“Heydər Əliyev məcbur etdi, Səfər Əbiyev Azərbaycan türkcəsini öyrəndi” – Müsahibə

heyder-eliyev-mecbur-etdi-sefer-ebiyev-azerbaycan-turkcesini-oyrendi-musahibe
Oxunma sayı: 867

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun “Qafqazinfo”ya müsahibəsi:

- Pənah Hüseyn bir neçə gün əvvəl Sizin partiyanın qərargahına hücum etmişdi və bu qalmaqala çevrildi. Pənah Hüseynin bu addımını necə qiymətləndirirsiniz?

- Bu barədə məlumatım yox idi, Bakıda deyildim. Eşidəndə həm təəccübləndim, həm də təəssüfləndim. Amma bildim ki, bu məsələ Pənah bəylə Fikrət bəyin arasında olub və özləri məsələni həll ediblər. Sadəcə olaraq yolverilməz onu hesab edirəm ki, bura çox hörmətli İqbal bəyin sürücüsü və mühafizəçisi filan gəlib… Amma nəticə olaraq məsələni yoluna qoyublar. Bu iki nəfərin arasında olan bir məsələdir. Amma nə qədər təəssüflənsəm də bunun ictimailəşməsinin də ziyanı yoxdur. Olmuş hadisədir, ictimailəşib. İctimai qınaq obyektinə çevrilib. Bunu da normal, təbii qarşılayıram.

- Amma Pənah bəyin vaxtilə də, indi də sizinlə münasibətləri çox normaldır. Birdən-birə onun sizin partiya ilə bağlı ittihamlar səsləndirməsini necə qiymətləndirirsiniz?

- Burda məsələ bu cürdür ki, ciddi fikir toqquşması var. O da birbaşa İctimai Palatanın qarşısına qoyduğu məqsədlərə çatmamasından irəli gəlir. Yaxud İctimai Palata ilə bağlı orda olan insanların, onu quranların özlərinin etimad və sairləridir. Burda elə başqa bir şey yoxdur. Pənah bəyin fikirləri də bundan qaynaqlana bilər. Bir də mətbuatda olan anlaşılmazlığın təsiri ola bilər. Hələ Pənah bəylə görüşməmişik, telefonla danışmışıq. Həm də bizim bu təşkilat Pənah bəyə doğma təşkilatdır və hesab edirəm ki, eləcə də Pənah bəy də bu cür düşünür ki, bura onun öz təşkilatıdır. Öz təşkilatına bu formada gəlməzlər, amma belə də gəlmək də olar. O belə hesab edib, belə gəlib.

- Hər halda onu ora gətirən səbəblər də vardı. Fikrət bəyin ona kloun deməsi bu addımın atılmasına səbəb olub…

- Ona qədər də axı bəzi qarşılıqlı məsələlər vardı. Onun üzərində dayanmaq istəmirəm. Onlar özləri məsələlərini həll edirlər. Bizim müdaxiləmizə daha ehtiyac qalmır.

- KXCP-nin qurultaydan artıq xeyli vaxt keçib. Bu qurultay sizin partiyanın həyatında ciddi bir irəliləyişə, ciddi addıma səbəb oldumu?

- Qurultay cəmiyyətimizdə yeni bir mərhələnin başlamasının göstəricisi oldu. Qurultayda iştirak edən şəxslər də - qonaqlarımızı nəzərdə tuturam, onlar özləri də bunu dəyərləndirdilər ki, bir mərhələ başa çatıb və növbəti mərhələdir. Bizim qurultayı qiymətləndirən insanlar xeyli etiraflar etdilər. Etiraflar bundan ibarət idi ki, qurultay sırf Klassik Xalq Cəbhəsi Partiyasının qurultayı olmadı. Qurultayımız əslində xalq qurultayı oldu. Həs kəs sözünü dedi, mövqeyini ortaya qoydu, belə demək mümkündürsə, özünü tapdı, mütaliə elədi. Bu təkcə bizim işimizə verilən qiymət deyildi, son illərdə son 5 ildə ümumiyyətlə Azərbaycanda siyasi müstəvidə olan inkişafa münasibətlər inkişafına, axtarışlara, tapıntılara, o cümlədən də bizim fəaliyyətimizə qiymət idi. Onlara bu qiymətə gör təşəkkürümüzü bildirdik, bu təkcə bizim olmadı. İkincisi KXCP olaraq özümüzü cəmiyyətdə təsdiq etdik. Baxmayaraq çoxdandır siyasətdə varıq. Amma təşkilatımız xeyli müddət idi, 2000-ci ildən 2007-ci ilin yanvarına qədər qeydiyyatsız idi. Bu ağır mərhələ idi. 7 ilə yaxın vaxtda qeydiyyatsız qalmaq, həm siyasi fəaliyyət göstərmək, həm də kimin necə adlandırmasından asılı olmaq. Bu mərhələ arxada qaldı. Bütövlükdə həm də təşəbbüsündə olduğumuz ideyaların gerçəkləşməsi istiqamətində də addımlarımız vardı, bu da dəyərləndirildi. Həm də bu artıq rəhbərlikdə yeni insanların, xüsusilə gənclərin olması, bütün bunlar həm də növbəti mərhələnin başlanğıcı demək idi.

- Qurultaydan sonra yeni komanda tam formalaşdımı?

- Ali Məclisin sədr müavinləri, İdarə Heyəti formalaşıb. Digər təşkilati strukturlar var ki, onlar da formalaşmaqdadır. Komanda formalaşıb.

- Hakimiyyətə qarşı münasibətdə yeniləşmiş komanda ilə radikal dəyişikliklərə nail ola biləcəyinizi düşünürsünüzmü?

- Təbii ki, olacaq. Hakimiyyət özündə dəyişiklik etməsə, islahatlara getməsə, cəmiyyətin sosial sifarişini qulaq ardına vursa, ənənəvi olaraq öz fəaliyyətində dəyişiklik etməsə, biz hakimiyyəti dəyişməyə məcbur etmək gücü özümüzdə görürük.

- Amma hakimiyyətdə siz dediyiniz niyyətlər hiss olunmur...

- Hiss olunmursa, biz öz gücümüzü onlara hiss etdirməliyik. Məncə hakimiyyət bütün hallarda dialoqa getmək, islahatlara başlamaq məcburiyyətində qalacaq. O təkcə bizdən asılı olan məsələ deyil. O dünyada baş verənlərdən, hakimiyyətin özünün içərisində olanlardan, o cümlədən də verdiyi vədlərdən və sairədən irəli gələn məsələlərdir. Başqa cür mümkün deyil. Dəyişməsə də dəyişməlidir.

- Ərəb inqilabları başlayan zaman Azərbaycan hakimiyyəti islahatlara başlamaq və korrupsiya ilə mübarizə sahəsində bəzi addımlar atdı. Belə hiss olunur ki, bu proses artıq başa çatıb. Siz necə düşünürsünüz?

- Buna başlanğıcda kampaniya dedik, bəyənmədilər, qəbul etmədilər. Dedilər ki, bu prosesdir. Hətta dövlət başçısının açıqlamasında məxsusi olaraq bunun bir proses olmasını və uzunmüddətli olması göstərilirdi. Amma Azərbaycanda yaşayan hər kəs bilir ki, bu kampaniya artıq bitdi. Yəni, korrupsiya kampaniyası, korrupsiyaya qarşı mübarizə bitib. Hətta o ötən günlərin, ayların faizləri alınır. Hətta məsələ o dərəcədə dəhşətlidir ki, məsələn dövlət başçısı Sumqayıt şəhərində olur, ona təqdim edirlər ki, məscidin tikintisi. Amma orada məscid yox təzə minarə tikib, məscid tikintisi kimi təqdim edirlər. Deməli artıq başqa məsələlər var, hətta belə bir müqəddəs yerin özündə belə bu cür məsələlər olursa, özü də ən yüksək səviyyədə, deməli hələ nələrsə qalır. Yaxud, olduğu yerləri deyirəm mən, orada Heydər Əliyev adına park var. Hər icra başçısı dəyişəndə onun sütunlarını dəyişdirirlər. İndi təzə icra başçısı onun bütün giriş hissəsini, arka və sütunları yerlə yeksan edib, təzədən yeyinti yerləri, korrupsiya yerləri, mənimsəmə yerləri müəyyənləşdirdib və bunu da şəxsən dövlət başçısının özünün iştirakı ilə edirlər. Yaxud körpülər, yollar açılır bir müddətdən sonra görürsən ki, darmadağın olub. Bunlar öz yerində, səhiyyədə, təhsildə filan hər şey bərbaddır. Bütün bunların hamısı təbii ki, sizin dediyiniz kimi heç nə edilmədi, bir kampaniya oldu və keçdi. Amma, çox böyük və güclü dalğa gözlənilir. Yəni, bu Ərəb dünyasından asılı olmayaraq, dünyada baş verənlərdən asılı olmayaraq artıq Azərbaycanda vəziyyət kritik həddədir, sosial partlayış həddindədir. Baxmayaraq ki, bizim dövlət məmurlarımız kifayət qədər korrupsionerdirlər, bu qədər səriştəlidirlər, çox təcrübəlidirlər və dünyaya nümunədirlər, amma o qədər də ağılsız deyillər. Onların kifayət qədər hesablama imkanları da var və bu tam tükənməyib və korrupsiyaya bulaşmış bu insanlar heç də ağıllarını da itirməyib.

- Mirmahmud bəy, o dalğa kimin üçün təhlükə yaradır? Hakimiyyət üçün o bəllidir, müxalifət üçün də o dalğanın təsiri ola bilərmi?

- Ola bilər ki, olsun. Mən hesab edirəm ki, bu dalğanın məsuliyyəti daha çox kimin üzərindədirsə, dəyişikliyi kim daha çox etməlidirsə, islahatı kim daha çox aparmalıdırsa, təsiri də daha çox ona olacaq. Arzu olunan budur ki, Azərbaycan hər kəsin çalışdığı, arzuladığı odur ki, ərəb dünyasında baş verənlər Azərbaycanda baş verməsin. Suriyada, Liviyada baş verənlər burada təkrarlanmasın. Daha sivil bir formada olsun. Dünya da daha çox bunu istəyir. Ona görə də bizim beynəlxalq aləmdəki səriştəsizliyimizin nəticəsi olaraq alınmayan işlərimizin bir səbəbi də həm də budur. Dünyanın da istəyi budur ki, bu problemlər normal və kompleks həll olunsun. Qarabağ məsələsinin də həllinə mane olan məsələlərdən biri və birincisi korrupsiya və rüşvətxorluqdur, antidemokratik hərəkətlərdir, söz azadlığının, sərbəst toplaşma azadlığının olmamasıdır və s. demokratiyadan uzaq düşməyimizdir.

- Siz Sumqayıtdan yeni icra başçısından danışdınız. Siz özünüz də Sumqayıtda yaşayırsınız. Yeni icra başçısı ilə bağlı mətbuatda da mütəmadi olaraq məlumatlar gedir. Siz yeni icra başçısının fəaliyyətindən nə deyə bilərsiz?

- Burada məsələ ciddiliklə belədir. Məsələn, bu başçını mən elə-belə tanıyıram, kənardan. Bu başçının da digər başçılardan o qədər də fərqi yoxdur. Bu gün gəldiyi yerdə onun yerinə gələn icra başçısı bunun gördüyü işlərin hamısını silməklə məşğuldur. Məsələn Şamaxının icra başçısı neçə gündür mətbuatın gündəmində olan bir mövzu vardı ki, eşşək heykəli, araba nə bilim və s. məsələsi. Bu icra başçısının da gələn kimi mətbuata, mətbuat yayımına hücumu hər kəsə bəllidir. Mətbuatda yazılanların, tənqid olunanların bir qismini tənqid olunan şəxslər özləri yazdırır. Özünü gündəmdə saxlayır. Bu başçıların nə qəribəlikləri var? Bunlar bütövlükdə öz cinayət işlərini, bütün biznes işlərini gizli saxlamaqdan ötrü prezident sərəncamı ilə təyin olunduqlarına görə kim hara gedirsə bütün komandasını yığıb özü ilə aparır. Bu gün Sumqayıtda o qədər kadr potensialı var ki, ölkəyə yararlı kifayət qədər insan var. Bu da gələndə oradan özü ilə xeyli kadrlar gətirir, bəlkə də bu, inzibati amirlik sisteminin xüsusi qaydalarıdır ki, onları gətirir. Fərz edək ki, aparatını gətirir, amma bu həm də MTN-i gətirir, həm də sabah yəqin polisi dəyişəcək, o birisi gün prokuror dəyişiləcək. İcra başçısı əgər bu cür işləyirsə, o cümlədən də hamısı bu cür işləyirlərsə, bu artıq böyük bir fəlakətdən xəbər verir. Bütün kadrlar ancaq öz doğma adamları olmalıdır. Mən bildiyim qədərilə hətta bir icra başçısı var ki, onun ailə üzvlərindən birisi heyvanat aləminin heykəllərini yaratmaqla məşğuldur, ona görə də bu ölkənin yarısnı heyvanat heykəlləri bürüyüb. Bu başçının hələ ki, xoş sorağı görünmür. Digər məsələlər var ki, açılışlar və s. Məsələn o gün Sumqayıtda Olimpiya kompleksinin açılışı oldu, 1 il bundan əvvəl tikilirdi, təmir edilirdi və s. Yəni o köhnə də qalsaydı açılacaqdı. İndi yəqin ki, həm də kadrları təqdim etmək lazımdır. Məncə o başçıları təqdim edənlər, təyin edənlər xüsusi olaraq fikirləşməlidir. Bu icra başçılarının başı nəzər alınmır, heç olmasa ayaqları nəzərə alınmalıdır.

- Bir müddət əvvəl KXCP Mədəniyyət Nazirliyində dil problemi ilə bağlı bəyanat yaymışdı ki, orada hər kəs rus dilində danışır. Bir neçə gün əvvəl Fəzail Ağamalı da bu məsələni qaldırdı. Yəni, Azərbaycanda azərbaycan dilində danışılması ilə bağlı. Bu məsələyə sizin münasibətiniz necədir?

- Azərbaycan dövlət dili “azərbaycan dili”dir və bu doğru deyil. Dünyada Azərbaycan dili adında dil yoxdur, türk dilidir. Heç bunun adı düz deyilmir. İndi bu deyilmir, heç olmasa danışılan dil danışılmalıdır. Mədəniyyət Nazirliyində olan bu məsələnin ən qəribə cəhəti nə idi? Bizim qurultayımızın yeri ilə bağlı mübahisələri var idi. İndi sağ olsunlar, əməyi keçən hər kəsə təşəkkür edirik bir daha. Amma nəinki bunlar orada rus dilində danışır, hətta öz adlarını kiçik hərflə yazmışdılar. Öz adını kiçik hərflə yazan nazirliyin əməkdaşı üçün nə fərqi var hansı dildə danışsın. Bu Azərbaycan dövlət dili türk dildir demirlər, azərbaycanlıdır deyirlər ona görə ki, sizin həmkarlarınızdan birinə də demişdim bunu, amma qəzet qorxusundan yazmayıb. Məhz özlərinin milli kimlikləri erməni mənşəli olmalarını, ümumiyyətlə mənşəyi bilinməyənlərin mənşəyini gizlətməkdən ötrü azərbaycanlı adından daha çox istifadə edirlər. Dünyada azərbaycanlı adında bir millət var? Burada yaşayanlar özünü azərbaycanlı saya bilər. Çünki bu, vətəndaşlıq mənsubiyyətidir. Amma bu milli kimliyi bildirmir. Həm də təkcə Mədəniyyət Nazirliyi olsa nə vardı ki? Bakının mərkəzi küçələrində öz dilimizdə reklam tapa bilməzsən. Ancaq nadir hallarda danışıqlarda da əgər 70-ci illərdə hakim dil rus dili idisə, indi də başqa müxtəlif dillər var, amma Azərbaycan türkcəsi arxa plandadır. Bu da təbii ki, idarəetmədən, Azərbaycan dövlətini təmsil edən insanlardan gəlir. Xaricdə, daxildə və s. təmsil edənlərdən gəlir. Hər kəs bu dövlətin dilində danışmalıdır, prezident də, vətəndaş da. Dövləti təmsil edənlər xüsusilə bu dövlətin dövlət dilində danışmalıdırlar. Biz öz dövlətimizin bayrağının altında, gerbimizin altında qəbul etdiyimiz və görüşdüyümüz insanlarla öz dilimizdə danışmalıyıq. Yaxşı bir nümunə deyim sizə, Heydər Əliyev məcbur elədi ki, Səfər Əbiyev Azərbaycan türkcəsində danışsın, axır ki, öyrəndi.

Fatimə