Hicab və təhsil

hicab-ve-tehsil-
Oxunma sayı: 654

İndi Təhsil Nazirliyi qarşısında aksiyalar nəyi göstərdi? Dinin siyasiləşdirilməsi, hicab etirazını əsas götürərək gərəksiz yerə polisin təxribata çəkilməsi və onlarla gəncin yenə də həbsxana dəhlizlərində əsir-yesir edilməsi... Bu zorakılıqla İslam dininin qorxu dini olduğunu iddia edənlərin arqumentlərini gücləndirmirsinizmi? Əldə ağacla etiraz aksiyasına çıxmağın nə mənası? Daha sivil etiraz formalarını axıra qədər istifadə etdinizmi? İmza toplama aksiyası bir vaxt aparıldı. Normal bir addım idi. İnsan hüquqları təşkilatlarına müraciətlərinizi artırın. Ancaq hər hansı şəkildə hicab məsələsini əsas götürərək polislə toqquşmaya getməyin faydasını görə bilmirəm.

Bu gün Azərbaycan təhsilində əsil həqiqətdə hicab problemi yoxdur, birbaşa təhsil problemi var. Azərbaycan məktəblərində bir az aşağı, bir az yuxarı sanki təhsil məqsədyönlü şəkildə öldürülüb. Bir vaxtlar “Təhsil Nekroloqu” adlanan sərt bir yazı yazmışdım, indi isə nekroloqluq da bir şey qalmayıb. Ölkənin üzünü ağardan bir-iki türk məktəbi, türk universiteti qalıb. Onları da bağlasalar, məktəbin, universitetin vaxt öldürmə yerindən başqa bir şey ifadə etməyəcəyi ortada. Bununla mən nə konkret nazirliyi, nə onun rəhbərliyini, nə TQDK-nı, nə universitet rəhbərlərini, nə məktəb direktorlarını ittiham etmirəm. Bu sferada kifayət qədər işini bilən, vəziyyəti düzəltmək istəyən insanlar var. Söhbət təhsilin məqsədinin yanlışlığından gedir. Ölkədə təhsil siyasəti kökündən dəyişməlidir. Təhsil ideologiyanın təsirindən uzaq tutulmalıdır, daha peşəkar və vicdanlı müəllimlərə, direktorlara müsabiqə yolu ilə uşaqların taleyi etibar edilməlidir. Müəllim bolluğu yerinə az sayda keyfiyyətli müəllimə keyfiyyətli maaş vermək yolunu tutmaq lazım. Eyni addım dinlə bağlı siyasətin tənzimlənməsinə də aiddir. Əvvəllər bu dövlət qurumunun başında müəyyən polemikalara girən, nəzəri biliyə sahib olan, ən azı öz sahəsinin mütəxəssisi olan professor Rafiq Əliyev vardı. Sonradan bu siyasət də dəyişdi və hakimiyyət üçün bu sahə sanki əhəmiyyətini itirməyə başladı. Dövlət-Din münasibətlərinin tənzimlənməsi üçün ağlabatan, əsaslandırılmış təkliflərlə çıxış etmək, diskussiyalara qatılmaq, hicab və başqa problemlərin həlli üçün mütərəqqi dindarların görüşlərini qiymətləndirmək hər halda lazımi qabaqlayıcı tədbirlər ola bilərdi.

Ümid edək, ancaq ümiddən də öncə sözün İlahi mənasında SƏBR etməyi bacaraq!