Hitlerin gizli videosu

hitlerin-gizli-videosu
Oxunma sayı: 678

Məlum olmuşdu ki, bu adam Prezident Administrasiyasında aqrar siyasət şöbəsinin müdiri Azər Əmiraslanovun sürücüsüdür. Narkotiki də elə Administrasiyaya məxsus AZ 10 PA 537 nömrəli avtomobillə daşıyırmış. Bu da sənə “aqrar siyasət” və “dövlətçiliyin təntənəsinin” daha bir sübutu... Keçək başqa mövzuya, məmur sürücülərinə imkan verək, cinayətləri və cinayətkarları rahat daşısınlar.

Amerika Birləşmiş Ştatları Azərbaycana göndərmək istədiyi yeni səfirin adını açıqlayıb. Bu zat 67 yaşlı Riçard Morninqstar yoldaşdır. Səfir Metyu Brayza gedəndən sonra uzun müddət idi “müqəddəs yer boş qalmışdı”. Yeri gəlmişkən, Brayza ABŞ erməni lobbisinin etirazları üzündən bizdə səfir ola bilmədi. Ermənilər deyirdilər ki, guya Brayza azərbaycanpərəstdir. İndi biz də gərək Morninqstarın təyinatına etiraz edək, çünki Riçard yoldaşın Bakıya səfir gəlməsi Azərbaycan xalqına heç bir müsbət perspektiv vəd etmir. Ancaq bizim lobbimiz nə gəzir? O üzdən deyinmək özümüzə qalacaq.
Morninqstar ömrü boyu ABŞ administrasiyasında neft, enerji lobbisinin təmsilçisi olmuşdur, Xəzər regionunda da bu cür tanınır. ABŞ Dövlət Departamentində Avrasiyada enerji məsələləri üzrə xüsusi elçi - Morninqstarın son vəzifəsi elə hər şeyi deyir. Sadə dillə desək, ABŞ baxdı ki, Azərbaycandan demokratiya-filan ummaq boş işdir, yenə köhnə siyasətə qayıdır. Deyir, sizinki elə neft buruğu, qaz borusudur, xammal ölkəsi olmaqdan başqa heç nəyə yaramırsınız, biz də “neftçi”ni səfir göndəririk. Uzun sözün qısası, Riçard yoldaş xoş gəlir, səfa gətirir, qoca kişidir, istəsə səfir görəvi başa çatandan sonra ona Sulutəpədə jurnalist İdrak Abbasovun gözü çıxardılan yerdə bir neft quyusu da ənam edərik, bala-bala mancanaq işlədər. YAP-a üzv olmuş keçmiş səfir Eskuderodan əskik deyil ki? Brayzanın sadəcə bəxti gətirmədi, Allah bais erməninin evini yıxsın... Nəyə gərək demokratiya, insan haqları və bu tipli ucuz işlərdə təkid eləmək, yapokratiyanı divara dirəmək? Əsas Bakı-Ceyhan kəməridir, onun da üstünə ağcaqanad belə qona bilməz.

Bu baxımdan, xalqımız Almaniyanı başa düşməkdə çətinlik çəkir. Almaniya hələ də elə bilir ki, quyuya su tökməklə quyu sulu ola bilər. Özü də neft quyusuna. Neçə vaxtdır Almaniya mediası yapokratiyanı kəskin tənqid edir, deyirlər bir az adam olmaq lazımdır. Yapokratlar da cavab atəşi açırlar, şıdırğı anti-Almaniya təbliğatı gedir. Məsələn, hakimiyyət mediası yazır ki, guya Almaniyada əhalinin yarısı narkomandır, yarısı da küçədə yaşayır. İşsizlik baş alıb gedir, Berlin qul bazarı ilə doludur və sairə. Halbuki, elə bunlara cəmi 8 ayın içində eşşək boyda musiqi yarışması salonunu almanlar tikib verdilər. “İqtisadiyyatı çökən” dövlət buna qadir olardımı? Əlbəttə, iqtidarın belə gülünc təbliğatına heç kimi inandırmaq olmaz. Almaniya səfirliyi isə yapokratiyanın düşük tənqidlərinə möhtəşəm cavab verdi. Sitat: “Azərbaycan xalqı "Yeni Azərbaycan" qəzetinin qaba mənfi fikirlərinə inanacaq qədər aciz deyil". Yəni, gedin dombalaq aşın...

Ancaq yapokratiya bundan nəticə çıxartdımı? Əksinə, daha qatıq bir iş görüblər: YAP-ın qəzetində Almaniya səfiri Kvelle ilə Hitlerin şəklini kollaj ediblər. Bunlar almanların Hitler mövzusunda necə həssas olduğunu anlamır. Nasizmin təbliğatına görə Almaniyada adama 3 ilədək həbs cəzası verilə bilər. Almanlar tarixlərindən imtina eləmirlər, yəhudi soyqırımına görə üzr istəyiblər, maddi təzminat ödəyiblər. Bəs siz, yapokrat cənablar, öz kommunist, “DTK”-çı keçmişinizə görə kimdən üzr istəmisiniz? Utanmaq yerinə hələ fəxr eləyirsiniz bu keçmişlə.

Yəqin bu da tarixin bir lətifəsidir: neofaşistlər Avropa Birliyinin ürəyi olan Almaniyaya keçmişdə Hitlerin elədikləri ilə şantaj yapırlar. Qalır bircə “Lider”də Hitlerin gizli videolarını göstərmək...


musavat.com