“Haramı”da seks qalmaqalı…

haramida-seks-qalmaqali
Oxunma sayı: 1234

Niyə Şərifin hələ oxumadığım kitabından yazmaq istədim.
Sözün düzü, bu gün (dünən) hava çox isti idi. Hava məlumatını rəsmi deyənlər istinin 42 dərəcə olduğunu bildirsələr də, qulaqlara pıçıldadılar ki, hərarət 50-52-dən aşağı olmayacaq. Yəni hamı kimi hava məlumatını deyənlər də saxtakarlıq etdilər. Sözüm onda deyil.

Belə bir qızmar havada "Qafqazinfo" xəbər saytı Şərifin kitabından bir parçanı gündəmə gətirdi. Həmin epizodda qadının fahişə, kişinin isə heyvani hisslərinin cuşa gəldiyi an təsvir olunub. Qəribədir, bəzən özünü namuslu sayan qadın kişiylə yatağa girəndə fahişə olduğundan pataloji həzz alır. Bəzən isə ən mühafizəkar kişi qadınla vəhşi heyvani instinqtlə sevişmək üçün əldən gedir. Bu baxımdan, seks yeganə sahədir ki, psixoloqlar bu barədə stabil və ümumi bir fikir deyə bilmirlər. Elə Şərif də üzünə ələk tutmağı yadından çıxararaq bu intim səhnəni türkün məsəli, nəyi var yeridib oxucunun qızmış intellektinə. Sanki bu təzadlar günün mozaikası ilə uzlaşır: bir yandan qızmış ehtiraslar, bir yandan da havanın müəmmalı temperaturu. Gör, indi həmin epizodu oxuyan nə vəziyyətə düşür. Elə epizoda yazılan şərhlərdən də "nəyin nə yerdə olduğunu" anlamaq çətin deyil.

Kitabı oxumadan fikir bildirmək təbii ki, düzgün olmazdı. Amma elə məqamlar var ki, yazar nəzərə almalıdır. Hətta italyan yazıçı Covanni Bokaçço belə "Dekameron" əsərində öz qəhrəmanlarına bu qədər açıq-saçıq sevişmək imkanı verməyib. Şərif Ağayar isə bu barədə xəsislik etməyib, iki obrazın şəxsi hisslərini pornoqrafiq ampulada oxucunun gözünə soxub. Təbii ki, bu epizodu verməkdə məqsəd kitaba diqqətin cəlb olunması da var. Amma bu, tamam başqa bir mövzunun söhbətidir.

Mən Şərifə "sən millətini sevmirsən, milli adət-ənənəyə sadiq deyilsən" kimi fikirlərlə öyüd-nəsihət vermək fikrindən uzağam. Bu sözlər heç ona lazım da deyil. Çünki onun 20-30-dan çox köşə yazısını oxumuşam. Və təqribi fikrilər kolleksiyasına bələdəm. Sadəcə, bir lətifəni diqqətinizə çatdırmaqla Şərifin kitabındakı pornoqrafik epizoda münasibət bildirmək istəyirəm.

Molla Nəsrəddinin yanına bir qrup kişi şikayətə gəlir. Bəs şəhər qazisi o qədər qudurub ki, qızına 40 dənə tuman alıb geyindirib. Molla da tövrünü pozmadan həmin kişilərə deyir ki, istəyir lap yüz dənə geyindirsin. Onsuz da hamı bilir ki, o tumanların altında nə gizlədir.
İndi mollanın sözü olmasın, Şərifin kitabindan təqdim edilən epizodda qadın kişiyə deyirsə ki, nə istəsən qulluğunda hazıram. Deməli, hər şey aydın olur. Onların seksual manyaklığını oxucuya çılpaqlığı ilə çatdırmağın mənası məncə yoxdur. Bir də kitabdan yalnız bu epizodu seçib verirblərsə, deməli, elə "Haramı"da diqqəti cəlb edən və maraq doğuran məqam da yalnız bu hissəsidir. Məncə, kitab haqqında danışmaq və yazmaq istəyənlər də, elə bu hissəni əsərin baş epizodu hesab edəcəklər.