“Həbsimdə “dostlarımın” iştirak etdiyini dəqiq bilirəm”- Məktub

hebsimde-dostlarimin-istirak-etdiyini-deqiq-bilirem-mektub
Oxunma sayı: 658

“Həbsdə olduğum 7 ay ərzində mətbuat səhifələrində mənimlə bağlı yazılan yazıları oxuyaraq, bəzi vacib məsələlərə aydınlıq gətirmək, mövqeyimi bildirmək qənaətinə gəldim. Əvvəla onu qeyd edim ki, mənə qarşı saxta diplomlarla bağlı ittiham irəli sürülməyib. Halbuki, məhz bu məsələdə də maraqlı olan qüvvənin mövcudluğuna şübhə etmirəm. Mən yalnız qanunsuz tələbə köçürmələri ilə bağlı cinayətdə suçlanıram.
6 iyun 2011-ci il tarixində Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən həbs edildiyim gündən mənə qarşı diqqət göstərən, mənəvi dayaq olan bütün yazarlara və media mənsublarına, dəyərli ziyalılarımıza səmimi təşəkkürümü bildirirəm. Bu dövr ərzində mənim şəxsim və səhhətim nəzərə alınmaqla zaminə və ev dustaqlığına buraxılmağım üçün Baş Prokurorluğa 2 dəfə rəsmi müraciət edən (ancaq müsbət cavab almayan) AYB-nin sədri, çox hörmətli ziyalımız Anar müəllimə xüsusi minnətdarlığımı bildirirəm. Penitensiar Xidmətin və hazırda saxlandığım Bakı Istintaq Təcridxanasının rəhbərliyinə və şəxsi heyətinə mənə göstərdikləri alicənab və xeyirxah münasibətə, xəstəliyimlə əlaqədar diqqətlərinə görə təşəkkür edirəm.

“Mən o şəxsi müstəntiqin kabinetində gördüm”

Indi isə işin mahiyyəti üzrə bildirim ki, 2011-ci ilin iyun ayında mən həbs olunarkən 2009-cu ildə, yəni düz 2 il əvvəl(?!) rüşvət almağım ehtimalı əsas götürülmüşdü. Ortada isə konkret heç bir fakt və sübut yoxdur. Həbsim üçün əsas olaraq məşhur bir saxta sənəd alverçisinin, müxtəlif illərdə çoxsaylı vətəndaşları aldadaraq pullarını mənimsəyən və dələduzluğu heç istintaq üçün də sirr olmayan bir nəfərin hansısa qaranlıq məqsədlə (ehtimal ki, öyrədilərək) verdiyi ifadəsi götürülüb. Ən maraqlısı isə odur ki, bu şəxs “təhsil sahəsində xidmət göstərdiyi” vətəndaşlara özünü mənim adımla-Təhsil Nazirliyinin məsul əməkdaşı Orxan Kərimov kimi təqdim edirmiş(?!). Aldanan vətəndaşlar yalnız telekanallarda yayımlanan operativ videogörüntülərdə bu şəxsin O.Kərimov deyil, əslində tamam başqa biri olduğunu başa düşüblər. Bu faktlar da istintaqa çox yaxşı məlumdur. Ancaq ən təəccüblüsü odur ki, istintaq məhz belə bir şəxsə inanaraq məni həbs edib, istintaq altında təcridxanada saxlandığım 7 ay ərzində bu şəxsin qərəzli ifadəsindən başqa mənim “cinayətimi sübut edəcək” başqa heç bir əsas və fakt tapa bilməyib. Mənim özüm isə bu şəxsi ilk dəfə yalnız həbs olunandan sonra müstəntiqin kabinetində görmüşəm.

“Tələbə köçürmələrini daha məsul əməkdaşlar edir”

Təbii olraq, mən dəfələrlə pozulmuş hüquqlarımın müdafiəsi üçün məhkəmələrə müraciət etmişəm. Məhkəmə çəkişmələri zamanı ittiham tərəfi ortaya əsaslandırılmış mövqe qoya bilməmiş, lakin hər dəfə hakimlər mənim haqlı arqumentlərimi nəzərə almamışlar. Bəzən məhkəmə qərarlarındakı uyğunsuzluq və absurd o həddə çatıb ki, eyni qərarda və eyni vərəqdə (Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli 4(006)-651/11 saylı qərarı) bir tərəfdən mənim 2009-cu ilin avqust ayında rüşvət almağım, digər tərəfdən isə bu rüşvətin mənbəyi olaraq 2010-cu ilin iyun ayında(?!) vətəndaşdan alınmış və mənə verilmiş pul göstərilib. Ortadakı düz 10 aylıq(?!) uyğunsuzluğu izah etmək mümkün deyil. Bu çox kobud (bəlkə də gülməli) uyğunsuzluq kiməsə şübhəli görünərsə, vəkilim o sənədi təqdim edə bilər. Təəssüf ki, Bakı Apelyasiya Məhkəməsi belə bir qərarı qüvvədə saxladı(?!). Məhkəmədə hakim tərəfindən istintaq tərəfinə ünvanlanmış “6 ay ərzində O.Kərimov barədə hansı sübut əldə etmisiniz?” sualı təbii ki, cavabsız qaldı. Ancaq yenə heç nə dəyişmədi.
Məlum olduğu kimi, mənə qarşı qanunsuz tələbə köçürmələri məqsədilə rüşvət alma ittihamı irəli sürülüb. Mən isə Təhsil Nazirliyinin Iqtisadiyyat şöbəsində işləmişəm, tələbə köçürmələri ilə heç istəsəydim belə, məşğul ola bilməzdim.

Çox möhtəşəm cinayət konveyeri işləyirmiş

Yəni, bu sahə mənim iş fəaliyyətim, xidmət səlahiyyətlərim çərçivəsində olmayıb. Tələbə köçürmələri tamam başqa məsul əməkdaşların fəaliyyət sferasına aiddir. Digər tərəfdən isə, tələbə köçürmələri haqqında qərarlar heç də sadə olmayan mürəkkəb mexanizmə əsaslanır və mövcud qaydalara əsasən yalnız bir neçə məsul əməkdaşın iştirakı ilə zəruri və ətraflı araşdırmalardan sonra köçürülmə haqqında müsbət qərarlar, icazələr verilə bilər. Belə olan halda, mənim bu işə nə aidiyyatım ola bilər? Və yaxud məntiqlə mən “aldığım” rüşvəti kimə ötürüb qanunsuz icazələrin alınmasına (yəni, cinayətin törədilməsinə) nail olmuşam? Istintaq belə “mənasız və məntiqsiz” suallar haqqında düşünmür. Onların öz “dəmir məntiqi” var. Burada başqa bir çox maraqlı məsələlər də var. Belə ki, istintaqın gedişatında mənə məlum oldu ki, bu cür qanunsuz köçürülmələrin sayı bir-iki deyil, onlarladır. Sanki çox möhtəşəm cinayət konveyeri işləyirmiş.
Belə olan halda, mən bu sahədə heç bir səlahiyyətim olmaya-olmaya o konveyeri təkbaşına necə işlətmişəm? Bunu nəinki mən, yəqin heç məşhur gözbağlayıcı Devid Kopperfild də bacarmazdı. Və yaxud mən bu konveyeri həqiqətən də “işlətməyi” bacarmışamsa, onda nəyə görə istintaq 7 ay ərzində mənim cinayətimi sübut edə biləcək bir dənə də olsa fakt (konveyerin diyircəkləri üzərində mənim əl izlərimi) tapa bilmədi? Bu qədər də ədalətsizlik olar?

Həbsimdə “dostlarımın”da “zəhmətləri” olub

Həbs olunduğum ilk günlərdə (hətta ilk aylarda) səmimi olaraq düşünürdüm ki, bu, bir anlaşılmazlıqdır, bu gün-sabah hər şey aydınlaşacaq, bir az da gözləmək lazımdır və s.. Bu barədə indi çox danışmaq istəməsəm də, sadəcə qeyd edim ki, mənim həbsimdə “zəhmətləri” olan “dostlarımın” iştirak etdiyini dəqiq bilirəm. Onların əsl niyyətləri də mənə məlumdur. Ancaq məntiqlə düşünürdüm ki, “dostlar” da gec-tez başa düşəcəklər ki, bu “cinayət libası” mənim “bədən ölçülərimə” uyğun gəlmir. Nəticədə “dostlarımın” özlərinin başı ağrıyacaq. Elə mən rüşvət alan olsaydım, bilavasitə çalışdığım maliyyə şöbəsində kiçik də olsa, öz konveyerimi qura bilərdim. Mənim digər sahədəki böyük konveyerlə nə işim var. Düşünürdüm ki, nəhayət, “dostlarım” papaqlarını qabağına qoyub yaxşı-yaxşı fikirləşəcəklər. Ancaq sonra, gec də olsa, başa düşdüm ki, onlar heç əvvəldən mənim dostlarım olmayıb... Sağlıq olsun.