Hər kəs Ümid haqqında eyni söz deyir

her-kes-umid-haqqinda-eyni-soz-deyir-
Oxunma sayı: 1014

Bu gün Azərbaycanda sağlam demokratik düşüncəsi olan hər kəsin istəyi eynidir. Ölkəmizin demokratikləşməsi, söz azadlığı, insan haqları, sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi. Sosial ədalət prinsiplərinin bərqərar olması. Mən heç vaxt, harada təmsil olunmağımdan asılı olmayaraq bu dəyərlərin uğrunda apardığım mübarizəmdən bir addım belə geri çəkilmədim. Zatən təmsilçiliyini etdiyim siyasi təşkilatlar da mənim sadaladığım bu dəyərlərdən bir addım geri çəkilmədi. Bəzən iki addım öndə oldular.

***
Amma fərqlər də var. Doğurdan da dünyanın düzəni, Azərbaycanda siyasi münasibətlər dövr dəyişdikcə fərqli müstəvilərə keçdi. İllər keçdikcə iqtidar müxalifət münasibətlərində çox şey dəyişməsə də, yanaşmaların dəyişməsinin zəruriliyi anbaan betonlaşdı. 90-ların əvvələrindən fərqli olaraq 2000-lərdə siyasi şərait çox fərqliydi. Sonra isə 2010-cu ildən dünya daha da dəyişməyə başladı. Böyük güclərin istəklərində, siyasi yanaşmalarında dəyişikliklər baş verir. Amma çox təəssüf ki, nə Azərbaycan iqtidarı, nə də ənənəvi müxalifəti 20 ildir aparılan siyasi mübarizədən kənara çıxıb dəyişə bilmir. İqtidar amansızlığından, müxalifət də ənənəvi taktikasından başqa heç bir yenilik etmək istəmir, etmir və ya edə bilmir. Azərbaycan insanı 2000-ci ildən etibarən havaya düşürülüb, ümidləndirilir, sonda məğlubiyyət və xəyal qırıqlığına uğrayır. Hər dəfəsində də iqtidar qazanır, taladığı sərvətlərini artırır, bizlər isə ətrafımızdakı insanları itirə-itirə gedirik. İqtidar bizi öz müstəvisinə çəkir, icazəsiz aksiyaların keçirilməsinə şərait yaradır və o müstəvidə də bizi əzir. Dünya da ortada sonuca vara biləcək güc görmür və Azərbaycanda alternativ tapa bilmədiyindən yenə də iqtidarla işləmək məcburiyyətində qalır.

***

Bu ilin mart ayının 11-də sosial şəbəkələrdə bir qrup gənc «Böyük qəzəb günü» adı altında çağırışlar etdilər. Zaman o zaman idi ki, ərəb ölkələrində inqilablar başlanmışdı. Etiraf edək ki, iqtidardakılar 11 martdan çox narahat idilər. Effekt də kifayət qədər yüksək oldu. Hər kəs yeni gənclərin, yeni müxalifətin ortaya çıxa bilməsi ilə maraqlanırdı. Biriləri narahatlıqdan, biriləri istəkdən, biriləri də inqilab sevdasından…
Amma ardından 12 mart mitinqini Müsavat Partiyası təkbaşına olaraq keçirmək qərarı verdi. Daha sonra 2 aprel mitinqi oldu. Və bütün prosseslər də məhz o zamandan başlandı. 2 apreldən sonra iqtidar ənənəvi taktikasını həyata keçirdi – İNSANLARI ŞƏRLƏDİ!
Həbslər başlandı. Daha sonra isə dünya bizə bir mesaj yolladı ki, istefa qışqırmayın. İslahat tələb edin. Sonra bu mitinqlərin azadlıqda olan təşkilatçıları dedilər ki, biz istefa istəmirik, islahat istəyirik. Hər kəs yanlış taktikanın seçildiyinin fərqindəydi.
…Biz bunu başından deyirdik!


***

Biz o qədər az və bir-birimizə yaxınıq ki, sıralarımızdan 15 nəfərin həbs edilərək məhbəsə atılmasının acılarını hamılıqla çiyinlərimizdə daşıyırıq. Bilirik ki, həbsdəki silahdaşlarımızın çəkdikləri əzablar, onların ailələrinin düşdüyü sosial fəlakətli yaşam hər birimizin hər an qarşılaşa biləcəyi bir durumdur. Amma niyə və nəyin uğrunda biz həbsxanaya düşək? Bu sualı verəndə dostlarımız bir az qeyzlənirlər.
Amma azadlıqda olanlar!
Ölkəmizin demokratikləşməsi uğrunda azadlığımızı itirmək bizim üçün faciə deyil. Amma bu o zaman faciə olur ki, biz sadəcə ağır olan həyatımızı bir qədər də ağırlaşdırırıq. …Nəticə isə yoxdur!
Hər birimiz bir günlük yaşamımızı təmin etmək üçün küçələrdəyik. Dostlarımıza baş çəkə onlara maddi və mənəvi olaraq arxa dura bilmirik. Sonucda həbsxanadakılar azadlıqdakılardan qəlbən inciyir. Biz onları itiririk.
İqtidarın istədiyi də bu deyilmi?

***

Biz, Ümid Partiyasının Rəyasət Heyyətində bu ilin martından başlayaraq kütləvi etiraz aksiyaları, müxalifətin birləşməsi məsələlərini həftənin 4-5 günü müzakirə etdik. Çox çabalar göstərdik ki, müxalifət tələm-tələsik etiraz aksiyalarına qərar verməsin. Onsuz da dünyada baş verənlər Azərbaycan iqtidarı üçün ağır bir psixaloji sınaq idi. Tələsmək lazım deyildi. Daha böyük formatlarda birliklərə nail olunmalıydı. Əslində birliyin tamamlanması üçün iki partiya – ADP və Ümidin, AXCP və Müsavatla bir arada olmasını təmin etmək lazım gəlirdi. Dünya bunu istəyirdi. Amma iqtidar bunu istəmirdi. Bunu istəməyənlər, müxalifətin gerçək birliyini istəməyənlər indi bizim prosseslər başlayan ilk günlərdən dediyimiz İSLAHATLAR TƏLƏB ETMƏK prinsiplərinə qayıdır.
Cənab İqbal Ağazadə Milli Məclisin bütün iclaslarında həbs edilənlərlə bağlı adbaad azadlıq tələb etdi. Sərbəst toplaşmaq istəyən insanların hüquqlarının təmin edilməsini tələb etdi. Partiyamız hər gün kifayət qədər konkret olan bəyanatlar yaydı. Beynəlxalq təşkilatlarla, diplomatlarla görüşlərdə ilk söhbət açdığımız mövzu müxalifətə qarşı basqılar bunun durdurulmasıyla bağlı olaraq iqtidara təzyiq etmək oldu. Partiyamızın Rəyasət Heyyətində təmsil olunan funksionerlərimiz İctimai Palatanın aksiyalarına bu və digər bütün formalarda dəstək verdilər.


***

Və nəhayət Azərbaycandakı demokratiya çağırışları ilə bağlı obyektivliyinə şübhə edilməyən ABŞ Dövlət Departamenti hesabat yayaraq Azərbaycan parlamentində tək müxalifət parityası olaraq Ümid Partiyasının və onun sədri İqbal Ağazadənin mövcudluğunu açıqladı. Bundan sonra bizim dediklərimizi, təklif etdiyimiz taktikanı qəlbən dəstəkləyən, bu taktikanın nə qədər faydalı olduğunu bilib, amma sadəcə olaraq quru paxıllıqdan icrada tətbiq etməyən dostlarımızdan müraciətlər aldıq. Gəlin birləşək. Olsun dedik. Amma yenə də şərt qoydular. Və biz nə qədər prinsipial və doğru yolda olduğumuzu, vahid bir komanda, ailə olduğumuzu bir partiya olaraq ortaya qoyduq. Bundan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də ABŞ Dövlət Departamentinin dediklərini eynən təkrarladı. Tək gerçək müxalifət olaraq, gedişi ərəfəsində dövləti qırğınsız, qisassız təhvil verə biləcəyi güc olaraq İqbal Ağazadənin, Ümid Partiyasının adını çəkdi.
Biz doğru yolda olduğumuzdan əminik. Bu əminlik bizə dövlətçilik sevgisini, bu əminlik bizə dava qardaşlarımızın qədrini bilmək sevgisini, bu əminlik bizə hər kəsi bağrımıza basa bilmək, bir yol getmək sevgisini öyrətdi. Bizə bunları vərdiş etdirdi. O səbəbdən də indidən dostlara qəzamız mübarək deyim!