“Hisslərim hələ açılmamışdı” – Seirlər

hisslerim-hele-acilmamisdi-seirler
Oxunma sayı: 1298






Əlimi tutduğun gündən...

Əlimi tutduğun gündən tez-tez yıxılıram.
Kirpiklərimlə gülürəm həyata.
Daha baharı gözləmirəm əvvəlki kimi
Bütün mövsümlərdə yaşamağı bacarıram.
Yaxınlaşmaq ən uzaq yolların sonudur bəzən.
İndi səni sevmək -
Öz kölgəsini tutmağa çalışan körpələr kimi
Gerçək bildiyim şeylərə toxuna bilməmək...
Qəlbin atəşində peşmanlıqlar bişirmək...
“Gedirəm,
bu dəfə səni özümlə götürməyəcəyəm,
yanına qayıdım, deyə”
düşünmək...


Çərpələng

Gözlərim hələ də,
uşaqkən uçurtduğum çərpələngi axtarır göylərdə.
Bəlkə də hardasa,
hansısa buludun üstündə yaşayır hələ də...
Bəlkə, bulud da o vaxtdan ağlamır onun xətrinə.
Günlərdən bu gün deyildi onda,
tumurcuq hisslərim hələ açılmamışdı.
Bilmirdim,
hər mələyin qorumağa bəndəsi olduğunu.
Əllərimi də uçurmuşdum göylərə,
körpə əllərimi...
O gündən hər üfüqə dalanda
əllərim əl yelləyir mənə.
Siz heç,
birini vuraraq ona vuruldunuzmu?
Yoxsa siz də mənim kimi...
Ehh...
Vurmaq üçün mənə əllərim gərək olmadı.