“Heç vaxt imkan verməyəcəyik” – Müsahibə

hec-vaxt-imkan-vermeyeceyik-musahibe
Oxunma sayı: 769

Daxili işlər naziri Ramil Usubov Polis Günü ərəfəsində Azərbaycan qəzetinə geniş müsahibə verib. “Qafqazinfo” müsahibəni ixtisarla təqdim edir:

- Xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi və neqativ halların aradan qaldırılması istiqamətində son aylar Daxili İşlər Nazirliyinin gördüyü işlər ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Siz özünüz necə, həmin tədbirlərin səmərəsindən, nəticələrindən razısınızmı?

- Mənim bir nazir kimi prinsipial mövqeyim ondan ibarətdir ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq və sosial yönümlü olmalıdır. Bu məqsədlə əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır. Polisə münasibətin öyrənilməsi diqqət mərkəzində saxlanılır və öz növbəsində cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"ya uyğun olaraq müvafiq istiqamətdə tədbirlər hər il üzrə ayrıca hazırlanan xüsusi plan əsasında həyata keçirilir. Adı çəkilən sənədin icra olunduğu dövrdə 137 mindən çox müraciət daxil olmuşdur. Aparılmış araşdırmalarla təkcə cari ildə 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilmiş, 11 nəfər tutduğu vəzifədən azad olunmuş, 22 rəhbər vəzifəli şəxs cəzalandırılmış, 8 material əmələ hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Məlumat üçün bildirim ki, həmin müraciətlərin təxminən 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlıdır.

Mən daxili işlər orqanlarında aparılan islahatların gedişindən razıyam və xüsusi vurğulamaq istəyirəm ki, həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir.

- Cənab nazir, islahatlardan danışarkən, ictimaiyyətin diqqət mərkəzində olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində fəaliyyətin təşkilinə də toxunmanız maraqlı olardı.

- Qeyd edim ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə sanksiyalar sərtləşdirildikdən sonra ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Lakin sürücülərin intizamı və sürücülük mədəniyyəti təəssüflər olsun ki, hələ də istənilən səviyyədə deyil. Yeri gəlmişkən, 2009-cu ildən fəaliyyətə başlayan "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Sistemi çərçivəsində paytaxt ərazisində 500-ə yaxın nöqtədə 1000-dən çox elektron müşahidə vasitəsi yerləşdirilib. Sistemin əsas funksiyalarından biri də yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, müvafiq inzibati xətalar ilə bağlı materialları hazırlamaq, dövlət qeydiyyat nömrələri üzrə oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitəsini avtomatik müəyyənləşdirməkdir.

Yolayrıclarında olan videonəzarət kameraları nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təşkil olunmasında, ərazidə baş vermiş hadisələrin operativ və obyektiv araşdırılmasında, yol hərəkəti qaydalarını pozmuş və qəza törədərək hadisə yerindən yayınmış sürücülərin aşkarlanmasında, eləcə də polis-vətəndaş münasibətlərində subyektivliyin aradan qaldırılmasında çox mühüm rol oynayır.

Onu da diqqətə çatdırım ki, avtomotonəqliyyat vasitələrinə illik dövlət texniki baxışın daha keyfiyyətli təşkili və bu zaman sürücülərin vaxt itkisinin qarşısını almaq məqsədilə paytaxtın Sabunçu rayonu ərazisində 15 xətdən və 75 müayinə postundan ibarət yeni avtomatlaşdırılmış müayinə mərkəzi istifadəyə verilib.
Bütün bunlarda məqsəd vətəndaşlarımızın qurucu və yaradıcı əməyi üçün daha yaxşı şərait yaratmaq, qanunla qorunan hüquqlarının təminatını yüksək səviyyədə həyata keçirməkdir.

- Şəxsi heyətin peşə hazırlığı səviyyəsini necə qiymətləndirirsiniz?

- Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığı əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri olduğundan və ixtisaslı kadrlarla komplektləşdirmədə mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq sahədə işin məqsədyönlü təşkilinə və aparılmasına xüsusi diqqət yetiririk. Polisdə xidmətin yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, geniş dünyagörüşü, elm, təhsil və təcrübə tələb etdiyini vurğulayan ümummilli lideri Heydər Əliyev professional səviyyənin yüksəldilməsini, xidmətin müasir tələblərə, beynəlxalq təcrübəyə uyğun qurulmasını bir tələb kimi qarşımıza qoymuşdu.

Son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən test imtahanlarının nəticələrinə görə ali hüquq təhsili olan yüzlərlə gənc orta rəis heyəti vəzifələrində xidmətə qəbul edilmişdir. Sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul da analoji qaydada aparılır.

İctimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişafı günümüzün reallığıdır. Əməkdaşların peşəkarlığının, rəhbər işçilərin idarəçilik bacarığının artırılması, cinayətkarlığa qarşı mübarizənin müasir formalarının tətbiqi ilə bağlı tədbirlər müasir standartlar səviyyəsindədir.

- Əhali ilə keçirdiyiniz görüşlər, canlı ünsiyyət vasitəsi ilə Siz, təbii ki, yerlərdə insanları daha çox narahat edən problemləri öyrənirsiniz. Ümumiyyətlə, Daxili İşlər Nazirliyində əhalinin təklif, ərizə və şikayətlərinə baxılması prosesi necə tənzimlənir?

- Vətəndaşların qəbulu və müraciətlərinə baxılması kimi mühüm vəzifələrin icrası "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ölkə Prezidentinin 24 noyabr 2003-cü il tarixli fərmanından irəli gələn tələblərə uyğun təşkil edilib. Təkcə son üç il ərzində və cari ilin ötən dövründə nazirliyin rəhbərliyi tərəfindən paytaxtda və bölgələrdə yüzlərlə vətəndaş qəbul edilmiş, "Qaynar xətt"ə və elektron poçt ünvanına daxil olan 9 minə yaxın müraciətə baxılmışdır. Təkcə bu ilin dörd ayında Şirvan, Xaçmaz, Şəki, Lənkəran, Gəncə və Bərdə şəhərlərində keçirilən qəbullar 6 regionu və 41 rayonu əhatə etmişdir. Vətəndaşların müraciətləri, əsəsən, polisin fəaliyyəti ilə bağlı olmuşdur. Qaldırılan bütün məsələlər öyrənilmiş və əksəriyyəti qanunauyğun həllini tapmışdır. Onu da deyim ki, əhalinin müraciətlərinin qəbulu prosesində ən mühüm vasitələrdən biri də "102 Zəng Mərkəzi"dir. İndi hər bir vətəndaş polis orqanına getmədən baş vermiş cinayət və hadisə barədə bu xidmətə zəng vurub məlumat vermək imkanına malikdir. Bu gün "102 Zəng Mərkəzi" sistemi respublikanın bütün ərazisini əhatə edir. Vətəndaşların verdiyi məlumatlar əsasında təkcə ötən il ərzində 175, o cümlədən 4 qəsdən adamöldürmə, 2 qəsdən adam öldürməyə cəhd, 9 soyğunçuluq, 6 quldurluq, 10 qəsdən sağlamlığa zərər vurma, 30 nəqliyyat vasitəsinin qaçırılması, 48 xuliqanlıq, 34 oğurluq və s. cinayətlər "isti izlərlə" açılmışdır.

Polis sahələrində fəaliyyət göstərən ictimai şuraların işi də əhali tərəfindən rəğbətlə qarşılanır. Bu günədək 4000 vətəndaş ictimai şura üzvlüyünə qəbul edilmişdir. Bu institutun yaradılması daxili işlər orqanları ilə vətəndaşlar arasında əlaqələrin, inamın və etimadın möhkəmlənməsinə, polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, həmçinin inzibati sahənin problemlərinin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərmişdir. Təsadüfi deyil ki, son bir ildə müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən vətəndaşların sayı ötən illərlə müqayisədə yarıbayarı artmış, ailə-məişət zəminində baş verən münaqişələr isə nəzərəçarpacaq dərəcədə azalmışdır. İctimai şura üzvləri tərəfindən övladlarına qarşı nəzarətsizliyə və baxımsızlığa yol verən valideynlərlə profilaktik söhbətlərin aparılması, təhsil müəssisələrində yetkinlik yaşına çatmayanlarla müxtəlif mövzularda tədbirlərin təşkili, həmçinin narkomaniyanın və alkoqolizmin profilaktikası inzibati sahədə hüquq qaydasının təmini üzrə vəziyyətin nəzarətdə saxlanılmasına imkan yaradıb.

Bütün bunlar, xalq ilə polis arasında yaranmış etimad mühitinin günbəgün möhkəmlənməsinin əyani təsdiqidir.

- Cənab nazir, son vaxtlar radikal müxalifət tərəfindən yeni təxribatlara cəhdlər edilir. Azərbaycanda kriminogen duruma nəzarətə və asayişin təminatına cavabdeh olan strukturun rəhbəri kimi Sizin bu vacib məsələyə münasibətinizi bilmək maraqlıdır: belə antikonstitusion hərəkətlərə münasibət necə olacaq?

- Radikal müxalifət partiyalarının son aylarda paytaxtın müxtəlif yerlərində ictimai asayişi pozmağa cəhdləri, əslində, xuliqanlıq hərəkətləri və siyasi avantüradır. Belələri hər dəfə ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, nəqliyyatın normal fəaliyyətini pozur, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərirlər. Radikal müxalifət illərdir ki, boş hay-küy salır, 1988-1993-cü ilin eyforiyasından hələ də azad ola bilmir, gerçəkliyi heç cür qəbul etmək istəmir. Reallıq isə onların hər seçkidə üzləşdikləri sarsıdıcı məğlubiyyət, ictimai dəstəyi tamamamilə itirmələridir. Ona görə də bu gün bir qrup siyasətbazın dedi-qodusuna ciddi əhəmiyyət verməyə əsas yoxdur. Kimin-kim olduğunu aydın dərk edən xalq artıq Heydər Əliyev siyasi kursuna alternativ görmür, Prezident İlham Əliyevi özünün yeganə güvənc ünvanı qəbul edir.

Daxili işlər orqanlarının bütün şəxsi heyəti də bu reallığı görür və ürəkdən qəbul edir. Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik. Polis ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasının, Azərbaycan xalqının və möhtərəm Prezidentin sadiq əsgəridir.

Müsahibəni apardı: İxtiyar HÜSEYNLİ