“Heç kimin olmamaq da Ana, ağırdı, ağır…” - Şeirlər

hec-kimin-olmamaq-da-ana-agirdi-agir-seirler
Oxunma sayı: 2848





Məktəb illəri

Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah, nə xoşbəxtdik biz onda!

Bir müəllim töhmətiydi dərdimiz,
Bu töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.

Bu dünyada qara rəngdə bizimçün
Təkcə yazı lövhəsiydi elə bil,
Al-əlvandı ötən günlər, saatlar,
Yamyaşıldı ömrümüzə gələn il.

Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ
Tanrı yazan pozulmayan yazıdan.

Hərdən dərsə gecikəndə bilməzdik,
Gecikməyin əzabları necədir.
Hansı dərsi danışsaydıq o saat,
Bilərdik ki,qiymətimiz neçədir.

Bu dünyanın bütün varı, dövləti,
Bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək də hər səhər,
Bu yollardan, sanki, sevinc yağırdı.

Bir məktəbin binasaydı yuvamız,
Neçə evdən bir ünvana gələrdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
Saraylardan doğma,üstün bilərdik

Hələ onda bu dünyanin şərindən,
Yalanından xəbərimiz yox idi.
Hələ onda kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi.

Hələ dünya bizim üçün nağıldı,
Min arzuyla alışardıq, yanardıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanardıq.

Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.

Məktəb illəri

Məktəb illəri
Ömrümün ən şirin,
ən təmiz günləri.
Məktəb illəri,
Hər anı bir ömrə bərabər
Qayğısız günlərim.

DƏYİŞDİK


Biz ki, qışqırıqla dünyaya gəldik
Susmağı bəs nə vaxt kimdən öyrəndik?
Bir ana südünün doyumu ilə,
Bir ana qoynunun doyumu ilə
gəldik bu dünyaya bakirə -çılpaq
ağlımızı, duyğumuzu ovcumuza sıxaraq
görmək arzumuzun göz yaşı ilə
eşitmək öyrəndik,
susmaq öyrəndik
açıldı gözümüz qulaqlarımız
açıldı düyünü əllərimizin.
ürəyimizi boyda yumruqlarımız
açıldı dünyanın xeyir- şərinə,
açıldı dünyanın qəm- kədərinə.
gəldik bu dünyaya eyni adla biz
gəldik bu dünyay bir fəryadla biz,
görmək arzumuzun göz yaşı ilə .
eşitmək öyrəndik,
görmək öyrəndik,
dəyişdi adımız, fəryadlarımız
eşidib dəyişdik ,görüb dəyişdik
ğöz yummaq öyrəndik, susmaq öyrəndik.


BƏLKƏ

Utanıb hamıya insan deməyə
Cürbəcür adları uydurmuşuq biz.
Bəlkə nələrisə gizlədək deyə
Hərəyə ayrıca ad qoymuşuq biz

Hərəni bir adla bəzəyiriksə
Qanmayan qanandan seçilmir, axı...
Çətinə salmışıq öz-özümüzü
Ağıllı nadandan seçilmir axı...

Hər kəsin qiymətin verə bilsəydik
Bəlkə də bu qədər adlar olmazdı.
Layiq olanlara insan desəydik
Görəsən neçəsi adsız qalardı?

Vaxtında bir azca düşünsək əgər
Heç nə aparmırıq uca dünyadan.
Elə yaşayaq ki, sonda desinlər
Insan gəldi getdi qoca dünyadan.

YARPAQ YAĞIŞI

Ömrümdə aylar, illər
Bir-birinə qarışıb.
Qəlbimdə xatirələr
Çöldə yarpaq yağışı

Yağışın sehrinə bax
Rəngli xalı toxuyur.
Səslənir yarpaq-yarpaq
Həzin nəğmə oxuyur.

Mən elə bilirdim ki,
Yağışın rəngi olmur.
Demə hər bir yağışın
Özünün rəngi olur.

Bu yağış ağacların
İtən gözəlliyidir.
Hər baharın payızda
Bitən gözəlliyidir.

Payız,qış qurtaracaq,
Yenə bahar gələcək.
Yaşıl geyib ağaclar
Yenə üzə güləcək.

Hər payızın öz qışı,
Hər qışın baharı var.
Ömrün qışından sonar
Amma gəlmir ki bahar…

Günlər öz axarında,
Gətirir yenə qışı.
Ömrümün payızıdır…
Yağır yarpaq yağışı...

***

Kədəri
heç kim axtarmır
hamı tapır…
Sevinci
hamı axtarır
hamı tapmır…


***


Dərd var təsəlliylə
Ovutmaq olmur.
Dərd var təsəlli də
Ona yük olur.

***

Qeys Leylini sevdi,
Sevgidən ölmədi
Məcnuna döndü.
Məcnunu anlamadılar
Öldü….

***


Yoxluğun


Bir gün sənə don aldım
Sən o donu geyindin,
Uşaq kimi sevindin…
Elə don da sevindi
Axı,o sənin idi…
Yoxsan …
Indi donundan
Bir kimsəsizlik yağır…
Sənin olan nə varsa
Yoxluğundan da ağır…
Heç kimin olmamaq da
Ana, ağırdı, ağır…


***

Yenə bu gecə
Yuxumu keşikçi qoyub
Sevgimlə-
ürəyimlə tək qalacağam.
Heç kəsə deyə bilmədiklərinə
Qulaq asacağam.
Ağrısını-acısını unutsun deyə
Ovudacağam onu hərdən…
Hərdən də
Susacağam önündə…
Beləcə hər gecə
Görüşəcəyik gizlicə…
(sonra gizlənəcək köksümdə)
Yenə də
mürgülü-mürgülü
dolanacayıq səhərləri
Hərə öz işində.



Beləcə öyrənirik

Hər gün balaca Aysel
Deyirdi anasına:
“Atam gəlincik alsın,
Çörəyimi yeyim mən.
Nənəm bir ayı alsın
Bir dənə də zürafə
Corabımı geyim mən.”
Aysel bala hər dəfə
Beləcə çörək yedi,
Beləcə corab geydi.
Nə istəsə aldılar,
Onu razı saldılar.
Beləcə böyüdürük,
Beləcə böyüyürük.
Nələrinsə xətrinə
Nələrisə etməyi,
Nələrdənsə keçməyi
Beləcə öyrənirik
beləcə öyrədirik.



Daha uşaq deyiləm


Daha uşaq deyiləm,
Uşaq deyiləm daha.
Hər könlüm istəyənçün,
Hər əlim yetməyənçün
ağlamaq
daha gəlmir ağlıma.
Daha hər gülər gözdən,
Daha hər şirin sözdən
Sevinmək də olmayır.
Lazım oldu-olmadı
Sual vermək həvəsim,
Tez böyümək istəyim
Elə bil heç olmayıb.
Daha uşaq deyiləm,
Uşaq deyiləm daha.
Təəccübüm azalıb
Adətim artıb indi.
Indi anlayıram ki,
Böyümək çətin deyil,
Böyük olmaq çətindi.




Yalan tutdusa ayaq
Ayaqları üstündə
Demək ki dayanacaq.
Yerimək hələ nədi,
Gör necə oynayacaq.
Hələ öz havasına
Neçə-neçə doğrunu
gör necə oynadacaq.


HEYRƏT


Əlində oyuncaq
mat qalıb bu uşaq.
Oyuncağı necə də
adama oxşayır.
Amma heç çıxmır səsi.
Dəyişmir
üzünün ifadəsi.
Uşaq ətrafındakı
adamlara baxırdı.
Adamlarsa onun
Oyuncağına oxşayırdı.
Hamısı da danışır.
Baxışları dəyişir,
Gülüşləri dəyişir...
Uşaq hələ heyrətlə
Öz uşaq dünyasından
adamlara oxşayan
oyuncağa baxırdı.
Öz uşaq dünyasında
Hələ anlamayırdı
Hansı daha yaxşıdı...


Ayselə

Həyatda ən güclü dayağım oldun,
Hər an tənhalıqdan qorudun məni.
Ay işığım oldun,çırağım oldun
Hər an qaranlıqdan qorudun məni.


Sığınıb səsinin əzizliyinə
Unutdum həyatda ağrı-acı var.
Sənin nəfəsinin təmizliyində
Unutdum yaşayır hələ nadanlar.

Demədim bu həyat yolunda hərdən,
Nadanlar külək tək toz qopararlar.
Sən öz qürurunla qaya kimisən,
Küləklər qayadan nə apararlar?

Ay boyuna qurban,bağışla məni,
Sənə namərdlərdən söhbət açmadım.
Gözəl duyğulara öyrətdim səni,
Yamandan yalandan heç danışmadım.

Həyatın dolaşıq bu yollarında
Üz-üzə gəlirsən indi yalanla.
Yolunda hər şeyə hazır olsam da
Qoruya bilmirəm səni yalandan.

Indi eşitdiyin hər yalan sözün
Qəmli izi qalır gülüşlərində.
Sənin namərdlərə alışmır gözün
Nəmli bir iz qalır baxışlarında.

Sevincim yaşayır təbəssümündə
Üzündəki qəmə dözə bilmirəm.
Sən məni nə qədər güclü bilsən də
Gözündəki nəmə dözə bilmirəm.

Baxışına qurban,xain gözləri
Işığın həmişə kor edəcəkdir.
Mərdlərə arxalan, sən qoru xeyri,
Şəri həyat özü xar edəcəkdir.

Yersiz deyilən söz qırmasın səni,
Yerində olmayan adamlar kimi.
Saxta təbəssümlər yormasın səni,
Cavab tapmadığın suallar kimi.

Mənliyin həmişə özündən öndə
Sən onu geridə qoya bilmirsən.
Mənini hardasa itirənlər də
Səni heç bir zaman duya bilməzlər.

“Günəşi örtsə də qarabuludlar”
Yenə də günəşin vecinə gəlməz.
Günəşdir yaradan o buludları
Yüz bulud bir günəş yarada bilməz.

Dibçəkgülü kimi bəslənənlərin,
Yeri dibçək boyda,ətri də yoxdur.
Tikanı olsa da qızılgüllərin,
Güllərin şahıdır,ətrindən yoxdur.

Aldanma çayların gözəlliyinə,
Çaylar hara gəldi axır hər zaman.
Həmişə bir yerdə qalsa da yenə,
Daha möhtəşəmdir,güclüdür ümman.

Bilirəm bu həyat çətindi,qızım,
Onun ağı da var,qarası da var.
Hərdənbir sevinci olduğu kimi,
Hədənbir ağrılı yarası da var.

Bir zərrə sevinci,səadəti də,
Öz zəhmətin ilə sən qazanmısan.
ən təmiz,ən böyük məhəbvəti də
elə zərrə-zərrə qazanır insan.

Özün qazandığın zərrə də olsa
Unutma,həmişə,hər an sənindir.
Bu torpaq,kainat,bil ki,nə varsa,
Hamısı onsuz da zərrə-zərrədir.

Uca zirvələr də qar kimisən sən,
Nə gərək su kimi hər qaba dolmaq.
Yamacda əriyib palçıq olmaqdan
Yaxşıdır qar kimi zirvədə qalmaq.

Neçə hikmətimsən,həqiqətimsən,
Elə həqiqətə arxalan, qızım.
Sən mənim həyata məhəbbətimsən,
Elə məhəbbətə arxalan arxalan,qızım.

Bu həyat yolları olsa da çətin,
Unutma,dünyada yaxşılar da var.
Atalar demişkən,hara niyyətin,
Yolun səni elə ora aparar.



***

Saat
İnsanın sadə kəşfi
Bəəlkə də ən böyük səhvi..


Bilirikmi

Ocaq yandı
Yavaş-yavaş
Sonra birdən alovlandı.
Közə döndü,külə döndü.
Alışdıqca səsi gəldi.
elə bildim ocaq dindi.
anlamadım nələr dedi,
bəlkə elə əbəs yerə
yandığından giley etdi.
Bəlkə elə
Alovuyla qürrələndi.
Bəlkə bilmək istəyirdi
bir qızınan oldumu
heç istisinə,
yoxsa elə
kor oldular tüstüsünə?..
ocaq yandı,külə döndü...
ömrümüz də ocaq kimi
yanır,yanır,
alovlanır,
közə dönür,külə dönür...
Bilirikmi
biz görəsən,
bir qızınan
oldumu heç istimizə?
Yoxsa elə
Kor oldular tüstümüzə?...







Günahkar yoxdu

Durmusan qarşımda sən səhvim kimi
Baxmağa gözümün cürəti çatmır..
Bu elə ağrı ki,bu elə qəm ki,
Duymağa qəlbimin qüdrəti çatmır...

Ürək bağlamışdı qapılarını
Sanırdı kimsəyə açmaz bir daha...
Indi bu sevgidə günahkar hanı?
Elə bilirdi ki,sevməz bir daha.

Neyləyim ürəyim sözündən dönür
Özü öz önündə batır günaha.
Susan arzularım yenidən dinir
Mən elə bilirdim sevmərəm daha...

Axı neyləyim ki,mən səni sevdim,
Sevdim cəzam kimi,günahım kimi...
Sən mənim ömrümə bir nur gətirdin
Sevdim ən işıqlı sabahım kimi...

Qınama özünü,qınama məni,
Demə ki,bu sevgi hədərdi,hədər.
Ruhum da rahatlıq tapmazdı mənim
Mən səni sevmədən ölsəydim əgər.

Ağla görüm


O vaxt ki,
Nə görə bilirdin,
Nə eşidirdin,
ağlayırdın.
İndi ki, görməyi də,
eşitməyi də
bacarırsan,
Ağla,
ağla görüm
necə ağlayırsan...


“Səadətim”

Zərrə-zərrə topladığım
bir ürək hərarəti,
bir ürək həqiqəti,
Bir ürək məhəbbəti-
səadətimi qoruyuram.
Onu
adam-adam
itirməkdən qorxuram.


Dostlarıma


Çoxlarından gileyliyəm gileyli,
Aman dostlar, məni darda qoymayın.
Qəm kədərə meylliyəm, meylli,
Aman dostlar,sevincimə qıymayın.


Ürəksizdən deyin,axı,nə umum,
Umacağım,küsəcəyim sizdədir.
Yaxşıları unutmayın qoruyun,
İnanmıram sevgi təkcə gözdədir.


Pisdən yaxşı gözləməyə dəyərmi,
Yamanından niyə sınım bir deyin?
Qanmayanın sözü qəlbə dəyərmi?
Aman dostlar,siz qəlbimə dəyməyin.

Yandım


Yandım
gözlərdə gördüyüm
soyuqluqda ,
Üzlərdə gördüyüm
donuqluqda.
Yandım,
elə yandım
Külə dönə bilmədim.
Köz olmadım,
elə
yana-yana qaldım...



Yarpaqlar titrəsə
Musiqisi Aygün Səmədzadənindir.


Sən mənim ömrümdə bir sevinc payı,
Mən sənin ömründə bir sevinc payı.
Sən mənim gözümün nəmli harayı,
Mən sənin könlünün qəmli harayı.

Durmuşuq aramıız tək bircə addım,
əlimi uzatsam əlinə dəyər.
Bu bircə addımı mən necə atım,
Sən məndən uzaqsan dünyalar qədər...

Gör necə yaxınıq, gör necə uzaq?..
Doğmayıq, gərəyik yerlə göy kimi.
Bu da br ömürdür gərək yaşayaq,
Ayrı yaransaq da yerlə göy kimi.

Yarpaqlar titrəsə bil ki, səsimdi,
Sənə pıçıldaram”var ol” əzizim.
Sənin var olmağın mənim bəsimdi,
Elə varlığınçün sağ ol, əzizim.

Təəssuf—
sonrakı peşimançılıq,
anlamadığımız gerçəklər,
xəyala dönən istəklər,
dağılan arzular...
Gözumuzun nəm yaddaşı,
Könlumuzun qəm yaddaşı...

Oyandımmı


Qalada yatmış idim
Yuxulara batmış idim.
Yuxularım şirin idi,
Yuxularım dərin idi.
Aman allah,
yuxularda nəyim yoxdu?!
Hər sərvətim qalaq-qalaq.
Var dövlətim qucaq-qucaq,
yuxuluydum
nəyim vardı sayammadım
top atdılar oyatmağa
oyanmadım.
Saz gözlədim,...(?)
Söz gözlədim...(?)
top ilə oyanmayan
saz ilə,söhbət ilə
görən necə oyanacaq?
Yuxuluydum,
biləmmədim...

Qalada yatmış idim
Top atdılar,
oyanmadım
oyanmadım.
Aman allah,
bu nəğməni
kim yazıbdı bizim uçun
görən bir vaxt?
Bu nəğməni
gör necə də duz yazıbdı
bizim uçun
kimsə bir vaxt...


Qalada yatmış idim...
şirin-şirin
yuxulara batmış idim.
Qalanı taladılar,
Odlara galadılar
Nəyim var apardılar.
Top atdılar,
top atdılar
oyanmadım.
Saz ilə,söhbət ilə
oyatdılar,
oyandımmı?..