Həbsxanalar da atalardan oğullara keçir

hebsxanalar-da-atalardan-ogullara-kecir
Oxunma sayı: 928

Yeri gəlmişkən, qeyd edim ki, bu kəndin adı hətta məşhur “Molla Nəsrəddin” jurnalına düşüb. Orada deyilir: “Stolıpin cənabları (çar Rusiyasının baş naziri) üsyançıların üstünə qışqırtmaqçün Mərcanlı kəndindən bir dəstə köpək alıb Peterburqa apardı”. Indi didərginlik həyatı yaşayan Mərcanlı kəndinin həqiqətən də çox yaman itləri olub, qonşu bölgələrdən bir itə qoyun, dana verib Mərcanlı itlərinin küçüklərini alırdılar. Sovetin “qan-qan” dediyi vaxtlarında da mən bunu hər yerdə, hətta Moskvada, Sankt-Peterburqda dissident dairələrində yazıçı və şairlərlə söhbətlərimdə, məclislərdə deyirdim, ki görün, bizim kəndin itləri nə qədər antikommunist olub, hətta bizim köpəklərin köməyi olmadan o boyda çar Rusiyası dövləti kommunistlərə güc gələ bilməyib. Antikommunistlik hətta bizim itlərimizin də qanında olub. Mənim bu sözlərim bəzi xarici mətbuat orqanlarında çap olunub.

Son millət vəkili seçkilərində Cəbrayıl rayonundan deputatlığa namizədlərin əksəriyyəti müxalifəti təmsil edirdi. O layiqli namizədlərdən biri də istiqlalımız uğrunda böyük fədakarlıq göstərmiş, bizim kənd məktəbinin müəllimi mərhum şair Çərkəz Məcidin oğlu, indi qondarma ittihamlarla mühakimə olunan, hər gün “Azadlıq”da şəkilini gördüyümüz Məhəmməd Məcidli oldu. Onun atası Çərkəz Məcid bir şair kimi təəssüf ki, hər cürə avara-uvara şairlərin daha çox tanındığı ölkəmizdə demək olar, xatırlanmır.

Sovetin ən kəskin dövrlərində 50-70-ci illərdə o, istiqlalımız və özümüzü tanımamız uğrunda çox böyük işlər görürdü. Biz hələ şagird kimi onun yaratdığı dram dərnəyinin müxtəlif tamaşalarına baxırdıq, o, repertuara milli özünüdərk, tanıma uğrunda sadə insanların da anlaya biləcəyi əsərlər daxil edir, özü də yazırdı. Milli özünütəsdiq uğrunda onun apardığı mübarizə rayonumuzda böyük rol oynayırdı. O, istiqlalçı şairlərimiz Məmməd Araz və Xəlil Rza ilə dostluq edirdi. Antisovet fəaliyyətinə görə onu bir neçə dəfə həbs etmək istəmişdilər. Ancaq 37-ni çıxmaq şərtilə Sovet hakimiyyəti 50-60-cı illərdə bizim kənddən heç kimi həbs edə bilmirdi. Hətta biri cinayət edəndə də kənd camaatı yığışıb nə yolla olursa-olsun onu xilas edir, “tərbiyə” üçün zaminə götürürdü. Çərkəz Məcid də bir neçə dəfə beləcə xilas edilmişdi.

Yadıma gələn, Çərkəz müəllim 80-ci illərin sonunda müəllimlərin avqust yığıncağında sovetin, rüşvətxorluğun əleyhinə çox kəskin çıxış etdi. Dərhal inzibati orqanlar işə salındı, onu həbs etmək istəyirdilər. Rayon camaatı da ayağa qalxdı. Ancaq təəssüf ki, gərgin əsəb sarsıntıları keçirən Çərkəz müəllim elə o sarsıntılardan da dünyasını dəyişdi. Mən deyərdim ki, o, Azərbaycanımızın ilk istiqlalçılarından, ilk şəhidlərindən idi.

Bu il həbs olunan AXCP şöbə müdiri Məhəmməd Məcidli həmin o mübariz istiqlalçı şairimizin oğludur. Yaxşı ki, bizdə atalardan oğullara təkcə var-dövlət, hakimiyyət pillələri yox, həm də azadlıq mübarizəsi, özləri həbsxanalara düşsələr də, Azadlığı həbsxanalara salınmaqdan xilas etmək ənənəsi də nəsildən-nəslə keçir.

Mən də bütün mübariz, ədalətli, azadlıqsevən insanlara qoşulub Məhəmməd Məcidlinin, ilk istiqlalçılarımızdan Arif Hacılının, qalan bütün vicdan və ürək məhbuslarının... Rüfət Hacıbəylinin, Babək Həsənovun, Tural Abbaslının, Sahib Kərimovun, Əhəd Məmmədlinin, Vidadi Isgəndərovun, Elnur Məcidlinin, Şahin Həsənovun, Zülfüqar Eyvazovun, Elşən Həsənlinin, Arif Alışlının, Ülvü Quliyevin, Elnur Isrəfilovun, Bəxtiyar Hacıyevin, Cabbar Savalanın, Ruslan Bəşirlinin, Azərbaycanımızın adını həmişə ucalara qaldırmış, şeirləri, müsahibələri dünyanın 50-yə yaxın dilinə tərcümə olunmuş bir şair, həm də Gürcüstan Nazirlər Sovetinin Mayakovski, Azərbaycanın Mirzə Cəlil mükafatları laureatı kimi də müraciət edirəm. Vallah günahdır, XXI yüzilin ikinci onilliyidir, bu uşaqları niyə çürüdürük axı?!

Həm də məhbus dostlarıma müraciət edirəm: soyadlarınızın sonundakı ov, yev-ləri elə məhbəsdə də atın, bu yad soyad qandalının da məhbəsindən azad olun!