“Hansısa xarici təşkilatın bəyanatı heç nəyi həll etmir” - Müsahibə

hansisa-xarici-teskilatin-beyanati-hec-neyi-hell-etmir-musahibe
Oxunma sayı: 919





Azərbaycan Respublikası Milli Məclisinin üzvü, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadənin “Qafqazinfo”ya müsahibəsi



- Çingiz müəllim, uzun illər hüquq müdafiəçisi kimi fəaliyyət göstərmisiniz, indi isə millət vəkilisiniz. Öz təqdimatınızda bir fərq hiss edirsinizmi?

- Təbii ki... Bütün həyatım boyu çalışmışam ki, məsuliyyət hissini unutmayım. Hansı işdən yapışıramsa, onun məsuliyyətini dərk edim, müəyyən normalara riayət edim. Amma hüquq müdafiəçisindən fərqli olaraq millət vəkilinin məsuliyyəti daha ağırdır. Millət vəkili artıq orta mövqedən daha yüksək mövqedə durmaq deməkdir. Bu mövqe isə statusla bağlıdır. Bu baxımdan hesab edirəm ki, hüquq müdafiəçisi kimi mənim sərbəstliyim bir az alınıb. Çünki daha çox məsuliyyət var və bu məsuliyyət həm seçicilərim, həm də Azərbaycan cəmiyyəti və dövləti qarşısındadır. Millət vəkili olaraq fərqlənmə daha məsuliyyətlidir. Ona görə hər addımımıza nəzarət etməliyik.


- Bəzi jurnalistlərin, elə mənim də fikrimcə, Siz hüquq müdafiəçisi kimi daha çox işlər görə bilərsiz, nəinki deputat kimi...

- Deputat olmaq o demək deyil ki, hüquq müdafiəçiliyindən əl çəkmişəm. Elə bu gün mediada 2 aprel mitinqində həbs olunanlarla bağlı mövqeyimi bildirmiş, 3 nəfər şikayətçini qəbul etmişəm. Hüquq müdafiəçisi olaraq fəaliyyətim davam edir. Hesab edirəm ki, Milli Məclisdə də fayda verirəm. Artıq görünür ki, bu qurumda müəyyən peşə sahiblərinə daha çox ehtiyac var.

- Milli Məclislə bağlı bir neçə sualım var. İlk olaraq Milli Məclisdə hansı komitədəsiz?

- Hüquq siyasəti və dövlət quruculuğu komitəsində.

- Hazırda orada hansı qanun layihələrini müzakirə edirsiz?
- Bu gün eks-prezidentlərin və onların ailə üzvlərinin statusunu müəyyənləşdirən qanun layihəsi müzakirə olunacaq (müsahibə oktyabrın 5-də götürülüb-red).

- Qanun kimlərə şamil olunacaq?

- Konstitusiya ilə prezident səlahiyyətlərini icra etmiş şəxslərə və onların ailə üzvlərinə.

- Yəni, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev...

- Qanun fərdlərə və ayrı-ayrı şəxslərə görə qəbul olunmur. Lakin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, qanun qəbul edilərsə hər üç eks-prezidentə şamil olunacaqdır.

- Kimdən gəlib bu qanun layihəsi? Prezidentdənmi, yoxsa hansısa partiyadanmı?

- Bu qanun layihəsi bizə Milli Məclis adından paylanıb. Yəqin ki, müzakirədə daha çox detallarla yaxından tanış olacağıq.

- Çox yaxşıdır, hər üç şəxsin adı varsa...

- Konkret ad yoxdur. Layihədə qeyd olunur ki, Konstitusiya ilə prezident səlahiyyətlərini icra etmiş şəxslər. Bu da onu deməyə əsas verir ki, keçmiş eks-prezidentlərin hamısına şamil olunacaqdır. Hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi çox ciddi olacaq. Həm də hüquq müdafiəçisi kimi çox arzuladığım bir qanun layihəsidir. Çünki bu, ölkədə müəyyən gərginliyin aradan götürülməsinə xidmət edəcək, olduqca ədalətli humanist bir qanun layihəsidir.

- Həm də ki, arzuolunmaz xəbərləri eşitmərik. Məsələn, Elçibəyin ailəsinin borca görə işığı kəsildi...

- O xəbər çox təsir etdi bizə. Bu məsələnin həllində Fazil bəy, Qüdrət bəy, Novella xanım yaxından iştirak etdilər. Təbii ki, belə bir insanın ailəsinin işığının kəsilməsi xəbəri çox ağrılı idi... Hesab edirəm ki, bu qanun layihəsi qəbul olunandan sonra bu ailədə də artıq maddi imkansızlıq aradan götürüləcək və belə hallara yol verilməyəcək.

- Neçə dəfə deputatlığa namizəd olmusuz?

- Mən 5 dəfə namizəd olmuşam. Hesab edirəm ki, həmişə qalib olmuşam. Amma müəyyən səbəblərə görə ikinci yerdə olduğum elan olunub.

- Mənim bir müəllimim var idi, Tibb Universitetindən 5 dəfə kəsilib sonra qəbul olmuşdu. Siz də eyni taleni yaşamısız...

- Həyat mübarizədir. Mən 1990-cı ildə qalib elan olundum. 14 gündən sonra dairənin nəticələri ləğv olundu. Çünki o vaxt istəyirdilər ki, başqa adam olsun. 2006-cı ilin təkrar seçkilərində gecə qalib kimi elan olundum. Dörd məntəqə qalmışdı, oradakı səslər sayılandan sonra məlum oldu ki, mən 600 səslə ikinci yerə düşürəm. Hər halda, mənə elə gəlir ki, gərgin mübarizədə ikinci yerə nail olursansa, bu, artıq sənin cəmiyyətdə nüfuzunun olmasının göstəricisidir.

- 2006-cı ildə sizin seçkiyə qatıldığınız dairədən deputat olan Rəfael Cəbrayıllı indi də parlamentdədirmi?

- Bəli, həmin dairədən deputatdır. O da hüquqşünasdır, biz bir komitədəyik.

- Necədi münasibətləriniz? Ortada hüquq məsələsi var...

- Yox, heç bir problem yoxdur. Mən onu tələbə vaxtından tanıyıram. İndi bir yerdəyik, arxaya yox, irəli baxmaq lazımdır. Keçmişdə nə olub, kim kimdən incik olub və s. bunları kənara qoyub, gələcəyə baxmaq lazımdır.

- Parlamentdə danışırsızmı?

- Çox çıxış etmişəm. Məsələn, keçən sessiyada 5 dəfə çıxış etdim. Bir halda ki, parlamentdən danışırıq, istəyirəm bəzi məqamları da qeyd edim. Orada bəzən həmkarlarımdan kimsə kənardan eşitdiyi, gündəliyə aid olmayan məsələləri müzakirəyə çıxarır. Bu halda haqlı olaraq Oqtay müəllimin narazılığına səbəb olurlar. Amma millət vəkilləri də təkid edir ki, mən bunu demək istəyirəm. Mən 1990-cı illərdən ictimai–siyasi həyatdayam. Baxıram ki, bəzi həmkarlarım o fikirləri ictimai rəy üçün deyir. Bununla da parlamentin işinin effektivliyinə zərbə vururlar. Mən onlardan uzağam. Sadəcə olaraq, gündəlikdə olan qanun layihəsinə və xüsusi olaraq layihələrdəki hüquqi məsələlərə fikir bildirirəm. Bizim komitədən keçən qanun layihələri ilə bağlı da həmişə fikir bildirmişəm.

- Çingiz müəllim, hamı Sizdən gözləyəcək ki, Milli Məclisin iclaslarında siyasi məhbuslarla bağlı məsələ qaldırasız.

- Milli Məclisdə siyasi məhbuslarla bağlı məsələ qaldırmaqla heç kim heç nəyə nail olmayıb, olmayacaq da. O, yenə ictimai rəyə köklənən bir fikir olacaq. Bildiyiniz kimi, mən, həm də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvüyəm. Hörmət etdiyim həmkarlarım, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı ilə birlikdə bu istiqamətdə çox ciddi işlər görürük. Biz Milli Məclisə aidiyyatı olmayan fikirləri daha mötəbər yerlərdə demişik. Bunları Prezident Administrasiyasında, digər rəsmi şəxslərlə olan görüşlərdə demişik. Hesab edirəm ki, 2 aprel mitinqində həbs olunanlar azad olunana qədər o yük, parlamentdə söz alıb özünü mətbuata göstərən həmkarlarımdan fərqli olaraq, yenə bizim üzərimizdə olacaq. Biz onu kabinetlərdə, dəyirmi masalarda gündəmə gətirəcəyik.

- Yəni, əsas onun deyildiyi yer deyil, əsas onun uğrunda mübarizə aparmaqdır.

- O mübarizə gedir. Bu gün bizim siyahımızda 13 məhbusun adı var. Əlavə 4 nəfər haqqında da birinci instansiya məhkəməsində bu günlərdə hökm çıxarılıb, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayarsa, onların da adları bizim siyahımıza salına bilər.

- Siyahınızda kimlərin adları var?

- Əvvəldən məhkum olunmuş şəxslərdir, onların içərisində müxtəlif məsələlərə görə həbs olunmuş adamlar var. Amma biz çalışırıq ki, seçimlərdə son dərəcə ehtiyatlı olaq. Tutaq ki, Leyla Yunusun tərtib etdiyi siyasi məhbus siyahısında 70-80 nəfərin adı olduğu halda bizdə 13 nəfərdir. Niyə? Biz çalışırıq ki, kriteriyanı dəqiq müəyyənləşdirək. İlk növbədə Azərbaycan vətəndaşı olaraq dövlətin də mövqeyini dəstəkləməliyik. Əgər separatçı qüvvələr siyasi məqsədlər üçün Bakıda qatar, ya da metro partladıbsa, sonra həbs olunublarsa, mən onları necə siyasiləşdirə bilərəm? Əgər onlar terrorçudurlarsa, bütün dünya da terrorla mübarizə aparırsa onları siyasiləşdirmək olmaz. Digər dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşlarının həbs olunması da həmçinin. Biz siyahıya baxarkən gördük ki, doğrudan da mənəvi və hüquqi haqqı olan insanlar var və onlarla bağlı danışıqlarımız davam edir. Hətta xatırlayırsınızsa, cənab prezident əfv fərmanı verəndə bəzən fərmanın girişinə “hüquq müdafiə təşkilatlarının müraciətlərini nəzərə alaraq” ifadəsi yazılır. Bu, bizim işimizin nəticəsidir. Biz bu işi aparırıq və aparacağıq. Mütəmadi olaraq görüşlər keçirir, müzakirələr edir, rəsmi şəxslərlə əlaqə saxlayırıq.

- Sizin siyahıda Fərhad Əliyev, Əli İnsanov yoxdur?

- Bizim siyahıda Əli İnsanov və Fərhad Əliyevlə bağlı bir balaca fikir ayrılığı var. Bir qrup insan bunu tam siyasi hesab edir, bir qrup isə hesab edir ki, əməllərində həm vəzifə, həm də digər cinayətlər var. Buna görə də bu məsələyə bir az diqqətlə yanaşmaq lazımdır.

- Siz necə düşünürsüz, onları əfv etmək lazımdır?

- Əfv humanist aktdır və cənab prezidentin səlahiyyətinə daxildir. Mən həmişə sülhün və barışığın tərəfdarı olmuşam.

- Ruslan Bəşirli də bu siyahıda varmı?

- Bəli, var. Ruslan Bəşirli ilə bir neçə dəfə görüşmüşük. Bir neçə gün əvvəl Qobustanda olarkən bizim siyahımızda olan Şəmsi Səmədzadə ilə görüşdüm. Mən hesab edirəm ki, son bir nəfər də mübahisəli məhbus qalana qədər fəaliyyətimiz davam etməlidir.

- Mənim yadıma gəlir ki, vaxtilə gərgin mübarizə gedirdi. İşçi Qrup deyə bir qurumla müzakirələr gedir, qərarlar verilirdi. Nəticə o olmuşdu ki, 70-80 nəfərlik siyasi məhbus siyahısı yarıbayarıdan da çox azalmışdı...

- Bəli. Həmin İşçi Qrup bizdə olan mılumata görə, cənab prezidentin tapşırığı ilə yaranmışdı. Tək siyasi məhbus yox, məhbus problemlərinin həlli ilə bağlı fəaliyyətini yüksək dəyərləndirdiyim İşçi Qrupu idi. Dövlət tərəfindən İşçi Qrupda Fuad Ələsgərov da təmsil olunurdu. O zaman bəyan etdim ki, ingilisə, fransıza, ATƏT-ə, Avropa Şurasına yalvarmaqdansa, məsələləri özümüzün həll etmək imkanımız daha genişdir. Çox istəyirdim ki, orada bir çox məsələlər müzakirə olunsun. Lakin sonra müəyyən obyektiv və subyektiv səbəblərdən İşçi Qrupu fəaliyyətini dayandırdı.

- Artıq yeni siyasi məhbuslar da əmələ gəlib. Bəlkə bərpa olunma vaxtıdır?!

- Təbii ki, bu məsələdə dövlət orqanları daha maraqlı olmalıdır. O qrupa düşməyən bir neçə hüquq müdafiəçisi ictimai rəyi dəyişdirməyə çalışdı. Bəzi həmkarlarım Avropa Şurasından siyasi məruzəçi olmasını istədilər. Bizim Monitorinq Qrupundakı hüquq müdafiəçiləri bunun əleyhinə olduq. Biz hesab edirdik ki, o məsələləri özümüz masa arxasında həll etməyimiz daha yaxşı olardı. Bəzi siyasi partiyalar tərəfindən Avropa Şurasına müraciətlər göndərildi ki, biz istəyirik hansısa bir “dayı” burada məsələləri həll etsin. Nəticədə nə oldu? Siyasi məruzəçi təyin olundu və dərhal İşçi Qrupunun fəaliyyəti dayandı. Üç ilə yaxın vaxt keçib, lakin hələ də siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasser Azərbaycana gəlməyib və gəlmək də istəmir. Çünki o, tənbəl və passiv bir adamdır.
Bizim gördüyümüz uğurlu işlər dayandı, ümidini məruzəçiyə bağlayan siyasi partiyalar, hüquq müdafiəçiləri də əliboş qaldı. Zaman göstərdi ki, Çingiz Qənizadə siyasi məruzəçinin əleyhinə olmaqda haqlı idi.
Avropa Şurasının məruzəçi təyin etməsində də narazılıq etdik. Nə üçün yalnız Azərbaycan üçün məruzəçi təyin edilsin? Ermənistanda vəziyyət olduqca pisdir, 2008-ci il prezident seçkiləri, 12 nəfərə yaxın insanın ölümü, yüzlərlə həbs,Gürcüstanda Rusiya ilə müharibə, insan haqlarının pozulması və s. Tələb etdik ki, onda məruzəçi təyinatı bütövlükdə Cənubi Qafqaz, hər üç respublika üçün təyin olunsun. Lakin qərəzli olaraq siyasi məruzəçi təkcə Azərbaycan üçün təyin olundu. Azərbaycan hökuməti də haqlı olaraq onunla işləməyə maraq göstərmir.

- Həm jurnalistlərin həbs olunması, həm də siyasi məhbusların azad olunması məsələsində hiss edirəm ki, Azərbaycan hökuməti meydan oxuyan kimi görünür. Həbs edilənlər ölkə rəhbərliyindən əfv istəməsə azadlığa buraxılmırlar...

- Çox düzdür. Siz də o səlahiyyətdə olsanız, deyərsiz ki, məni burda qoyub, mənə təzyiq forması ilə nəyəsə nail olmaq istəyirsinizsə, buyurun.

- Yəni, prezident Eynullanı ona görə əfv etmirdi ki, bütün dünya təzyiq edirdi. Sonra hamı toxtayıb oturdu, prezident əfv etdi...

- Bəli, Eynulla prezidentə müraciət etdi. Məktubun mətni açıqlanmır, amma ondan sonra prezident onu əfv etdi. Bu gün Azərbaycan rəsmiləri hər hansı bir ultimativ təzyiqlə heç bir məsələni həll etməyəcək. Bəzən həmkarlarımız belə hesab edir ki, hansısa beynəlxalq təşkilat bəyanat verib, guya nəyəsə nail olacaqlar. Lakin bu cür məsələləri öz ölkəmizdə həll etmək imkanı daha genişdir. Hansısa xarici təşkilatın bəyanatı bu gün heç nəyi həll etmir.

- Ölkənin gündəmində olan hər şeylə bağlı Sizdən soruşmaq olar. Ona görə ki, adam Sizin adınıza sanki sığınacaq yeri kimi baxır. Bir həftə əvvəl ölkə həyatında çox böyük hadisə baş verib. Ola bilsin Azərbaycan reallığında adi bir haldır, ancaq mənə görə böyük bir hadisədir. Azərbaycan ordusunun əsgəri öldü. Hətta belə demək olar ki, onu öldürdülər. Siz də bu prosesi izlədiz, nə düşündüz?

- Mən sizə tam səmimi deyirəm, dünən axşam biz, dörd nəfər hüquqşünas Dənizkənarı bulvarda gəzərkən bu məsələni müzakirə etdik. Çox ürək ağrısı ilə qarşıladıq. Əgər Azərbaycanla Türkiyə arasında ildə 50-55 nəfər insanın müalicəsi ilə bağlı müqavilə var idisə, bu gəncin həyatı təhlükədə olduğu halda niyə onu xəstəxanaya son nəfəsində apardılar? Niyə yolda dünyasını dəyişməli idi? Axı bu insanın ölüm ayağında olması təbilini 15 gündən çox idi ki, mətbuat çalırdı. Yazırdılar ki, əsgər öləcək. Mən inanıram ki, bu məsələ ölkə rəhbərliyinin diqqətindən kənarda qalmayacaq. Bu işdə bizim hərbi həkimlərimizin çox böyük səhlənkarlıqları vardır. Bu cinayətdir. Bu fakt ən xırda detallarına qədər istintaqda araşdırılmalıdır. Mən çox istərdim ki, o işin istintaqında ictimai nəzarət, parlament nəzarəti olsun. Ola bilər ki, növbəti iclasda məsələ qaldıraq. Söhbət bizim yüzlərlə əsgərimizə diqqətdən gedir, onların hər birinin başına belə bir iş gələ bilər. Hesab edirəm ki, bu hadisə həkimlərin cinayətkarcasına məsuliyyətsizliyi nəticəsində baş verib.

- Mən yazılarımdan birində də yazmışdım ki, belə hallar niyə baş verməldir? Bu hadisələr bizim özümüzü hüquqsuz hiss etməyimizə səbəb olur. Yəni bu qədər etinasızlıq ola bilərmi?!

- Bu gün cəzasızlıq hökm sürür. Bu gün bəzi vəzifəli şəxslərin törətdiyi əməllərə görə cəzasızlıq var. Mən hesab edirəm ki, ciddi cəzalar tətbiq olunmalıdır.

- Mən heç vaxt öz rayonumuz haqda yazmamışam, qorxmuşam ki, obyektivliyi qoruya bilmərəm, amma son vaxtlar Biləsuvardan ondan çox adam mənə zəng etdi ki, bizim danamızı oğurlayıblar. Əvvəl dedim ola bilsin canavar aparıb. Dedilər ki, yox burada ağır məsələ var. Biləsuvar sakinləri keçib İrandan Daxili İşlər Nazirliyinə teleqram vururlar. Çünki dana oğrusu icra başçısının müavininin qardaşı oğlu imiş. Belə çıxır ki, bu ölkədə icra başçısı müavininin qardaşı oğlunun da qabağını ala bilmirik, eləmi?

- Mən çox istəyərdim ki, yerlərdə hüquq-mühafizə orqanları və ədalət mühakiməsini həyata keçirən rəhbərlər bir balaca müstəqilliklərini bərpa etsinlər. Əgər o rayonun prokuroru, polis rəisi kifayət qədər cəsarətli addım atsaydı, həmin oğru kimin oğlu olur-olsun, məsələ bu qədər böyüməzdi. Mənə elə gəlir ki, bəzi yerlərdə hüquq-mühafizə orqanlarının rəhbərləri icra başçılarından çəkinirlər. “Dəymə mənə, dəyməyim sənə”, prinsipi ilə günlərini keçirirlər. Belə olanda da bu tip məsələlər ortaya çıxır. Məlumatlardan məlum olur ki, oğru vəzifəli şəxsin qohumudur. Mən vəzifəli şəxsi ittiham etmirəm, bəlkə də yaxşı işçi, yaxşı insandı, amma qohumluq əlaqəsinə görə onun əməlinə göz yumulursa, cinayətkar cəzasız qalırsa, bu halda dövlət sarsılacaq, dövlət orqanlarına inam azalacaq. Bir tərəfdən dövlət başçısı rayonlara səfər edir, açılışlar edir, digər tərəfdən hansısa bir rayonun kiçik məmuru bütün bunları alt-üst edir. Öz rayonunda ictimai rəyi dəyişir. Buna görə də hüquq-mühafizə orqanları bir az operativ olmalıdırlar.
Ötən ayın 29-da Qobustanda məhbuslarla əfv fərmanı ilə bağlı maarifləndirmə işi aparırdım. Orada 20 yaşlı bir gənc dedi ki, Çingiz müəllim mən 3 kilo yağ oğurlamışam. Vəkilə 10 manat pul verdim, amma mənə 3 il iş verdilər. 3 kilo yağ cinayətdi, amma 3 kilo yağa görə 19-20 yaşlı gənci məhv ediriksə, bu tərəfdən də minlərlə manat dəyərində mal-qara oğurlayan azadlıqda gəzirsə, nizam tərəzi itmiş hesab olunur. 3 kilo yağ oğurlayan əsgəri həbs etmək lazım deyildi, başqa formada cəzalandırmaq olardı. Amma onlarla dana oğurlayan adam azadlıqda gəzir. Rəhmətlik Heydər Əliyevin bir sözü var: “Dövlət iki halda sarsılır - cinayətkar cəzasız qalanda, günahsız isə cəzalandırılanda.”

- Siz İmişli-Beyləqandan millət vəkili seçilmisiz. Əvvəllər Əhəd Əhmədov oradan deputat seçilib. Orada vəziyyət necədir bərbad deyil?
- Mən istəmirəm keçmiş deputatın arxasından danışım. Mənə görüşlərimdə deyirlər ki, biz görməmişdik ki, namizədlər seçki ərəfəsində və hətta seçildikdən sonra gəlib kəndlərdə camaatla görüşsün, açıq söhbətlər etsin. Eyni zamanda, mən insanlara söz vermişdim ki, seçkidən sonra ən azından ildə bir dəfə hər bir kəndə gəlib seçicilərimlə görüşəcəm. Dairəmdə 50-yə yaxın kənd vardır. Seçkidən 6 ay sonra həmin kəndlərin 70 faizində təkrar görüşlər keçirmişəm. Noyabrın sonuna qədər qalan digər kəndlərdə də görüşlər keçirəcəm.

- Orada ictimai rəy necədir?

- Çox normal. Seçkiqabağı kampaniyada mən demişdim ki, sizə yol çəkmək, işıq çəkmək sözlərini vermirəm, amma regionların sosial- iqtisadi inkişafı ilə bağlı görülən işlərə nəzarət edəcəm, həmin işlərin sürətlənməsinə köməklik göstərəcəm. Rayon rəhbərliyinin mənə verdiyi məlumatlara görə, əhali yığıncaqlarda, tədbirlərdə məndən hələlik razılıq edir.

- Amma bəzi deputatlarla icra başçıları yola getmir.

- Çox təəssüf ki, belə hallar var. Mənim hər iki rayonun icra başçıları ilə münasibətim çox yaxşıdır. Mən bir dairənin nümayəndəsiyəm, onlar isə bütün rayonun. Ona görə də hesab edirəm ki, icra başçıları ilə münasibəti qoruyub saxlamaq lazımdır.

- Siz bir həftə əvvəl yazı yazmışdız. Düşünürdüz ki, BBC-də Kəmaləddin Heydərova qarşı göstərilən reportaj düzgün deyil.

- Mən, BBC-nin verdiyi informasiyanın təkcə Kəmaləddin Heydərova qarşı olduğu üçün deyil, həm də Azərbaycan dövlətinə qarşı olduğu üçün həmin yazını yazmışdım. Başqa Avropa kanallarında da Azərbaycan əleyhinə materiallar gedib. Amma məhz boks üzrə dünya çempionatının Azərbaycanda keçirildiyi bir vaxtda, vaxtilə Federasiyadan uzaqlaşdırılmış şəxslər tərəfindən bu informasiyanın ötürülməsi onu deməyə əsas verir ki, bu, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdür.

- Kəmaləddin Heydərovla əlaqəniz var?

- Yox. Bir dəfə “Buta”da görüşmüşəm. Şəxsi tanışlığım yoxdur!

- Sonuncu seçkilərdən sonra sizə qarşı qınaq hiss olunur. Mətbu orqanlarda “Çingiz Qənizadə də mövqeyini dəyişdi” məzmunlu yazılar yazılır. Sizə qarşı “hakimiyyətə sığındı” iddiaları da var...

- Bəli, xüsusilə də bir-iki qəzet var ki, onlar birmənalı olaraq mənə qarşı qərəzli yazılar yazır. Çox maraqlıdır ki, mənimlə bağlı heç bir məsələdə mənim fikirlərimi öyrənmirlər. Hakimiyyətə sığındı nə deməkdir? Hakimiyyətdə olanlar da Azərbaycanın övladlarıdır, onlarda vətəni, torpağı sevirlər. Bu ölkəni niyə parçalayaq? Mən harada pis nə görürəm, onu da deyirəm... Təəssüf ki, ölkədə rüşvət, korrupsiya halları vardır və bir neçə nəfərin həbsi ilə problem həll olunmur. Belə hesab edirəm ki, rüşvət və korrupsiyaya, inhisarçılığa qarşı mübarizəni daha da gücləndirmək lazımdır. Bir gündə 3-5 vəzifəlinin həbsinə sanksiya vermək üçün əsaslar var. Bolşevik təfəkkürlü insanlar çoxdur. Bəziləri kimsə qabağa gedən kimi onun əleyhinə yazılar yazır. Düşünür ki, o niyə qabağa getdi, mən qaldım. Müxalifətçilər arasında belə təfəkkür sahibləri daha çoxdur. Mən hakimiyyətə sığınmaq barədə iddiaları qəbul etmirəm.

- Yəni sizə qarşı yönələn “hakimiyyətə sığındı” iddialarını qəbul etmirsiz...

- Heç vaxt. Hakimiyyətdə çox hörmət etdiyim insanlar var və dostlarım var. Çünki mən Bakı şəhər prokuroru işləmişəm, general rütbəsində olmuşam. Mən səlahiyyət sahibi olarkən bu gün hakimiyyətdə olan insanların çoxunu tanımışam və hörmətlə yanaşmışam. Mən həmişə etikanı qorumuşam. Hakimiyyətlə yanaşı, müxalifətdə də dostlarım var. Çalışıram ki, münasibətlər də, mübarizə də sivil olsun və bundan insanlar əziyyət çəkməsinlər.


- Sizin partiya təmsilçiliyiniz olmayıb?

- Mən 1995-ci ildən heç bir siyasi partiyanın üzvü deyiləm. Hüquq müdafiəçisi olaraq bir müddət mən siyasi təşkilatların təsiri altında olmuşam. Yer veriblər oturmuşam, müəyyən məsələlərin həllində bir yerdə olmuşuq. Sonra anladım ki, hüquq müdafiəçisi tam müstəqil olmalıdır. Bunu, həm də Avropa dəyərləri bizdən tələb edirdi. O baxımdan artıq 2003-2004-cü ildən tamamilə başqa ofisə köçəndən sonra yavaş-yavaş müstəqilliyimi bərpa elədim. Bununla da müxalifətə “bu gündən tam sərbəstəm və heç kimin təsiri altında olmayacam” mesajını vermiş oldum. Bu mənə çox uğur gətirdi. Ona görə ki, həm müxalifətin, həm də iqtidarın “qapı”sını açır, onlara “sən burada səhvsən”, “buna kömək et”, “onu tutma”, “bunu burax” və s. fikirlərimi söyləmək imkanım yarandı. Müstəqillik mənə daha çox uğur gətirdi və hazırda heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur.

- Bəzi hüquq müdafiəçiləri də, siyasətçilər də düşünürlər ki, 2 aprel aksiyasına görə həbsdə olan insanların günahı İsa Qəmbərdədir. Çünki, vaxtsız, düşünülməmiş, nəticəyə hesablanmamış aksiya keçirdilər və nəticə də göz qabağındadır...

- Bəli. Aksiyanın keçirilməsinə qərar verən partiyaların rəhbərləri məsuliyyət daşıyırlar. Çünki aksiyanın məhz həmin yerdə olmasına rəhbərlik qərar verib. Fəvvarələr meydanı kimi əhalinin istirahət etdiyi, gur olduğu yerlərdə aksiya keçirmək nə qədər düzgündür? Həmin meydanda təsadüfən hər birimizin ailəsi də ola bilər, aksiyada ayaq altında qalar, istirahəti pozula bilər. Mən yenə deyirəm ki, aksiyaların əleyhinə deyiləm, ölkənin sağlam müxalifəti olmalıdır və o müəyyən yerlərdə öz fikrini ifadə etməlidir. Mən Bibiheybəti də qəbul etmirəm. Çünki aksiya üçün həmin ərazini normal yer hesab etmirəm. Daha münasib yer ayırımaq olar.
Mən sizinlə razıyam ki, təşkilati işi görənlər məsuliyyət daşıyır. Bu gün nə baş verdi? Arif Hacılı lider olaraq tutulub, gənclər həbsdədir. Onlardan əvvəl çox savadlı gənc olan Cabbar Savalanlı Sumqayıtda həbs olunub. Biz onun həbsi ilə bağlı narahatlıq keçiririk. Sizi inandırıram ki, həbs olunanların ailəsində vəziyyət olduqca pisdir. Bəlkə onların imkanı da olmayacaq ki, həbsdə olan doğmalarına ərzaq aparsınlar.
Müxalifət rəsmiləri aksiyaları keçirən zaman yüz ölçüb bir biçməli,düşünməlidirlər ki, onların mənasız qərarları nəticəsində çoxlu sayda insan əziyyət çəkəcək. Bunun mənəvi məsuliyyəti də var.

- 2013-cü ildə Azərbaycanda prezident seçkiləri olacaq. İndidən ölkədə aktivlik hiss olunur, qruplaşma əmələ gəlib. Tərəflər artıq öz mövqelərini müəyyənləşdiriblər. 2013 prinsipial məqamdır. Siz necə düşünürsüz, İlham Əliyev yenə namizəd olacaqmı?

- Qanun cənab prezidentin namizəd olmağına imkan verir. Bilirsiz, insanlar artıq indiki müxalifətdən doyublar. Mən rayonlarda, kəndlərdə oluram. İmişli-Beyləqan siyasi aktiv rayonlardır. Milli azadlıq hərəkatı dövründə həmin rayonlar 5-6 aktiv rayondan biri olub. Həmin rayonların kəndlərində bu gün söhbət edirik, baxıram ki, hər kənddə vaxtilə 5-6 nəfər müxalifətdə olan adam var idisə, indi onlar kənd təsərrüfatı ilə məşğul olur, 5-10 mal-qara alıb ailəsini dolandırmaqla məşğuldurlar.
Mən deyə bilmərəm, cənab prezident namizədliyini verəcək, yoxsa yox. Amma vermiş olsa, indiki analiz onu göstərir ki, heç bir problem olmadan qalib gələcək. Bir şeyi də qeyd edim. 2008-ci ildə prezident seçkilərini müşahidə etmək üçün bizim Hüquq Müdaifə Təşkilatlarının Monitorinq Qrupu seçki günü müxtəlif tədbirlər həyata keçirirdi. Eyni zamanda, biz “Qaynar xətt” yaratmışdıq, şikayətləri qəbul edirdik. Sonda Novella xanım, Səidə xanım, Səadət xanım və mən müsahibələr verdik ki, yüz faiz əminliklə deyə bilərik ki, İlham Əilyev seçkiləri udub, heç bir saxtakarlıq olmayıb. Bu gün artıq dövlət büdcəsi 20 milyarda çatıb, regionların sosial-iqtisadi inkişafı istiqamətində çoxlu işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Kəndlərə qaz verilir, yollar çəkilir, işıq problemi artıq aradan qaldırılıb, yeni-yeni iş yerləri açılır, insanların maddi rifah halı yüksəlir, ölkədə əmin-amanlıq hökm sürür və s. Bütün bunların hamısı cənab prezidentin adı ilə bağlıdır. Mən hesab edirəm ki, qələbə qaçılmazdır!

- Milli Məclisdə deputatlar iki-iki, üç-üç otururlar, siz kiminlə oturursuz?

- Mən elə hamı ilə. Ola bilər ki, həmkarlarımın içində bir az passiv, bir az aktiv olanları var, o baxımdan onları ayırmaq istəmirəm. Gözəl insanlardır. Hazırda Aqil Abbasla bir yerdə otururam. Parlamentin foyesində isə istənilən millət vəklili ilə. Bir masa arxasında oturub, diskusiyyalar edirik. Çox normal, sağlam şərait var.

- Heç bir qruplaşma yoxdur?

- Yox. Mən həmişə qruplaşmanın əleyhinə olmuşam. Mən hüquq müdafiəçisiyəm. Mən müstəqil və sərbəst olub barışdırıcı mövqe tutmalıyam.


Söhbətləşdi: Elbrus Ərud