Heydər Əliyevi inkar etmək...

heyder-eliyevi-inkar-etmek
Oxunma sayı: 648


“Bu gün bir qrup gənclərimizin arasında və ümumiyyətlə özünü demokrat sayan düşərgədə olduqca qərəzli və bir o qədər də anormal fikir formalaşıb. Əslində, bu fikiri formalaşdıranların şüurlu şəkildə buna getdikləri, bu yolla sanki öz uğursuzluqlarının qisasını aldıqları təssüratı da yaranır. Məsələ burasındadır ki, radikal müxalifət tərəfdarları hər vəchlə müasir Azərbaycan Respublikasının qurucusu, müasir dövlətçilik ənənələrimizin banisi ulu öndər Heydər Əliyevi inkar etməyə çalışır, onun müasir tariximizdəki danılmaz rolunu kölgələməyə cəhd göstərirlər”. Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında keçmiş teleaparıcı Turan İbrahimov deyib. Onun sözlərinə görə, bu fikri səsləndirən şəxslər Məmməd Əmin Rəsulzadəni və digərlərini alternativ lider kimi təqdim edərək, bütün bu real tarixin, gerçəklərin üzərindən sükutla keçəcklərini düşünürlər: “Onların bu halı olduqca gülünc görsənir. Hətta, başını quma soxaraq gizlənməyə çalışan dəvəquşuna bənzədiklərinin belə fərqində deyillər. Heç kim inkar etməz, edə bilməz ki, Rəsulzadə və ətrafındakı bir qrup ziyalı Şərqdə ilk demokratik respublikanı qurublar. Həmin o dövlət bütün xalqımızın qürur səbəbi və fəxarət hissi ilə xatırladığı bir reallıqdır. Heç kim nə o tarixi reallığı, nə də o reallığı ortaya çıxaran şəxsləri inkar etmir. Onlar öz laiqli qiymətlərini, istər tarix tərəfindən, istərsə də xalqımız tərəfindən yetərincə alıblar.
Lakin unutmaq olmaz ki, həmin dövlət, AXC keçmişdə qalmış bir şanlı tarixdir. Necə ki, Ağqoyunlu dövləti kimi, Səfəvilər dövləti kimi və s. Doğrudur, müasir Azərbaycan Respublikası məhz AXC-nin varisi elan edilib. Bu fakt özü belə AXC-nə verilən önəmin, onu quran şəxslərin tariximizdəki müstəsna rolunun bütün dünyaya elanıdır...

Heydər Əliyev yenicə müstəqil olmuş, heç bir praktik, müasir-müstəqil dövlətçilik ənənəsi olmayan Azərbaycanı, dəmir iradəsi və qanı-canı ilə quraraq dövlət edib. Biz hər birimiz da, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq həmin o dövlətdə yaşayır, fəaliyyət göstəririk. Heydər Əliyevin banisi olduğu, ən yeni tarixi nailiyyətimiz Azərbaycan Respublikasındadır. Bəli, Heydər Əliyev xalqımızın ulu öndəri və ilham mənbəyidir. Bu gün bunu danan, inkar edən, öz aləmində yox sayan bütün şəxslər, qurumlar, idealogiyalar və s. ya olduqca qərəzli, ya da savadsız, reallıq hissini itirmiş, kor-xəstə təfəkkür daşıyıcılarıdırlar. Onlar tarix qarşısında məğlubiyyətə məhkumdurlar!”.