““Hepimiz azərbaycanlıyız, hepimiz Xocalıdanız” bağırsınlar” – Müsahibə

hepimiz-azerbaycanliyiz-hepimiz-xocalidaniz-bagirsinlar-musahibe
Oxunma sayı: 652


Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nzərdə tutan qərarı qəbul etməsi qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da kəskin etirazlara səbəb oldu. Müxtəlif formalarda təzahür edən bu etirazlar bu gün də davam etməkdədir. Amma türkiyə mətbuatında yer alan bəzi məlumatlarda Azərbaycanın yetərincə etiraz etmədiyi vurğulanır. Mövzu ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə söhbətləşdik.


- Azərbaycanda Fransa Senatının məlum qərarı çox kəskin qarşılandı və müxtəlif etiraz aksiyaları günlərdir ara vermir. Amma Türkiyədə bəzi dairələr iddia edir ki, bu etirazlar yetərli deyil. Bu iddialar nədən qaynaqlanır?

- Fransa parlamentinin qərarına Azərbaycanda çox qəzəbli etiraz müşahidə olundu. İstər hakimiyyət, Xarici İşlər Nazirliyi, Milli Məclis, istərsə də müxalifət qurumları – yəni ölkədə faəliyyət göstərən bütün siyasi partiyalar bu qərarla bağlı narazılıqlarını bəyan etdilər. Hər gün müxtəlif təşkilatlar Fransa səfirliyinin qarşısında bu və ya digər formada öz etirazlarını ifadə edirlər. Eləcə də Fransa Senatının qarşısında olan etiraz aksiyalarında da Azərbaycan bayraqlarının sayı heç də Türkiyə bayraqlarının sayından az deyil. Bu onu göstərir ki, hər zaman olduğu kimi, Azərbaycan Türkiyə ilə bir yerdədir. Azərbaycan-Türkiyə birliyi dövlətimizin inkişafı, bizim gələcək planlarımız, milli dəyərlərimizi reallaşdırmağımız üçün olduqca vacib bir amildir. Ölkəmizdə bunu gözəl başa düşürlər. Dəfələrlə demişəm ki, Fransa və Amerikada olduğu kimi, Türkiyənin daxilində də erməni lobbisi türk lobbisindən daha güclü işləyir. “Hepimiz Dinkiz, hepimiz ermeniyiz” bağıranlar bu gün Azərbaycan-Türkiyə birliyindən çox narahatdırlar. Çünki bu vəhdət onlar üçün böyük bir təhlükə yarada bilər. Onlar qısqanclıq yaratmağa, iki ölkə, iki millət arasında müəyyən problemləri qabartmaq üçün fəaliyyətə keçiblər. İstərdim ki, Amerikada və Fransada olduğu kimi, Türkiyənin daxilində də türklər və türk birliyini alqışlayan qüvvələr bu lobbinin fəaliyyətindən məlumatlı olsunlar, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən hər bir amilin qarşısında onlar türk marağını görsünlər və bizim birgə dəyərlərimiz uğrunda mübarizəni davam etdirsinlər.

- Necə düşünürsünüz, Türkiyənin bu mövqeyində türk toplumunun özündəki qüsurların rolu varmı?

- Belə bir zarafatyana fikir mövcuddur ki, türklər tarixi yaradır, amma yaza bilmirlər. Son hadisələr də bu fikri təsdiq edir. Biz Qərbdə qəbul olunmuş oyun qaydalarından, texnologiyalardan istifadə etmirik. Fransada da, Amerikada da ermənilər qədər türk yaşayır və Fransanın özündə xeyli müsəlman var. Amma təşkilatlana, birgə fəaliyyət göstərə bilmirlər, siyasi cəhətdən fəal deyillər. Bu səbəbdən də yaxşı təşkilatlanmış ermənilər işlərini bizdən daha yaxşı qururlar. Mən çox istərdim ki, Türkiyənin, İstanbulun, Ankaranın küçələrində “hepimiz ermeniyiz” əvəzinə, “hepimiz azərbaycanlıyız, hepimiz Xocalıdanız” bağırsınlar. O zaman türk lobbisi, ən azı, türk dövlətinin daxilində ermənilərn tutarlı cavabını verə bilər.

- Siz Fransa parlamentinin qərarının Türkiyə-Azərbaycan münasibətlərinə təsirindən danışdınız. Bəs, qərar özü ümumilikdə hansı nəticələrə gətirib çıxara bilər?

- Heç bir nəticəyə gətirib çıxara bilməyəcək. Fransa xalqının dəstəyindən məhrum olan Sarkozi ümidini erməni lobbisinə bağlayıb. Bütün sosioloji sorğular göstərir ki, yaxınlaşan prezident seçkiləri ərəfəsində onun mövqeləri zəifləyib. Mən Fransa parlamentinin bu qərarını demokratik dəyərlərə, söz və fikir azadlığına qarşı addım kimi qiymətləndirirəm. Təsadüfi deyil ki, söz azadlığının keşiyində duran bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa qurumları özləri Fransaya etirazlarını bildiriblər. Tarixi bu günkü siyasi oyunlarda istifadə etmək demokratik dəyərləri və fikir azadlığını məhdudlaşdıran yeni sistemin formalaşmasına səbəb ola bilər. Bu həm Fransanın özü, həm də Avropa dəyərləri üçün böyük bir təhlükədir.

- Bu qərardan sonra Azərbaycan hakimiyyətinin xarici siyasətində Fransa ilə bağlı hansı dəyişikliyi gözləmək olar?

- Fikrimcə, Azərbaycan bu istiqamətdə öz işini Türkiyə ilə birgə aparmalıdır. Təbii ki, rəsmi Bakı öz etirazını bildirməkdə davam etməlidir. Unutmaq olmaz ki, bu gün Fransa Minsk qrupunda həmsədrdir və bu dövlət Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ciddi təsir imkanlarına malikdir. Fransa parlamentinin qəbul etdiyi sözügedən qanunu prezident imzalayarsa, bu artıq dövlət tərəfindən qəbul olunmuş sistemə çevriləcək. Düşünürəm ki, Fransanın Minsk Qrupunda həmsədrliyinə son qoyulmalıdır. Fransa Avropa Biliyi ilə əvəz edilməlidir. Əslində, Minsk Qrupuna ABŞ və Rusiyanın daxil edilməsi düzgündür, çünki Amerika dünyada, Rusiya isə regionda nüfuza malik ən böyük dövlətlərdəndir. Biz çox istərdik ki, prosesdə Avropa Birliyi də iştirak etsin. Fransa bu sənədi qəbul etməklə, artıq, demək olar ki, bizim gözümüzdə inamını itirdi, buna görə də onu Avropa Birliyi ilə əvəz etmək lazımdır.

- Bunun hansısa prosedur qaydası varmı?

- Bu, Minsk Qrupu və ATƏT-də müzakirəyə çıxarılmalıdır. Biz çox istərdik ki, ATƏT-in parlament Assambleyasında da bu məsələyə diqqət yetirilsin. Türkiyə də Minsk Qrupunun üzvüdür və istərdik ki, Minsk Qrupundakı digər ölkələr də, Avropa Birliyi də bu məsələlərdə fəallıq göstərsin. Avropa Biriyində bilavasitə xarici siyasəti həyata keçirən qurum var, Avropa Birliyi artıq vahid mövqeyə malikdir və bu birlik hamının etimadını doğrultmuş qurum kimi Fransanı əvəz etməklə, demək olar ki, prosesə öz müsbət töhfələrini verə bilər.

- Amma təşəbbüs Azərbaycan hakimiyyətindən gəlməlidir, elə deyil?

- Bəli, təşəbbüs həm bizdən, həm də bizə dəstək verən ölkələrdən gəlməlidir və mən ilk növbədə bu dəstəyi Türkiyədən gözləyirəm.

Ann.az