Həyatımızın rəngləri

heyatimizin-rengleri
Oxunma sayı: 698

Nəhayət, bu ilin fevralında tortlar paytaxtda da diqqəti cəlb elədi və prezidentin fərmanı ilə Əzizov Bakının qulağının dibinə gətirildi - Sumqayıta icra başçısı qoyuldu. O vaxtdan qəlbimizdə böyük nigarançılıq yaranmışdı, fikirləşirdik ki, Eldar bəy Gəncədən çıxdı getdi, bəs tortu kim bişirəcək. Ancaq narahatçılığımıza son qoyuldu, bugünlərdə Əzizov prezidentin doğum günü münasibətiylə 50 metr uzunluğunda yeni bir tort bişirib Sumqayıt zəhmətkeşlərinə payladı.

Dövlətçilik ənənələrinin yaşadılması qəlbimizi fərəh hissləri ilə doldurur. Dünyanın heç bir yerində bu cür siyasi-şirniyyat adəti yoxdur. Məsələn, Londonda mer kraliçanın doğum günü münasibətiylə 1 yard uzunluqda tort bişirsə dərhal cəmiyyət ondan hesabat istəyər. Yumurtaları hansı toyuğun altından çıxardıb, nə qədər şəkər tozu alınıb, kimin puluna torta krem çəkilib və sairə - hamısını bitdə-bitdə merdən soruşarlar, cavab verə bilməsə tortun şamını həmin merin münasib yerində yandırarlar. Bizdə isə şükürlər olsun, cəmiyyət belə axmaq işlərlə məşğul deyil, əksinə, tort hazır olanda basabas yaranır, hər kəs plastik çəngəl-boşqabını qapıb payını almağa çalışır.
Çalışmaq lazımdır belə dövlətçilik adətləri yaşadılsın. Ölkəmiz məhz bu yolla rəngarəng olacaqdır.

Rəng demişkən, bu saat bu məsələ də olduqca aktualdır. Keçmiş vicdan məhbusu və dəyərli həmkarımız Eynulla Fətullayev azadlığa çıxandan sonra yüksək sürət və əzmkarlıqla bir qeyri-hökumət təşkilatı yaratmışdır, vaxtaşırı zindanlara baş çəkir, oradan bizə sevinc dolu xəbərlər gətirir. Deyir zindanlara Mədət Quliyev başçı qoyulandan sonra böyük dəyişikliklər olmuşdur, bir çox qazamatlarda divarlar al-əlvan boyanmış, bəzi yerlərdə isə hətta hamam və tualetlər məhbusların istifadəsinə verilmişdir! Halbuki, qabaqlar məhbuslar yalnız azadlığa çıxanda tualetə gedirdilər. Məhbuslar Eynulla bəyə deyiblər ki, özümüzü yaxşı aparsaq zindanda hovuz düzəldib içinə su da buraxacaqlar.

Ancaq ömründə bir gün qazamatda olmayıb ordakı rəngarəngliyi görməyən bəzi destruktiv jurnalistlər bu tip açıqlamalarına görə, yapokratik rejimin zindanlarını idealizə etməsi üzündən onu tənqid edirlər. Deyirlər nə oldu, a bəy, bəs sən qazamatda olanda ayrı söz deyirdin, indi niyə dəyişmisən. Fətullayev bu insanlara unikal cavab vermişdir, deyir, həyat ağ və qara rənglərdən ibarət deyil, qırmızı, yaşıl və başqa rənglər də vardır.

Gerçəkdən, həyatda yeddi rəng və çoxlu sayda rəng çalarları vardır. Məsələn, boz rəngi götürək. Qara ilə ağı qatışdıranda boz alınır. Yaxud qırmızı ilə sarının sintezi narıncı rəngi verir. Hansı rəngi görmək insanın gözündən asılıdır, subyektiv bir şeydir. Belə baxanda heç təbiətdə rəng yoxdur, bunları biz gözümüzə düşən işıq şüası ilə “rəngləyirik”. Əgər adamın gözünə babat mənbədən işıq düşürsə, şübhəsiz, o rəngləri də yaxşı seçəcəkdir. Əks halda 100 dolların yaşıl, 100 manatın bənövşəyi olduğunu seçmək çətindir.
Biz çox şadıq ki, Fətullayev rəng kompozisiyaları üzrə bilikli adamdır. Ola bilsin asudə vaxtlarında o, rəsm əsərləri də yaradır. Ümid edirik tezliklə sənətkarın tablolarından ibarət sərgi də görəcəyik.

Ümumən, bizim zindanlarda incəsənətin rəssamlıq qolu ilə məşğul olmaq üçün olduqca münbit şərait yaradılıbdır, bu münasibətlə zindanbaşı cənablarına bütün sənətsevərlərimiz adından dərin minnətdarlığımızı bildiririk. Məsələn, Hacı Məmmədovun tabloları dünya qalereyalarını bəzəyir, onun bu müqəddəs işdə vasitəçisi isə başqa rəng duyumlu hüquq müdafiəçimiz Elçin Behbudov yoldaşdır.
Rəngləri görmək üçün Əzimzadə adına rəssamlıq məktəbinə girməyə heç bir ehtiyac yoxdur, çalışıb qazamata düşmək yetər. Orada gözü açılmış, həyatına rəng qatılmış nə qədər adam tanıyırıq...

musavat.com