Heydər baba, bağışla gileyimə görə

heyder-baba-bagisla-gileyime-gore-
Oxunma sayı: 642



BİSƏT

Sən şöhrətli ailədə doğulmadın! Çünki şöhrəti özün qazanmalıydın! Qazandın da! Sən adi, sadə bir ailədə dünyaya göz açdın! Çünki adi, sadə insanların halına yanmalıydın! Əzab-əziyyətin nə olduğunu bilməliydin ki, əzab-əziyyət içində olanların qədir-qiymətini biləsən! Bilirdin də!

Sən – adi, sadə, göygözlü, ağbənizli bir naxçıvanlı balası bilmirdin ki, qarşıda necə bir tale ilə üzləşəcəksən. Min bir güzəran çətinlikləri içində dərslərini hazırlayır, sinif yoldaşın Zəroşla birgə məşhur aktyor, Naxçıvan cavanlarının kumiri İbrahim Həmzəyevin dərnəyinə gedir, özünü səhnədə görürdün. Sonra o balaca Zəroş Naxçıvan səhnəsinin kraliçası – Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva oldu! Səni isə Azərbaycan siyasi səhnəsinin kralı olmaq gözləyirdi! Taleyin yazısı insanın istəyindən güclü idi!

Bakıya gəldin, dövlət qulluğunda işə girdin, çevikliyin, intizamın, ağlınla yuxarıların diqqətini çəkdin, qiymətləndirildin, pillə-pillə qalxdın. Tale səni ən böyük mənəvi dəstəyinlə, Xədiceyi-Kübranla – Zərifə xanımla qarşılaşdırdı. Sevginin və sədaqətin örnəyinə çevrildiniz! Övladların dünyaya gəldi. Buracan olanlar sənin həyatının birinci dövrü, bura qədərkilər sənin BİSƏT iniydi! Sən böyük bir missiyanın icrası üçün hazırlanırdın! Bu, taleyin hökmü idi! Bu, sənin hünəriniydi!

DƏVƏT

Sonra SSRİ adlı həmin nəhəng imperiyanın başında duranlar gördülər ki, Azərbaycan taxtında əyləşməyə səndən layiqli namizəd yoxdur. Hakimiyyətə dəvət olundun. Birinci hakimiyyət dövrün başladı. Qəlbinin bir istəyi, dilinin bir sözü oldu – AZƏRBAYCAN! Kommunist Partiyasının bileti döşünün üstündə, Azərbaycan sevgisi döşünün altında oldu! Sənin yenilməz iradənin gücüylə Azərbaycan adlı qartal öz qanadlarını açıb SSRİ adlı nəhəng bir səmada qalibiyyətlə pərvaz etməyə başladı. Şovinist rusların, paxıl ermənilərin, özündənrazı gürcülərin, çoxbilmiş yəhudilərin arasında sən Məhəmməd Hadinin nakam bir arzusunu həyata keçirdin: “Qoymuş milləl imzasını övraqi-həyata, VAR millətimin xətti ol imzalar içində!”

Onlar bizim Yevtuşenkomuz var deyəndə, sən bizim də Vahabzadəmiz var deyirdin. Onlar öz Matevosyanları ilə qürur duyanda, sən Anarla fəxr edirdin. Onlar Kobzonumuz, Zıkinamız, Osparyanımız var deyəndə, sən bizim də Maqomayevimiz, Xanlarovamız var deyirdin. Onlar bizim Mordyukovamız, Doroninamız var deyəndə, sən bizim də Məmmədovamız, Pənahovamız var deyirdin. Onlar Rustavelidən, sən Nizamidən, onlar Data Tutaşxia, Sasunlu Daviddən, sən Qaçaq Nəbi, Koroğoludan bəhs edirdin. Onlar gümüşlənmiş öküz buynuzlarını qaldırıb böyük bir fəxarətlə özlərini şərab, bizi “çay oğlu” adlandıranda sən üzümçülük mədəniyyətini inkişaf etdirir, öküzün buynuzunu qırırdın. Sən özünün yorulmaz yarış ruhunla daha nələr eləmirdin... Sən SSRİ-ni dindən-imandan eləyirdin. Sən SSRİyə Azərbaycan adlı yeni bir İNANC gətirirdin! Sən yeni bir Şah İsmayıl idin! Sən rus, erməni, gürcü... bütlərini yıxırdın! Sənin adın bütün SSRİ ilə bir olmuşdu! Sən Azərbaycanın adını bütün SSRİ ilə bir eləmişdin!

Bu mümkünsüzü necə mümkün eləyə bilirdin? Çünki konkret siyasi durumu, tarixi situasiyanı dəqiq görən iti zəkanla sağa-sola ifratlardan yan keçir, qızıl ortanı tuta bilirdin. Birmənalı kommunist ideologiyası, yoxsa radikal millətçilik! Sən Nizaminin Bəhramı kimi qələbə tacını bu ifrat və təfrit şirləri arasından götürdün! Azərbaycanın gələcəyinə dair bəlkə də ən böyük xəyallarla yaşayırdın. Amma nəhəng sovet imperiyasının real gücü qarşısında xülyalara da qapılmırdın! İncəsənətə, ədəbiyyata heyrətamiz bir sevgi bəsləyən romantik, duyğusal bir insanıydın! Amma bayağı, romantik, siyasi uzaqgörənlikdən uzaq “vətənpərvərliyə” də uymurdun! Reallıqla hesablaşmaq və konkret durumda mümkün olanları etmək! Sənin ildırım sürətli siyasi uğurlarının əsasında bu müdrik qənaət durdu. Səndə qılınc və qələm birləşmişdi! Sən yeni bir Nərimanov idin!

Sən SSRİ siyasi mənzərəsinə təyyarə uçuşundan baxır, panoramı bütöv görürdün. Ona görə müdrikiydin. Ona görə səhv eləmirdin. Bu müdrikliyinlə də sən öz xalqının tarixi taleyində silinməz izlər qoydun! Bu müdrikliyinlə də sən İŞ görə bildin. Buracan olanlar sənin həyatının ikinci dövrü, bura qədərkilər sənin DƏVƏTiniydi! Daha böyük missiyan hələ qabaqda idi!

HİCRƏT

Sonra gördün ki, Azərbaycanı on beş “qardaş” arasında başa çıxarmaq üçün başa keçməlisən. Sonra gördülər ki, artıq Azərbaycana sığmırsan. Səni Kremlə çağırdılar. Doğma Bakıdan hicrət elədin. Məkkədən Mədinəyə vardın! Amma ruhən yox, cismən! Əlin həmişə Vətənin üstündə oldu! Gözün həmişə Azərbaycanın üstündə oldu! Davan həmişə Azərbaycanın üstündə oldu! Qromıkolar, qrişinlər, qorbaçovlar... Bir sürü slavyan şovinisti arasında tək qaldın! Tale ən böyük mənəvi dəstəyin Zərifə xanımı da əlindən aldı! Sənin Zeynəbin, Həfsən, Ayişən olmadı! Sənin sədaqətin oldu! Dastanlara sığmayacaq bir sədaqət! Bu sədaqətlə də dəhşətli sınaq dövrüylə üz-üzə qaldın! Sənin siyasi peyğmbərliyinə slavyan-yəhudi Mədinəsi biət eləmədi! Öz Məkkəndən də dalınca daş atanlar az olmadı! Yeganə hayanın, yeganə dayağın Tanrıya inancın, Azərbaycana sevgin oldu! Bu sevgini sənə bağışlamadılar! Azərbaycanlı olmağını əvf eləmədilər! Ağıllısan, müdriksən, Kremlə rəhbərlik edəcək qədər təcrübəlisən, lap belə dahisən, amma slavyan deyilsən dedilər! Slavyan-rus mühiti sənin timsalında özünün ən böyük rəqibini gördü! Və ən böyük səhvə yol verdi – SSRİ-ni nə Qromıko, nə Qrişin, nə də Qorbaçov yox, yalnız sən qoruyub saxlaya bilərdin! Tanrı bunu istəmirdi! Sən tarixin gedişini dəyişə bilərdin! Tarix bunu istəmirdi! Dünya da bunu başa düşürdü! Vatikana, Qərbə və Amerikaya özünün bayağı yenidənqurması və dəhşətli yenidənqırması ilə Qorbaçov sərf eləyirdi! Əliyevdən xilas olmaq lazımıydı!

Azərbaycan fobiyası, türk fobiyası, müsəlman fobiyası baş qaldırdı! Nərimanovu cismən zəhərləyən slavyan-erməni mühiti səni ev dustağı elədi, mənən zəhərləmək, mənən sındırmaq istədi! Bacarmadı! Topxanadan bir ağac kəsdilər, Azərbaycan dedin! Qarabağ olayları başladı, Azərbaycan dedin! Yanvar qırğını baş verdi, Azərbaycan dedin! Tanrı sənə dayaq durdu! Vətən eşqi sənə güc verdi! Və ölümə qalib gəlib Azərbaycana döndün! Həyatımın yerdə qalan hissəsini də Vətənə həsr edəcəyəm dedin! Buracan olanlar sənin həyatının üçüncü dövrü, bura qədərkilər sənin hicrətiniydi! Əsas iş - maqnum opus hələ səni gözləyirdi! Sən Vətəni xilas etməliydin! Vətən səni gözləyirdi!

NÜSRƏT

Qaytıdın! Nə qoyub getmişdin, nələr gördün! Aclıq, müharibə, siyasi hərc-mərclıik, iqtisadi xaos, vətəndaş qarşıdurması, tüstüsü kəsilən ocaqlar, zülmətə qərq olmuş kəndlər, Əlikram Hümbətov, Surət Hüseynov, Rövşən Cavadov qiyamları, Sadval...və yaddan çıxmış Qarabağ – “Yağı səni nerədən daramış, gözəl yurdum!” Qazan xandan fərqli atın da yoxuydu ki, boynuna sarılıb ağlayasan! Ürəyini qucaqladın! Vətəni ürəyinin başına sıxdın! Bu ürəklə də atəşkəsə nail oldun, siyasi, iqtisadi xaoca son qoydun, vətəndaş qarşıdurmasını aradan qaldırdın. Torpağı kəndliyə verdin, əsrin neft kontraktını imzaladın. Qaçanı qovmadın, aman diləyəni öldürmədin! Sonuncu məişət əşyalarını satmağa hazırlaşan sənət adamlarını dilənçiliyin asdtanasından qaytardın, ədəbi-mədəni həyatı öz ritminə qaytardın... Və öz tarixi missiyanı başa yetiridin – çağdaş Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni bünövrəsini qoydun! Qalib gəldin! Amma qarşılığında ürəyini verdin, həyatını verdin...

Bura qədərkilər sənin həyatının sonuncu – dördüncü dövrüydü. Bu, sənin NÜSRƏTiniydi! Bu, sənin son qələbən idi! Sən Azərbaycan siyasətinin peyğəmbəri idin! Sənin Quranın qurduğun Azərbaycan idi! Ölməzlərə də rəhmət düşür! Allah sənə rəhmət eləsin, Heydər baba!

P.S. Heydər baba, bağışla gileyimə görə. Yadındadır, Zərgərpalanda Yazıçılara ev tikilməsi üçün torpaq bağışlamışdın. Orda indi hündür bir göydələn tikilib. Doqquz mənzil də yazıçılara veriblər. Amma sənin vaxtında bir yazıçıya dördotaqlı mənzil verirdilərsə, indi dörd yazıçını bir otağa verirlər. Bircə dəfə bu problemi çözəcək adamların yuxusuna gir, de ki, niyə mənim mədəni kursumu davam etdirmirsiniz? Axı mən yazıçıya, sənətkara belə bihörmət yanaşmırdım! Göstərəcəyin köməyə görə ruhun qarşısında bəri başdan baş əyirəm!

Əsəd Cahangir, xüsusi olaraq “Qafqazinfo” üçün