“Hər zaman belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq”

her-zaman-bele-olub-bu-gun-de-beledir-gelecekde-de-bele-olacaq
Oxunma sayı: 708


Azərbaycan dövləti ölkəsinin inkişafı ilə yanaşı, Gürcüstanın inkişaf etməsinə də səy göstərir. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycan Respublikası, dövlət rəsmiləri, vətəndaşları öz xalqının inkişafı barədə düşündüyü kimi, Gürcüstanın inkişafı haqqında da düşünür. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların, ümumilikdə Gürcüstan vətəndaşlarının firavan həyatının təmin olunmasında maraqlıdır", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, hər bir xalq, hər bir dövlət ilk növbədə özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən, öz dövlətinin, millətinin maraqlarını düşünür və dövlətin prinsiplərini müəyyən edir, inkişafla bağlı məqsəd və məramları müəyyən edir və onu həyata keçirir.

"İlk növbədə öz xalqının, öz vətəndaşlarının maddi-mənəvi tələblərinin təminatı, iqtisadi, siyasi və sosial təhlükəsizliyi məsələləri, dövlətin təhlükəsizlik maraqları və onların təmin olunması yollarını düşünür. Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resursların istifadəsi taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, heç zaman fərdi qaydada izolyasiya edilmiş formada inkişaf edə bilməz. Bu anlamda Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqları, hansı əqidəyə, hansı mənəviyyata xidmət etməsindən asılı olmayaraq, bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Keçmiş zamanlarda burada yaşayan bütün xalqlar yadelli işğalçılara qarşı birgə mübarizə tədbirləri görüblər. Cənubi Qafqazın hər üç dövləti demək olar ki, eyni vaxtda müstəqillik qazanıb və bir-biri ilə əlaqələndirilmiş siyasət yürüdüblər. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli şəkildə həyata keçirilib", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı həmin dövrdə ermənilərə öz dövlətlərini qurmaq və paytaxt yaratmaq məqsədi ilə özünün qədim, tarixi xanlığı olan İrəvan xanlığını bəxş etdi və İrəvan şəhərini onlara verdi.

"Cənubi Qafqazın tarixində belə genişürəkliliklə atılan addımların siyahısı çoxdur. Bu cür genişürəkli hərəkətləri azərbaycanlılar gürcülərə qarşı, gürcülər də azərbaycanlılara qarşı ediblər. Təəssüflər olsun ki, müəyyən məqamlarda biz bir-birimizə güzəştə getməmişik və bir-birimizin inkişafına mane olan hallara da yol vermişik. Bunlar Dağlıq Qarabağ münaqişəsi və oradakı etnik separatizm, Cənubi Osetiya münaqişəsi və oradakı etnik separatizm, Abxaziya və oradakı etnik separatizmdir. Bütün bunlar kənardan qızışdırılan və Cənubi Qafqaz xalqları arasında nifaq salan hallardır", - Həsənov konfransda çıxışı zamanı deyib.

PA rəsmisi deyib ki, Azərbaycan Cənubi Qafqazın iqtisadi, siyasi, sosial və ümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutub.

"Əvvəla, Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Cənubi Qafqazın ümumi iqtisadi resurslarının təxminən 70%-i Azərbaycana məxsusdur. Cənubi Qafqazın bütün enerji qaynaqları üzrə ən zəngin ölkəsi Azərbaycandır. Azərbaycanın 30-50 ilə çatacaq neft ehtiyatı, 120 ilə çatacaq təbii qaz ehtiyatı var. Azərbaycanın yalnız neft və qazdan olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, 100 il ərzində böyük vəsait edir ki, bu da tək Azərbaycan xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına bəs edəcək sərvətdir. Azərbaycan öz təbii resurslarının istifadə edilməsi taktikasını müəyyən edərkən təkcə Azərbaycan xalqının maraqlarını düşünməyib, bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açıb. Bu sərvətlərdən gürcü xalqı da istifadə edə bilər, erməni xalqı da bəhrələnə bilər. Bu neft və qaz məhsullarından Gürcüstan da, Ermənistan da firavanlığı üçün istifadə edə bilər. Yetər ki, onlar Azərbaycanın müstəqil dövlətçiliyini dəstəkləsinlər və Azərbaycan dövlətinə xoş gələcək arzulasınlar. Əməkdaşlıq üçün bizim bütün qapılarımız açıqdır", - Həsənov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstanla strateji müttəfiqliyi dünyada ən yaxşı strateji müttəfiqliyin nümunəsini ortaya qoyub.

"Azərbaycan və Gürcüstan bütün dar məqamlarda bir-birilərinə əl tutublar. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin sayına görə kiçik dövlətlər hesab olunsa da, geostrateji cəhətdən olduqca əhəmiyyətli ölkələrdir", - PA rəsmisi deyib.

Konfrans bu gün işinə başlayıb və iki gün davam edəcək.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.