Həkim səhvindən əziyyət çəkən Babək - Qurbanlar IV

hekim-sehvinden-eziyyet-ceken-babek-qurbanlar-iv
Oxunma sayı: 706

Ana var övladını dünyaya gətirəndən sonra onu tanımadığı qapıdan tutmuş, zibilliyə, çirkaba atmaqdan belə çəkinmir. Ana var qırx günlük körpəsinin nazını götürməyə tənbəllik edir. Ana da var balasının qeydinə qalmaqla yanaşı, sevə-sevə canını bağışlamağa belə hazırdır.


Əfruz ananın 13 yaşlı övladı Babək Rüstəmzadə hazırda hər iki böyrəyini itirmək təhlükəsi ilə üz-üzədir. Hər şey onun ailəsi ilə Moskvada yaşadığı vaxtlarda adı qızdırmayla başlayıb. O vaxt, Babəkin 5 yaşı var idi. Ailəsi, vəziyyəti pisləşən uşağı angina şübhəsi ilə Moskvanın 9 saylı Şəhər Klinik Xəstəxanasına aparıb. Müayinə nəticəsində məlum olub ki, məsələ heç də anginalıq deyil. Uşaq böyrək (xüsusiylə sağ böyrəyinin) və sidik kisəsi anomaliyası diaqnozu ilə xəstəxanaya yatırılıb və həkimlərin (soyadlar xəstəlik tarixçəsindən götürülüb: Kazarkov, Sidorov, Krılova) birgə rəyi ilə əməliyyat olunub. Əfruz ananın sözlərinə görə, bir ay içərisində övladı ardıcıl 2 dəfə əməliyyat edilib. Amma hələ baş verənləri dərk etməyən bu balacanın vəziyyəti cərrahi müdaxilədən sonra da düzəlməyib, əksinə başqa fəsadlar üzə çıxıb.

2004-cü ildə Babək Bakıya gətirilib və Respublika Klinik Uroloji Xəstəxanasında təkrar müayinə edilib. Sən demə, Babəkin sidik ifrazının yaxşılaşdırılmasına və böyrəyinin funksiyasının bərpasına yönəldilən bu əməliyyatlar heç də doğru aparılmayıb. Bu rəy, mərhum akademik, uroloq Mirməmməd Cavadzadə, eləcə də onun rəhbərliyi altındakı həkim heyəti tərəfindən verilib. Hətta yerli mütəxəssislər zərərçəkmiş ailəyə rus həkimlərinin şərikli səhvinin məhkəmə tərəfindən cəzasını alması üçün tədbirlər görməsini də məsləhət görüblər. Babəkin vəziyyətinin pisləşməsi yerli həkimləri onu yenidən əməliyyat etməyə vadar edir. Və Babək 5 yaşında 3-cü dəfə əməliyyat stoluna uzadılır. Bu əməliyyat nisbətən uğurlu keçsə də, bir müddət sonra böyüməkdə olan uşağın yenə də narahatçılıqları başlayıb. Mütəmadi müalicə kursları görən, Babəkin bu dəfə də yeni bir xəstəliyi meydana çıxıb. Hepatit B. Övladına qanını halal edən ananın sözlərinə görə, bu virus Babəkə qanköçürmə zamanı keçib. Belə ki, Babəkə həmişə anasının qanı köçürülürmüş, ancaq bir neçə dəfə səhhətində narahatçılıq olduğuna görə, oğluna donorluq edə bilməyib. Bu səbəbdən də ancaq qan qrupu yoxlanmaqla oğluna bir neçə yad şəxs qan verib. Ananın iddiasına görə, qanköçürmə tələsik aparıldıqdan donorların qanının tərkibi tam yoxlanılmayıb.

Artıq ailə bir bəladan canını qurtarmamış digər bəlaya düşən övladı qarşısında çarəsiz qalıb. Əfruz ana yerli həkimlərin yardımını əsirgəmədiyini deyir. Artıq 1 il yarımdır ki, Hepatit B virus daşıyıcısı olan Babək böyrəklərindəki vəziyyətlə əlaqədar hemodializ edilir. Həftənin 3 günü Azərsutikinti ASC-nin xəstəxanasında xəstə hemodializ (qanın xüsusi aparatlar vasitəsiylə yuyulması) olunur, ona mütəmadi qan vurulur. Lakin bu müalicə xəstəyə yetərli deyil. Əfruz ananın sözlərinə görə, gözü qarşısında övladının üzülməsinə dözə bilmir. Mütəxəssislər isə yeganə çarəni Babəkə tezliklə donor böyrəyin köçürülməsində görürlər. Bu problemin çözülməsi ilə bağlı ailə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarına müraciət edib. Nəticədə çarəsiz anaya səs verən tapılıb. “İnamla irəli” Xeyriyyə Cəmiyyəyi Babəkə kömək etmək və onu həyata qaytarmaq missiyasını öz üzərinə götürüb. Cəmiyyətin rəhbəri Ayşə Cəlilovanın sözlərinə görə, Babəkin transplantasiya-orqan köçürülməsi əməliyyatı Türkiyənin ixtisaslaşmış klinikalarının birində aparılacaq. Bu məsələylə bağlı artıq klinika ilə razılaşma (əməliyyat 10.000 ABŞ dollarına başa gələcək) əldə olunub. A.Cəlilova fevralın 15-də Babəkin Türkiyəyə aparılacağı və orada ona fəaliyyətsiz böyrəklərinin yerinə doğma anasının böyrəyinin köçürüləcəyini bildirir. Efruz ana isə çoxdan oğluna donorluq etmək qərarına gəldiyini və “təki oğlum yaşasın” deyir.

Əfruz anaya və Babəkə bu ölüm-qalım mübarizəsində uğurlar və vicdanlı əllərə düşməyi arzulamaq qalır.

Allahın lütfü üzərinizdə olsun! AMİN!

Raminə Eyvazqızı