“Hidayət Orucov indiyə qədər bunu mənə bağışlaya bilmir” – Müsahibə

hidayet-orucov-indiye-qeder-bunu-mene-bagislaya-bilmir-musahibe
Oxunma sayı: 1116

“Qafqazinfo” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin rəhbəri, professor Rafiq Əliyev “Media forum” saytına verdiyi müsahibəni təqdim edir.

- Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sizin vaxtınızda komitədə formalaşan komandanın fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, əvvəlki komandada olanların çoxu müəyyən təriqətlərə, cərəyanlara xidmət edib. Siz 2001-2006-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmusunuz. İndiki sədrin açıqlamasının bilavasitə sizə ünvanlandığını düşünmək olar...

- Mənim dövrümdə işləyən bəzi şəxslərin adlarını sadalamaq istəyirəm. Onlardan biri Suriyada dini təhsil almış, tarix elmləri namizədi Ceyhun Məmmədovdur. Hazırda komitədə fəaliyyətini davam etdirir. Şöbə müdiridir.
Elmir Quliyev işləyib. O, nəinki Azərbaycanda, hətta ölkə hüdudlarından kənarda tanınan şəxsdir. “Quran”ı ruscaya ən yaxşı tərcümə edənlərdən biridir.
Bizim komandada ilahiyyatçı Elşad Miri işləyib. Hər kəs onu tanıyır və indiki fəaliyyətini də izləyə bilər. “Oxu” qəzetini və “Dəvət” jurnalını buraxır.
Dini qurumlarla işi aparan, problemləri həll edən səlahiyyətli şəxslərdən biri də tarix elmləri namizədi, dosent Səməd Bayramzadə idi.
Hazırda “İrs-naslediye” jurnalının təsisçisi və redaktoru jurnalist Musa İsmayılov (Mərcanlı). Jurnal bir neçə dildə – rus, ingilis, alman dillərində nəşr olunur. Xarici işlər naziri ilə birgə layihə həyata keçirir.
Onların dövlətin əleyhinə işlədiklərini iddia etmək üçün gərək ən azı mənəviyyatsız olasan.
Qalan işçilər isə texniki işçilər idi. Dövlət komitəsinin rayonlarda olan nümayəndələrimizdən bu günə qədər Hidayət Orucov yalnız bir nəfəri – Qarabağ regionuna məsul nümayəndəni vəzifəsindən azad edib. Mənim təyin etdiyim nümayəndəlik rəhbərləri yerindədir və işləyirlər. Hazırda Hidayət Orucov hansı adamlardan danışır, başa düşmürəm. Ümumiyyətlə onu başa düşmək çətindir. Onun bilik dairəsi çox dar olduğundan belə ciddi səhvlərə tez-tez yol verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində iki əsas şöbə – ekspertiza şöbəsi və dini qurumlarla iş şöbəsi var. Əsas işləri bu şöbələrin əməkdaşları həyata keçirir. Komitədə 5 nəfər xadimə, 4 nəfər mühafizəçi, 4 nəfər sürücü, maliyyə şöbəsinin işçiləri, makinaçılar və komendant var. Bunlar hamısı işçi hesab olunur. Bütün kollektivdən ən çoxu 10 nəfər dinlə, dini qurumlarla birbaşa işləyir. Bu gün orada çalışan əməkdaşlar barədə nəsə demək istəmirəm, amma 2001-2006-cı illərdə orada çalışanlar indikilərdən bilik, qabiliyyət və sair keyfiyyətlər baxımından xeyli üstün idilər. Adətən idarə rəhbərinin bilik səviyyəsi əməkdaşlara da təsirsiz ötüşmür.
Hazırda komitədə çalışanların elələri də var ki, vaxtilə bizimlə əməkdaşlıq ediblər. Misal üçün, indi komitə sədrinin müavini olan Gündüz İsmayılov “525-ci qəzet”də çalışırdı və mütəmadi bizimlə əməkdaşlıq edirdi. Onu komitəyə işə dəvət etmişdik və yaxşı ki, məndən sonra o, komitədə işləməyə başladı. Qabiliyyətli oğlandır.
Hidayət Orucovun “dövlətçilik əleyhinə işləyən adamlar” dediyinin hamısı bu gün göz qabağındadır. Adlarını çəkdiyim şəxslər barədə hansısa sualı varsa, verə bilər. Yalanın ömrü az, amma təsiri çox olur. Onlar haqqında deyilənlər yalan statusundan daha çox böhtana oxşayır.

- Hidayət Orucovdan belə açıqlamalar ilk dəfə deyil. Müşahidələr göstərir ki, adınız çəkilməsə də, ittihamları birbaşa sizə ünvanlanıb. Belə münasibətin kökündə nə dayanır?

- Dövlət komitəsi təşkil olunanadək, yəni 2001-ci ilin iyununadək Hidayət Orucov Prezident Aparatında - indiki administrasiyada - dini və milli məsələlər üzrə müşavir idi. Dövlət komitəsi yaranandan sonra o, dini məsələlər üzrə kuratorluqdan azad edildi. Kuratorluq başqa şöbəyə həvalə olundu. Hidayət Orucov birbaşa olaraq dini məsələlərdən tamamilə kənarlaşdırıldı.
Onun kənarlaşdırılmasının səbəbi dini məsələləri bilməməsindən irəli gəlirdi. Həm də tamamilə dindən xəbəri olmayan adamla işləmək çətin problemdir. Onun kuratorluqdan uzaqlaşdırılmasında mənim də rolum olub. Ona görə də Hidayət Orucov indiyə qədər bunu mənə bağışlaya bilmir. Təxminən 5 il dini məsələlər üzrə kurator ayrı şəxs oldu. Bununla bağlı prezident Heydər Əliyevin göstərişi vardı. O, Hidayət Orucovun bilik səviyyəsini düzgün qiymətləndirirdi.
Yalnız 2005-ci ildə, parlament seçkisindən sonra kuratorluq ona qaytarıldı və mən işdən gedənə qədər – 2006-cı ilin iyun ayınadək onunla cəmi üç-dörd görüşümüz oldu. Bütün görüşlər də faydasız xarakter daşıyıb. Məsələ ondadır ki, müşavir gərək dini məsələləri komitə rəhbərindən də yaxşı bilsin və müvafiq göstəriş versin. Hər görüşümüzdə elə hey eyni suallar ortaya çıxır və heç bir yenilik hiss olunmurdu. Elə ilk görüşdən aydın görünürdü ki, onun dindən elə də xəbəri yoxdur. O, din mütəxəssisi deyil və belə adamlarla işləmək də çox çətin idi.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini nə dərəcədə müşahidə edirsiniz? Qurumun işinə bir ekspert kimi necə qiymət verərdiniz?

- Bu yaxınlarda saytların birində Hidayət Orucov Bakıdakı türk məscidinin bağlanması haqqında açıqlama vermişdi. O deyir ki, məscidlər Allahın yerdəki evləridir, ora türk məscidi, yaxud Azərbaycan məscidi demək olmaz. Elə bu kəlmənin özü göstərir ki, Hidayət Orucovun dini savadı nə dərəcədədir. Allahın yer üzərində heç bir evi yoxdur. Bütün dünya Allahın evidir. Azərbaycanın, yaxud dünyanın hansısa yerində bir tikili inşa edib ona “Allah evi” demək düz deyil, bu, dinə də ziddir. Həmin açıqlamanın altından yazdım ki, “bu kişiyə çox sual verib onu narahat etməyin”. Düzdür, bu, ironiyalı yanaşma idi. Yəni bu adam dini işləri, dini məsələləri bilmir. Sadəcə imkan verin ki, bu vəzifədə rahat otursun. Niyə ona bu qədər qəliz sual verib çətinliyə salırlar?! Biçarənin imkanı yoxdur axı.

- Bu, Hidayət Orucovla bağlı açıqlama oldu. Bəs komitənin ümumi fəaliyyətini necə dəyərləndirərdiniz?

- Bugünkü komitə sədri dövlət və din münasibətlərini düzgün başa düşmür. Bədbəxtlik ondadır ki, o, tək deyil. Onunla bərabər işləyən bəzi şəxslərin də dövlət-din münasibətlərində təfəkkürləri keçmiş ateizm təfəkküründə qalıb. Bu gün bizdə din siyasətə təsir göstərmək imkanında deyil. Bu gün elə bizim işlədiyimiz 5 ilin nəticəsi olaraq din yavaş-yavaş adətə, ənənəyə və mədəniyyət formasına çevrilir. Bunu hər kəs görür. Belə olduğu halda dövlət komitəsinin bugünkü sədri dini icmalara qarşı nə mübarizə aparacaq? O mübarizənin hamısı, o ağırlığın hamısı bizim işlədiyimiz o beş il ərzində aparıldı və dini qurumlar da ondan razı oldu. Beləliklə, dövlətlə dini qurumlar arasında münasibətlər də tamamilə tənzimləndi. Tənzimlənmiş, hazır bir yerdə işləməyə nə var ki?! Onun verdiyi təkliflərin hamısı 2001-2006-cı illərdə bizim hesabatlarımızda öz əksini tapıb. Bu, arxivdə də var. Hidayət Orucov heç bir yeni söz deməyib.
Mən bu gün orda yeni nəsə görmürəm. Yeni gördüklərimin hamısı isə dindarları qıcıqlandıran qərarlardır. Bu gün onları qıcıqlandırmağa ehtiyac yoxdur. Heç onları sığallamağa da ehtiyac yoxdur. Hər kəs öz işini görür. Dindarlar öz mənəviyyat aləmlərini saxlamaq istəyirlərsə, qoy saxlasınlar. Bu gün əgər biz onların mənəviyyatını əvəz edə biləcək yeni nəsə verə bilmiriksə, onların mənəviyyatlarını dolduran dini ayinlərə göz yummalıyıq. Hətta o ayinlər içərisində bizim xoşumuza gəlməyən olsa belə, biz onları dəyişdirməyə cəhd göstərməməliyik. Əgər birindən ideyasını alıramsa, ona bunun əvəzində daha yaxşısını verməliyəm. Əgər bu gün biz vəhabilərə deyiriksə ki, siz bu ideyadan tamamilə kənarlaşmalısınız, onda biz onlara iş verməliyik, onlara imkan yaratmalıyıq. Vəhabilərin ideologiyasını əvəz edə biləcək yeni ideya toplusu verməliyik. Bunu biz vermiriksə, onun əlində olanları da alırıqsa, onu tamamilə cəmiyyətdən kənarlaşdırırıqsa, onları tamamilə oriyentasiyası olmayan bir insana çeviririksə, bu, bədbəxtçilikdir. Bu, dini savadsızlıqdır. Niyə biz məcburən dindarları dövlətə qarşı çevirməliyik. Hidayət Orucov məhz bununla məşğuldur.

- Bayaq adını çəkdiyiniz şəxslərdən biri – komitə sədrinin müavini Gündüz İsmayılovun maraqlı açıqlaması olub. O hesab edir ki, xaricdə dini təhsil alan şəxslərin milli və dövlətçilik təəssübkeşliyi olmur. Onlar daha çox ölkədə sünni-şiə ayrı-seçkiliyi salırlar...

- Bu məsələnin qoyuluşu tamamilə səhvdir. Xaricdə təhsil alıb gələnlərin əksəriyyətini Qafqaz Müsəlmanları İdarəsi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsi göndərib. Biz onların milli, dövlətçilik təəssübkeşliyini ölçən parametrlərə malik deyilik. Milli və dövlətçilik təəssübkeşliyi hissiyyatla bağlı olan şeydir. Biz onların nə qədər öz vətənini sevdiyini, vətənə nə qədər bağlı olduğunu ölçə bilmərik. Buna qiymət də verə bilmərik. Biz yalnız onların fəaliyyətinin nəticəsini əldə edəndən sonra deyə bilərik ki, onlar təəssübkeşdirlər, ya yox. Vətənin və dövlətin təəssübkeşi olmayanlar Azərbaycan Respublikasının vətəndaşlığından çıxmır ki... Bizimlə eyni hüquqa malikdirlər və eyni hüquqlu vətəndaşlar olduğu kimi də onların öz ixtisasları üzrə işləməyə, fəaliyyət göstərməyə haqları olmalıdır.
Dövlət komitəsinin səlahiyyətli şəxslərinin belə mövqeyi bizim qanunlara, ölkə konstitusiyasına, dövlət başçısının siyasətinə ziddir. Bu gün xaricdə tələbələrimizin iştirak etdiyi 5 mindən artıq tələbə oxuyur. Əgər onların hamısını dövlətçiliyimizə qarşı çıxan şəxslər kimi qiymətləndirsək, bunun sonu nə ola bilər? Gərək onda xaricdə Azərbaycan diasporunun fəaliyyətinin üstündən bir xətt çəkək. Ya da hamısına damğa vuraq ki, onlar artıq azərbaycanlı deyillər. Bunu ona görə Gündüz İsmayılov deyir ki, ondan əvvəl belə fikri Hidayət Orucov səsləndirmişdi. Hidayət Orucov ona nail olmuşdu ki, xaricdə təhsil alıb gələnlərə burada iş verməsinlər. Təəssüf ki, bu səhv yol daha ciddi surətdə davam etdirilir. Bu, azərbaycançılığın özünə, dövlətə qarşı çevrilmiş zərərli bir ideyadır.
Xaricdə təhsil alıb gələnlər dövlətə hansısa zərbə vuran deyillər, mən son nəticəni nəzərdə tutub deyirəm. Amma bu addımlar xaricdə oxuyub qayıdan insanların cəmiyyətə inteqrasiyasına ziddir. Hər kəsə həyata keçirdiyi əməlinə görə qiymət vermək lazımdır. Yaxud onlar vətənə xəyanət ediblərsə, onda onların yeri həbsxanadır. Odur ki, onlara qarşı irəli sürülmüş sübut olunmayan ittihamlar mütləq araşdırılmalı və ədalətli qərar çıxarılmalıdır. İttiham varsa, bu yalnız hər hansı fəaliyyətə görə irəli sürülməlidir. Əks təqdirdə bu, qanunla böhtan kimi araşdırılmalı və böhtançı cəzalandırılmalıdır. Hər bir tələbənin ailəsi və qohumları var və ona “vətənini sevməyən” damğası vurmaq məsuliyyətsizlikdir.
Belə təfəkkürlə ciddi dövlət idarəsinə rəhbərlik etmək olmaz. Dini komitə dindarlarla dövlət arasındakı münasibətləri tənzimləyir. Yaddan çıxarmayaq ki, dindarlar da bu ölkənin, bu dövlətin vətəndaşlarıdır. Belə ittiham səsləndirmək məzmunsuz və əsassızdır.

- Rafiq müəllim, parlamentin noyabrın 15-də keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrində dini məsələlərlə bağlı müddəalara xeyli dəyişiklik edildi. Bundan əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna da dəyişiklik layihəsi qəbul olunmuşdu.

- Belə deyək ki, bir-iki il əvvəl dövlət komitəsinin xaricdə oxuyub qayıdanlara qarşı səsləndirdiyi ittihamları müəyyən mənada parlament qanuniləşdirildi. Əgər o ittihamlar doğru deyilsə, deməli, parlamentdə qəbul edilmiş qanunlar dövlətin mənafeyinə uyğun deyil. İnsanı nə qədər çox sıxsan, nə qədər onu əzsən, qarşı tərəfə nifrət daha çox olacaq. Ona görə də insanlara qarşı nifrətlə deyil, məhəbbət və mərhəmətlə hərəkət etmək lazımdır. Əgər kimsə dini əşyaları satıb ordan ailəsini dolandırmaq üçün pul qazanırsa, bu, təbliğat deyil, ticarətdir. Burada nə üçün müvafiq icra hakimiyyətinə müraciət olunmalıdır? Heç cür anlamıram. Bu məsələlərə Dövlət Gömrük Komitəsi baxa bilər. Əgər o, dini əşyaların ölkədə idxalına qadağa qoyulubsa, onu ölkəyə buraxmamalıdır. Artıq ölkəyə buraxılmış malın satışı üçün təzədən kimdənsə icazə almaq nəyə lazımdır və hansı məntiqə sığır, anlamıram. Əgər o mallar, əşyalar ölkəyə buraxılmasa, vətəndaşların da onları satmaq imkanı olmaz. Məsələnin başqa tərəfi: hansı icra hakimiyyətində belə bir komissiya var ki, “bu dini əşyanı satmaq olar, bunu isə yox” deyə bilsin? Bunu kim və necə müəyyən edəcək? Belə bir komissiya dünyanın heç bir ölkəsində yoxdur.
Müsəlman üçün içki, bəzi məhsullar qadağandır. Onda belə çıxır ki, heç bir müsəlman içki satmasın, kolbasa satmasın və sairə. Əgər belə olsa, ölkə iqtisadiyyatı dağılar. Yaxud heç bir müsəlman çaxır, araq zavodunda işləməsin. Bu məsələnin ucu-bucağı yoxdur. Mənə elə gəlir ki, belə rəftar ümumi dini bilik səviyyəsinin aşağı olmasının göstəricisidir.

- Bu addımlar atıldıqca dini kəsim daha da radikallaşacaq.

- Bu, əlbəttə belədir. Yaxşısını qova-qova pis eləmək çətin iş deyil. Pisi yaxın, dost etməksə xeyli bilik və bacarıq, adicə mədəniyyət tələb edir.

- Dövlət institutları qanunlar, layihələr, qadağalar planlaşdıranda onların kimə ünvanlandığını və hansı nəticələr doğuracağını yəqin ki, proqnozlaşdırır. Dövlətə isə radikal dindar lazım deyil. Belə olanda dindarların radikallaşması kimə sərf edir?

- Sizi inandırım ki, bu qadağaları qoyan insanların, qoy məni bağışlasınlar, belə proqnoz vermək imkanları yoxdur. Mən buna şübhə edirəm. Sözsüz ki, belə radikallıq nə dövlətə, nə də dindarlara sərf edir. Sadəcə, bu qadağaları irəli sürənlər onun nəticəsinin necə pis olacağını anlamırlar. Ölkəmizdə dini strukturlarda və dini tədqiqatlarda çalışan sanballı adamların sayı heç 10-a çatmaz. Təəssüf ki, bu gün ölkədə akademik Vasim Məmmədəliyevdən və bayaq adlarını çəkdiyim şəxslərdən başqa dinlə məşğul olan, kəsərli, söz deyə biləcək şəxs, demək olar ki, yoxdur. Ən böyük problem odur ki, meydanı dini bilməyən və ondan ağız dolusu danışanlar tutub.