Hökumət məcburi köçkün tələbələrlə bağlı qərar verdi

hokumet-mecburi-kockun-telebelerle-bagli-qerar-verdi
Oxunma sayı: 636

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi arasında yaranan münasibətlərə dair "Dövlət ali təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsil alan, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında Nümunəvi Fərdi Müqavilə" formasını təsdiq edib.

Qərarla həmin məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair "Təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Çərçivə Müqaviləsi" də təsdiq olunub.

Təhsil Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Məcburi köçkünlərin statusunda və təhsil formasında il ərzində dəyişiklik baş verdikdə, həmin şəxslər barədə müvafiq məlumatların 1 ay müddətində Maliyyə Nazirliyinə təqdim olunmasını və dövlət büdcəsindən həmin şəxslər üçün ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması adıçəkilən qurumlar tərəfindən təmin olunmalıdır.