildirib.
“Ən çox hansı qəzetlər satılır” sualına şöbə müdirinin cavabı belə olub:
“Siz özünüz yaxşı bilirsiniz daha çox hansı qəzetlər satılır. Bunlar elə də çox deyillər, 6-7 qəzet yaxşı satılır. Ad çəkməyə gəlincə “Futbol Bukmeyker” qəzetinin adını çəkə bilərəm. Bu qəzet nə qədər çox gəlirsə, o qədər də satılır”.