“Hökumət yanlış xəbəri eşidib sevincək olmasın”

hokumet-yanlis-xeberi-esidib-sevincek-olmasin
Oxunma sayı: 719

Siyasi məhbusların vəziyyətin və onların müdafiəsinin təşkililə bağlı İctimai Palatanın Hüquq Komissiyası dünən Müsavat Partiyasının qərargahında dəyirmi masa keçirdi. Dəyirmi masaya İctimai Palata üzvləri, hüquq müdafiəçiləri, vəkillər və media nümayəndələri qatılmışdılar. İctimai Palatanın hüquq komissiyasının rəhbəri Vidadi Mirkamal əvvəlcə 2 aprel aksiyasında həbs olunanlar barədə məlumat verdi. Onun sözlərinə görə, cinayət işi başlansa da, cinayəti sübut edən heç bir material, dəlil yoxdur: "Həbs olunan şəxslərlə bağlı ən çox hallanan fakt onların "Azadlıq!", "İstefa!" şüarları qışqırmasıdır. Azərbaycanın Cinayət Məcəlləsində də bu şüarları qışqırmağa görə heç bir məsuliyyət nəzərdə tutulmayıb".

Vidadi Mirkamal çıxışı zamanı bir maraqlı faktı da açıqladı. O bildirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi 2 aprel mitinqi zamanı 40-dək polisə az ağır dərəcəli xəsarət yetirildiyini desə də, həbs olunanların heç birinə polisə xəsarət yetirməyə görə ittiham irəli sürülməyib. Müdafiə prosesindəki problemlərdən söz açan Vidadi Mirkamal maddi baxımdan çətinliklər olduğunu bildirdi. O, siyasi partiyaların məhbuslara bugünədək lazımi maddi dəstək verdiyini, lakin bu resurusun artıq kifayət etmədiyini vurğulayaraq, cəmiyyətdən dəstək umduqlarını söylədi. V.Mirkamal "2 aprel məhbusları"nın özlərinə, ailələrinə və vəkillərinə yardım məqsədilə, bank hesabı yaradıldığını da elan etdi: "Bu bank hesabını cəmiyyətin müxtəlif təbəqələrilə tanış edib, yardım göstərilməsinə nail olmalıyıq. Bəri başdan bildiririk ki, vəsaitlərin xərclənməsi şəffaf olacaq, orada yardım edənlərin gizliliyi isə qorunacaq".

İctimai Palatanın Siyasi Məhbuslara Yardım Fondu
Access Bank
Müştərinin kodu 030 000002474
Hesab nömrəsi 001030241000029663 AZN
001030242000021367 USD
001030243000003661 EUR

Müsavat başqanının müavini Tofiq Yaqublu bildirib ki, növbəti il Azərbaycanda "Eurovision" mahnı yarışması keçiriləcək: "Bu yarışmanın ruhu azadlıq, qardaşlıq, demokratiya ilə bağlıdır. Biz də bu prinsiplərə istinad edərək Avropa Yayım Birliyinə ardıcıl müraciətlər yollayıb, ölkəmizdəki siyasi vəziyyətin acınacaqlı olduğunu, azadlıq uğrunda mübarizə aparanların məhbəsə atıldığını onlara çatdırmalıyıq".

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də dəyirmi masada çıxış etdi. O, məhbuslarla bağlı görülən işlərə görə hüquq komissiyasına təşəkkür etdi və məlumat verdi ki, 2 aprel mitinqə görə həbslərin qondarma və əsassız olduğunu sübut edən bir sıra mühüm sənədlər tərcümə edilərək beynəlxalq təşkilatlara göndərilib. Lakin bu işi hələlik qaneedici saymayan Əli Kərimli xüsusən sosial şəbəkələrdə və ingilisdilli cəmiyyət arasında sistemli fəaliyyət göstərilməsinin önəmini vurğuladı. Dedi ki, müxtəlif beynəlxalq media qurumları ilə əlaqə yaradılmalı, onlara ölkədəki vəziyyət birbaşa çatdırılmalıdır. Məhbusların müdafiəsi məqsədilə aksiyaların keçirilib-keçirilməməsi polemikasına toxunan Əli Kərimli bu barədə İctimai Palatanın aydın mövqeyi olduğunu da yada saldı. AXCP sədri dedi ki, İctimai Palatanın aksiyaları guya, payıza qədər təxirə salması haqda deyilənlər doğru xəbər deyil. Odur ki, hökumət də bu yanlış xəbəri eşidib nahaq yerə sevincək olmasın: "Biz növbəti aksiyanın sadəcə, vaxtını göstərməmişik. Bu aksiya lap gələn həftə də ola bilər. Aksiyalar Azərbaycanda avtoritar rejim ləğv olunanadək davam edəcək. Biz bu işə kampaniya kimi baxmamışıq. Sadəcə, istəyirik ki, İctimai Palatanın keçirdiyi aksiya hadisə olsun, Azərbaycanın ictimai fikrinə təsir göstərəcək, hakimiyyəti təlaşa salacaq gücdə olsun".