Həbsxanadan qaçan məhbus tutuldu

hebsxanadan-qacan-mehbus-tutuldu
Oxunma sayı: 684

“Qafqazinfo”nun məlumatına görə, bu barədə ANS-ə ədliyyə nazirinin müavini, nazirliyin Penitensiar Xidmətin rəisi Mədət Quliyev məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı Faiq Fərəcov axşam saatlarında polis işçilərinin əlinə keçib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu müəssisədən qaçmaq istəyiblər. Bu zaman müəssisənin əməkdaşları məhkumların hərəkətlərindən şübhələnərək onlara xəbərdarlıq ediblər.

Həyata keçirilən tədbirlər nəticəsində Fərid Dadaşov zərərsizləşdirilərək kameraya salınıb. Az keçməmiş F. Dadaşov kamerada özünü öldürüb. Digər məhkum Faiq Fərəcov isə müəssisədən qaçmağa müvəffəq olmuşdu.

ANS-in əldə etdiyi məlumata görə, məhkumlardan 28 yaşlı Faiq Fərəcov 2008-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunub. O, həm də narkotik maddə aludəçisi kimi müalicə alırmış.

23 yaşlı Fərid Dadaşov isə soyğunçuluğa görə həbs olunsa da, narkotik maddə istifadəçisi olub. Cəzaçəkmə müəssisəsinin qaydalarını pozduqlarına görə, cərimə kamerasına salınan məhkumlardan Fərid Dadaşov hadisədən bir qədər əvvəl kəskin ağrıları olduğunu, ağzından köpük gəldiyini deyərək qışqırmağa başlayıb. Onun səsini eşidən nəzarətçilər kameranın qapısını açdıqda, Faiq Fərəcov fürsətdən istifadə edərək qaçıb. Bundan sonra nəzarətçilərin başı qaçan məhkumun axtarışlarına qarışıb və nəzarətsiz qalan Fərid Dadaşov pəncərənin dəmirindən özünü yastıq parçası ilə asaraq intihar edib.

Qeyd edək ki, məntəqənin yerləşdiyi binada 1993-cü ildən bəri məcburi köçkünlər məskunlaşıb. Müəssisə açıq tipli olduğundan burada xüsusi mühafizə olmayıb. Bu tipli müəssisələrdə məhkumlar daimi saxlanmır, yalnız mütəmadi olaraq gəlib qeydiyyatdan keçirlər. Binanın birinci mərtəbəsindəki cəmi bir neçə otaq cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərir. Burada məskunlaşan məcburi köçkünlər isə hadisədən belə xəbər tutublar.