“Hökumət daxilində nizam-intizam yaratmağın zamanı çatıb” – Müsahibə

hokumet-daxilinde-nizam-intizam-yaratmagin-zamani-catib-musahibe
Oxunma sayı: 650


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:


- Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan taym-aut götürüblər və dekabrın sonuna kimi Azad Ticarət Zonasına daxil olmaq barədə müqaviləni imzalayacaqlar. Rusiya baş nazirinin bu bəyanatına və Avrasiya İttifaqı ilə bağlı təşəbbüslərinə münasibətiniz necədir?

- Bildiyiniz kimi, Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük faciəsi kimi qiymətləndirir. Baxmayaraq ki, XX əsrdə milyonlarla insanın ölümünə və dəhşətli dağıntılara səbəb olan iki dünya müharibəsi baş verib. Bununla yanaşı, Putin SSRİ-nin rus dövləti olduğunu bildirən və SSRİ-nin dağılmasını məhz rus dövlətinin parçalanması kimi dəyərləndirən yeganə Rusiya rəsmisidir. Məhz buna görə də mən NATO Parlament Assambleyasının son toplantısında çıxışım zamanı Vladimir Putinin Avrasiya İttifaqı təşəbbüsünü SSRİ-nin bərpasına cəhd kimi qiymətləndirmişdim. Eyni zamanda məruzəçi, ABŞ-ın Ceyms Stoun Fondunun eksperti Vladimir Sokora "Azərbaycanın Avrasiya İttifaqına daxil olması ölkənin ərazi bütövlüyünün təmin olunmasına kömək edə bilərmi" sualını ünvanlamışdım. Şübhəsiz ki, bu fikirlər yaranmış vəziyyətlə bağlı baxışlarımı açıq şəkildə ifadə edir.

Daha öncə də bəyan etmişdim və bu gün də o fikirdəyəm ki, Qərb Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə dəstək verməyəcək. Bu amili və Qərb ölkələrinin siyasətinə erməni diasporunun təsir imkanlarını nəzərə alaraq, hesab edirəm ki, əgər Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün Rusiyadan ciddi təminatlar alarsa, o zaman ölkəmizin Azad Ticarət Zonasına, Gömrük İttifaqına və hətta Avrasiya İttifaqına da daxil olması mümkündür. Belə bir təminatın olmayacağı təqdirdə isə Azərbaycan nəinki adıçəkilən qurumlara daxil olmamalı, hətta Qəbələ Radiolakasiya Stansiyası ilə bağlı icarə müqaviləsinin müddətinin uzadılmasından imtina etməli və stansiyanın bağlanması üçün konkret addımlar atmalıdır.

Xatırlayırsınızsa, vaxtilə mərhum prezident Heydər Əliyev Azərbaycanı Müstəqil Dövlətlər Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmişdi. Amma bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə fayda verməyəcəyinə əmin olduqdan sonra ölkəmizi KTMT üzvlüyündən çıxardı. Bu baxımdan, hesab edirəm ki, əgər Rusiya ilə aparılan danışıqlar fayda verməzsə Azərbaycan MDB-dən çıxmaq haqqında düşünməlidir.

- Bildiyiniz kimi, Xarici İşlər Naziri Elmar Məmmədyarovun "sülh sazişi" ilə bağlı son açıqlaması ciddi müzakirələrə səbəb olub. Elmar Məmmədyarovun açıqlamasına necə yanaşırsınız?

- İlk öncə onu qeyd etmək istəyirəm ki, əgər hər hansı bir sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və tanınması imperativ şəkildə əks olunmazsa belə bir sənədin imzalanması kapitulyasiyadır və buna qətiyyən yol vermək olmaz! Digər tərəfdən, təəssüf hissi ilə bildirirəm ki, Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin açıqlamaları ölkənin xarici siyasətini müəyyənləşdirən Azərbaycan Respublikası Prezidentinin bəyanatlarından kəskin şəkildə fərqlənir. Çox yanlış olaraq belə bir təsəvvür yaranıb ki, Xarici İşlər Naziri dövlət başçısından daha yumşaq, Müdafiə Naziri isə əksinə, daha sərt danışmalıdır. Azərbaycan Prezidentindən fərqli mövqe ortaya qoyan insanlar istefa verərək öz mövqelərini başqa bir formada açıqlaya bilərlər. Dövlət başçısı hər zaman bəyan edir ki, bütün vasitələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Və Elmar Məmmədyarov fərqində olmalıdır ki, Azərbaycan prezidentinin bəyanatları üzərinə başqa ifadələrlə kölgə salınması bu bəyanatların təsir gücünü azaldır. Bu insanlar anlamalıdırlar ki, erməni gənclərinin kütləvi şəkildə Ermənistanı tərk etmələri heç də işğalçı ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı deyil. Erməni gənclərinin ölkədən qaçmalarının əsas səbəbi Azərbaycan prezidentinin hərbi güc tətbiqinin mümkünlüyü ilə bağlı kəskin bəyanatlarıdır. Erməni diplomatiyasının və diasporunun, eləcə də Ermənistanı himayə edən güclərin Azərbaycan prezidentinin kəskin bəyanatlarından dərhal sonra hərəkətə keçmələri, ölkəmizə təzyiq göstərmələri də bununla bağlıdır. Təəssüf ki, daxildəki bəzi qruplar da bir çox hallarda Ermənistanın xarici havadarlarının təhriki ilə, bilərəkdən, yaxud da bilməyərəkdən bu prosesin iştirakçısına çevrilirlər.

Hər dəfə Elmar Məmmədyarovun "malalayıcı" açıqlamalarından dərhal sonra Serj Sarkisyan bəyan edir ki, Azərbaycan Respublikası Prezidentinin bəyanatları daxili auditoriyaya hesablanıb. Buna görə də, düşünürəm ki, hökumət daxilində ciddi nizam-intizam yaratmağın da zamanı çatıb. Ermənistan və onun dünyadakı havadarları bilməlidirlər ki, işğala son qoyulmayacağı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayacağı təqdirdə müharibə qaçılmaz olacaq.