“Hizbullah” rəsmi Bakını konsulluğu ələ keçirməklə hədələdi

hizbullah-resmi-bakini-konsullugu-ele-kecirmekle-hedeledi-
Oxunma sayı: 684

Iranın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu barədə “Hizbullah”ın Iran qolu olan “Hizbullah Ənsarı” təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib.
Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqamətilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq, bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”.
Göründüyü kimi, Iranda mühüm dini rütbəli şəxs açıq-aşkar ölkəni təhdid edib.
Xatırladaq ki, “Hizbullah” Iranda rəsmi dövlət orqanı hesab olunur. Belə olan halda, bu addım həm də o deməkdir ki, Iran Islam Respublikası Azərbaycana qarşı daha provokativ addımlar planlaşdırır. Bunu sübut edən daha bir fakt isə Iran Islam Respublikasının Sərhəd Qoşunları komandanı Hüseyn Zülfiqarinin açıqlamasıdır: “Azərbaycan sərhədçilərinin əli ilə şəhid olan iranlı əsgərin işi üzrə aparılan araşdırmalar göstərir ki, Azərbaycan sərhədçilərinin hərəkətini heç nə ilə izah etmək mümkün deyil. Çünki silahsız bir əsgəri, hətta sərhədi pozsa belə, qabaqdan və arxadan bir neçə güllə ilə vurmağa ehtiyac yoxdur. Mövcud şahidlərə görə, bu iş bizim nəzərimizdə adi hal sayılmır. Necə ki, vaxt olub, biz bir azərbaycanlı əsgəri Iran kəndlərində tutub onlara qaytarmışıq.
Əlbəttə, Iranın təkidi ilə Azərbaycan tərəfi məsələni siyasi və hüquqi baxımdan araşdırır. Azərbaycanın sərhəd komandanlığı ilə Iranın sərhəd komandanlığı arasında yaxşı münasibətlərin olduğunu nəzərə alaraq, Azərbaycan tərəfindən gözlədiyimiz odur ki, bu hadisənin səbəbkarlarını tutub məhkəməyə verməklə Irana və bu əsgərin ailəsinə qənaətbəxş bir cavab versin”.
Sərhəd komandanının açıqlamasından aydın olur ki, Tehran açıq-aşkar gərginlikdə maraqlıdır və aranı qatmaq üçün bəhanələr axtarır. Əgər bir hərbçi sərhədi keçibsə, bu daha çox mühakimə olunmalıdır, nəinki öz ölkəsinin sərhədlərini qoruyan hərbçi. Əcəba, Iran bir müddət öncə qətlə yetirdiyi azərbaycanlı sərhədçi zabitin qatillərini həbs etdimi?
Göründüyü kimi, açıq şəkildə Iran hökuməti və bu ölkənin dini rəhbərliyi Azərbaycanı təhdid edir. Əgər Azərbaycanın Təbriz konsulluğuna qarşı planlaşdırılan hücum-provokasiya baş tutarsa, bu o deməkdir ki, Iran qəsdən Azərbaycanla gərginlik istəyir. Məqsəd isə, sadəcə, regionda demokratikləşmə dalğasını özündən uzaqlaşdırmaq, daxili diqqəti kənara yönəltməkdir.
Xatırladaq ki, 4 noyabr Iranın dini rejimi üçün xüsusi gündür. 1979-cu ilin 4 noyabrında 300 ekstremist ABŞ-ın bu ölkədəki səfirliyini ələ keçirmiş, 9 nəfəri girov götürmüşdülər. Görünür, bu dəfə də ekstremist qüvvələr 4 noyabrı uğurlu tarix kimi seçiblər. Hər halda, bu, başlanğıc deyil, davamdır.

azadliq.info