“Həyatımız risk altındadır”

heyatimiz-risk-altindadir-
Oxunma sayı: 760

“Qafqazinfo”nun məlumatına görə, o öz müraciətində ötənilki daşqınlardan sonra evinin qəzalı vəziyyətə düşdüyünü, indiyə qədər etdiyi müraciətə lazımi cavab ala bilmədiyini və hal-hazırda evində yaşamağın təhlükəli olduğunu qeyd edib. O, daşqın nəticəsində 1955-ci ildə torpaq kərpicdən tikilmiş, həyat yoldaşı, oğlu, qızı, 3 nəvəsi olmaqla ümumilikdə 8 nəfərin yaşadığı evə ciddi ziyanın dəydiyini vurğulayıb: “Müraciətimə baxmayaraq, nə Fövqəladə Hallar Nazirliyi, nə İmişli Rayon İcra Hakimiyyəti, nə də sonuncunun yaşadığım ərazi üzrə nümayəndəliyi tərəfindən evimə vaxtında baxış keçirilməyib. 2011-ci ilin fevralın 21-də mən Fövqəladə Hallar Nazirliyində qəbulda olmuş və ayrı-seçkiliyə məruz qalmağımızdan şikayət etmişəm. Yalnız bundan sonra FHN-in və İmişli RİH-in nümayəndələri gəlib evimə baxmış, lakin baxış haqqında akt tərtib etməmiş və mənə gələcəkdə hansı tədbirlər görüləcəyi barədə heç bir məlumat verməmişlər. Dəfələrlə İmişli RİH-ə şəxsən müraciət etmiş, buradan “eviniz təmirə yazılıb” deyilsə də, rəsmi sənəd təqdim olunmamışdır.

Hazırda qəzalı vəziyyətdə olan evdə yaşamaqla həyatımız risk altındadır. Belə ki, hər dəfə yağıntı olanda yaşayış şəraitimiz çətinləşir və evin başımıza uçacağına görə narahatlıq keçiririk. Mütəmadi olaraq su əhatəsində qaldığından evin özülü yuyularaq ovulub gedir. Divarlardakı çatlar get-gedə dərinləşir. Son vaxtlar qorxumuzdan gecəni qonşuların evində qalırıq. Əlavə olaraq bildirim ki, mən 5 aydır xərçəng xəstəliyindən əziyyət çəkirəm, həyat yoldaşım isə hər iki gözündən əməliyyat olunub və görmə qabiliyyətini itirib. 8 nəfərdən ibarət ailəm bizim birgə aldığımız 170 manat (95m + 85m) pensiya ilə dolanır, yeni ev tikməyə imkanımız yoxdur. Hazırda qəzalı vəziyyətdə olan evdə 7, 12 və 13 yaşlı 3 nəfər azyaşlı uşaq yaşayır.

Hesab edirəm ki, 2010-cu ildə baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət orqanlarının qəbul etdiyi qərarların icrası zamanı ayrı-ayrı vəzifəli şəxslər qanunsuz hərəkətlərə və hərəkətsizliyə yol vermişlər. Bunun nəticəsi olaraq mən və ailə üzvlərim dövlət yardımından qanunsuz olaraq məhrum edilmiş, yalan vədlərlə aldadılmış, ayrı-seçkiliyə məruz qalmışıq. 2010-ci ildə baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli, 197s saylı sərəncamı ilə yaradılmış dövlət komissiyasının təyin etdiyi nümayəndələr tərəfindən ailə üzvlərimlə birgə yaşadığım, İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi evimə təkrar baxış keçirilməsinə və onun nəticəsi barədə obyektiv rəy verilməsinə köməklik etməyinizi xahiş edirəm”.