Hidayət Orucovdan mühüm - arayış

<b>Hidayət Orucovdan mühüm -<font color=red> arayış </b></font>
Oxunma sayı: 161


Bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. Bu baxımdan ABŞ Dövlət Departamentinin dünyada din azadlığı ilə bağlı yarımillik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndiririk.

Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə demokratiyanın inkişafı və genişlənməsi üçün səylərini əsirgəmir.

Hesabatın “Dini demoqrafiya” bölməsində ölkədəki dini mənzərəyə dair verilmiş rəqəmlər obyektivliyə yaxındır.

“Etiqad azadlığına dövlət ehtiramının səviyyəsi” bölməsindəki bəzi faktlar həqiqəti əks etdirirsə də, müəyyən məsələlərə aydınlıq gətirmək lazımdır.
2009-cu ilin sentyabr ayından qanunvericiliyə əsasən, ilkin və yenidən qeydiyyatdan keçmə prosesi başlamışdır. Ötən iki il ərzində ayrı-seçkilik, ləngitmə və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçmişdir. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilmişdir, lakin onlardan 2-si imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından, qeydiyyatdan keçmişdir. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılmışdır.

Əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyatdan keçməmiş dini icmaların köhnə şəhədətnamələri hüquqi qüvvəsini saxlayıb və onlar hüquqi şəxs statuslarını itirməyiblər.

Hansısa dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olmuşdur və bu barədə həmin dini qurum məlumatlandırılmışdır.

2001-ci ildən 2009-cu ilin sentyabr ayına kimi, yəni 8 il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 534 dini qurum qeydiyyatdan keçmişdisə, 2009-cu ilin sentyabr ayından 2011-ci ilin sentyabr ayınadək, yəni 2 il ərzində 570 dini qurum qeydiyyata alınmışdır. Dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi
davam edir.
Hicabla bağlı qeydlərə cavab olaraq bildiririk ki, bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.

“Dini etiqad azadlığı üzərində tətbiq edilən məhdudiyyətlər” bölməsində göstərilən “Yehovanın şahidləri”, “7-ci günün adventistləri”, Baptistlər, “Nehemiya” dini icmaları yenidən dövlət qeydiyyatına alınmasalar da, müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmişlər və şəhadətnamələri hüquqi qüvvəsini saxlayır. Yenidən qeydiyyatdan keçməmələri həmin dini icmaların ləğvi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məhkəməyə müraciət etmək hüququ versə də, hələlik bu hüquqdan istifadə edilməmişdir.

Metro stansiyalarında dini ədəbiyyatın satışına məhdudiyyətlər qoyulmasına dair qeydlərə gəlincə, xatırladırıq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir. Satış məntəqələrinin yaradılması müvafiq Təlimatla tənzimlənir. Bu tədbir vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan radikal ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını daha effektiv almaq üçün həyata keçirilir.

Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində dini ədəbiyyatın, dini əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, onların istehsalı, idxalı və yayılmasına nəzarəti həyata keçirir. Zərərli dini ədəbiyyatın, yəni dinlərarası münasibətlərdə qarşıdurma yaradan, dini ekstremizmi və qeyri-humanist ideyaları, digər dinlərə qarşı dözümsüzlüyü təbliğ edən, eləcə də dini durumu gərginləşdirməyə xidmət göstərən dini ədəbiyyatın ölkəyə idxal edilməsi və yayılmasının qarşısı alınır. Dini ədəbiyyatın ekspertizası və idxalı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazılıq edən yeganə dini qurum “Yehovanın şahidləri” dini icmasıdır. Halbuki, Dövlət Komitəsi yalnız bu ilin doqquz ayı ərzində adıçəkilən dini icmanın 136 adda dini ədəbiyyatı ölkəyə idxalına və çapına icazə vermişdir. Qeyd edək ki, bu sahədə Dövlət Komitəsinin başqa heç bir dini qurumla problemi yoxdur.

“Yehovanın şahidləri” ilə bağlı Qax rayonunda keçirilmiş tədbirlər qanunauyğundur. Belə ki, Qanunun 12-ci maddəsinə əsasən, dini qurum yalnız öz hüquqi ünvanında fəaliyyət göstərə bilər.

Ümumiyyətlə, təhlillər təəssüf hissi ilə deməyə əsas verir ki, bir çox hallarda Hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer almışdır. Departamentin əvvəlki hesabatlarını da nəzərə alaraq, qeyd etmək lazımdır ki, bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir.
Hesabatın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlilinə əsla yer verilməmişdir: ümumi sözlər və qiymətləndirmələr yer almış, kifayət qədər əsaslandırılmamış fikir və məlumatlar ötən illərin hesabatlarından götürülmüşdür.
Təəssüf ki, Hesabat, ümumiyyətlə, ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır.
Hesabatdakı çatışmazlıqlara baxmayaraq, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sənədi hazırlayanlara təşəkkür edir, gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib olunması üçün Dövlət Departamenti və ABŞ-ın digər müvafiq strukturları ilə hər cür əməkdaşlığa hazır olduğunu bildirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi