“Hökümət haqqı deyən insanları zor gücünə susdurmağa cəhd edir”

hokumet-haqqi-deyen-insanlari-zor-gucune-susdurmaga-cehd-edir
Oxunma sayı: 836



İctimai Palata ötən il baş vermiş Kür daşqınlarının fəsadlarını aradan qaldırmaq işində hökumətin fəaliyyətini tənqid edən bəyanat yayıb. Qurumun üzvü olan partiyalardan “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarından 15 aya yaxın vaxt keçir. Qeyd olunur ki, ölkədə hökm sürən yanlış idarəetmənin nəticəsi olaraq meydana gəlmiş daşqınlar nəticəsində 20 mindən artıq ev, 110 min hektar əkin və örüş sahələri su altında qalıb, regionun sosial- iqtisadi həyatına, infrasturkturuna böyük həcmdə ziyan dəyib: “Təəssüflə qeyd etmək lazımdır ki, ötən müddət ərzində Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli 197 saylı sərəncamına əsasən fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmasına baxmayaraq bu istiqamətdə görülən işlər qənaətbəxş səviyyədə deyil. Sözü gedən sərəncama əsasən tikilməsi nəzərdə tutulan 3205 evdən bu gün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı və digər qurumların verdiyi məlumata görə, 1800- 2000 civarında ev tikilib. Qalan evlərin tikilməməsi səbəbi, eləcə də daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılan vəsaitin hansı həcmdə xərclənməsi, bu vəsait hesabına hansı işlərin görülməsi, bir evin tikintisi üçün nə qədər vəsaitin xərcləndiyi barədə hökümət heç bir məlumat vermir. Bütün sahələrdə olduğu kimi Kür daşqınlarının nəticələrinin aradann qaldırılması istiqamətində də ayrılan vəsaitlər talan edilir, vəsaitlərin xərclənməsinə ictimai nəzarətin təmin olunmasına imkan verilmir və məlumatlar ictimaiyyətdən gizlədilir. Mülkiyyət hüquqlarının qorunmasını təmin edən insanlara hakimiyyət səviyyəsində müxtəlif səpkili təzyiqlər edilir. Bu gün yüzlərlə insan var ki, Kür daşqınlarına görə hələ də kompensasiya ala bilməyib, qəzalı olduğuna görə uzun müddətdir ki, öz evində yaşaya bilmir, qonşularda və qohumlarının evində gecələyir”.

İctimai palata bəyan edib ki, müstəqil iqtisadçıların və QHT- lərin cəmləşdiyi Milli Büdcə Qrupunun (MBQ) verdiyi məlumata görə ötən il Kür daşqınlarının baş verdiyi Aran bölgəsi fəlakətə qədər ölkənin bostan məhsullarının 30- 33%- hissəsini verirdi: “Təəsüflə qeyd etmək lazımdır ki, bütün rıçaqları əlində cəmləşdirən hakimiyyət regionda əvvəlki məhsuldarlığı, normal həyat şəraitini, sosial infrastrukturu bərpa etmək əvəzinə dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitlərin talan edilməsi, hüquqlarını tələb edən insanlara qarşı isə represiyya tədbirləri həyata keçirməklə məşğuldur. Bir qrup insanın Kür daşqınları ilə bağlı dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etməsi, son zamanlar Sabirabad, Saatlı, İmişli, Hacıqabul və digər fəlakətdən əziyyət çəkən rayon sakinlərinin keçirdiyi etiraz aksiyaları, irəli sürdükləri tələblər, vətəndaş cəmiyyəti institutlarının cəmləşdiyi “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının bu istiqamətdə apardığı ardıcıl monitorinqlərin və hazırladığı hesabatların nəticələri bir daha göstərir ki, ötən müddət ərzində hökümətin bütün sahələrdə olduğu kimi Kür daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü işlər də yetərsiz və yarıtmazdır.
Təəssüflə qeyd etmək lazımdır ki, hökümət ötən 15 ay ərzində Kür daşqınlarının fəsadlarının aradan qaldırmaq, mövcud problemləri həll etmək əvəzinə haqqı deyən, hüquqlarını tələb edən insanları zor gücünə susdurmağa cəhd edir. Son günlər Sabirabadda keçirilən aksiyada iştirak edənlərin tez- tez polisə çağrılması və onlara əsassız xəbərdarlıq edilməsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının İmişlidən olan üzvü, “Gündəm- Xəbər” qəzetinin bölgə müxbiri Kəmalə Rəhmanqızının təzyiqlərə və təhdidlərə məruz qalması, Qərargahın digər üzvü, “Hürriyyət” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlının İmişli RİH- nin şöbə müdirinin qohumları tərəfindən vəhşicəsinə döyülməsi və s. faktlar məmurların Kür daşqınları ilə bağlı yol verdikləri korrupsiya və qanunsuz əməllərini ört- basdır etmək cəhdidir”.

İctimai Palata bir daha höküməti Kür daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə, haqqını tələb edən insanları susdurmağa deyil, onların haqlı tələblərini yerinə yetirməyə, günahsız şəxslərə qarşı zorakı hərəkətlərə yol verənlər barədə ciddi ölçü götürməyə çağırır.