Hər şeyin zibilini çıxarmaq

her-seyin-zibilini-cixarmaq
Oxunma sayı: 676

Söhbət əsnasında məlum oldu ki, ötən illərlə müqayisədə son vaxtlar İranda müalicə və müayinə prosesinin qiyməti bir neçə dəfə qalxıb. Dostum İran səhiyyəsində bahalığın yaranmasına görə, şimaldan gedən soydaşlarımızı günahlandırdı. Dedi ki, müayinə olunmaq üçün Təbrizə və Tehrana gedən bəzi azərbaycanlılar israfçılıq etməklə bu ölkədə də bahalıq yaradıblar. Onun dediyinə görə, bəzi soydaşlarımızın müayinə haqqını artıqlaması ilə ödəməsi klinika sahiblərini qiymətlərə “əl gəzdirməyə” həvəsləndirib.

Ötən həftə Borçalı Türklərinin Elat Mədəniyyət Günündə iştirak etmək üçün Gürcüstana getmişdim. Bakıdan gedən qonaqlar Marneuli rayonunun mərkəzində yerləşən “Star” mehmanxanasında qalırdılar. Təşkilatçılar mehmanxanada qaldığımız hər gün üçün 25 manat ödəyirdilər. Mehmanxananın sahibinə qiymətlərin baha olması ilə bağlı irad bildirəndə belə cavab verdi: “Azərbaycanda 40 manatdan ucuz otel yoxdur. Keçən ay Şəmkirdən olan müştərimiz dediki, bu rayonda fəaliyyət göstərən mehmanxanada bir otağın qiyməti 80 manatdır”. Ağzımı açmağa macal tapmamış sözünün davamını gətirdi: “Bakıdan gələn turistlər deyirlər ki, Azərbaycanda 25 manatı olan adamı heç otelin qapısından içəri buraxmırlar”.

Gürcüstan səfəri çərçivəsində dağların qoynunda yerləşən qədim Dmanisi rayonunda da olduq. Səməd adlı tanışımdan rayon mərkəzində kirayə verilən evlərin qiymətini soruşanda, başını bulayıb, belə dedi: “Müəllim, xətrinizə dəyməsin, sizinkilər Gürcüstanın da zibilini çıxarıblar”. Məlum oldu ki, ötən il evlərini turistlərə cəmi 150-200 lariyə kirayə verən yerli sakinlər indi qiyməti 300-350 lariyə qaldırıblar. Səməd bahalığın səbəbini belə izah etdi: “Ötən il gürcü qonşum evini Bakıdan gələn ailəyə sizin pulla 100 manata kirayə vermişdi. Ailənin başçısı Azərbaycana qayıdanda gürcüyə 200 manat verib və deyib ki, biz Qəbələdə 200 manata cəmi iki gecə qala bilərik. İndi həmin gürcü evini Gəncədən gələn universitet müəlliminə 200 manata kirayə verib”.

Bəzi imkanlı soydaşlarımızın kasıb qonşularımız olan İranda və Gürcüstanda bu cür hərəkət etməsi heç də yaxşı əlamət deyil. Çünki onların “zibilinə” çox baxt bizim kimi sadə adamlar düşür. Buna görə də hər şeyin “zibilini” çıxarmaq olmaz...