“Hökumətin paytaxtda “böyük köç” planı” – Manşetlər

hokumetin-paytaxtda-boyuk-koc-plani-mansetler
Oxunma sayı: 696

“Yeni Müsavat” qəzetində manşet xəbər İlham Məmmədov küçəsi sakinlərinin etiraz aksiyası ilə bağlıdır. “Bakıda xalq qəzəbinin daha bir təzahürü” başlıqlı xəbərdə sakinlərin etirazının səbəbləri və aksiyanın təfərrüatları yer alıb. “

“Yeni Azərbaycan” qəzetinin manşetində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub” başlıqlı xəbər dərc olunub. Xəbərdə prezidentin səfər çərçivəsində keçirdiyi görüşlər və digər təfərrüatları öz əksini tapıb.

“Şərq” qəzeti isə manşet xəbər olaraq Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Siyasi partiyalar haqqında” qanunla bağlı açıqlamasını dərc edib. ““Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilə bilər” başlıqlı xəbərdə Ə. Həsənovun məsələ ilə bağlı fikirləri yer alıb.

“Azərbaycan” qəzetinin manşet xəbəri prezidentin MDB ölkələri prezidentlərinin qeyri-rəsmi iclasında iştirakı ilə bağlıdır. “Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmişdir” başlıqlı xəbərdə görüşün təfərrüatları yer alıb.

“Xalq cəbhəsi” qəzeti manşetində “Meksika senatı Xocalı soyqırımını tanıdı” başlıqlı xəbər dərc olunub. “Sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi vurğulanıb”-deyə xəbərdə qeyd olunur.

“Kaspi” qəzetinin manşetində “Rəsmi Bakı Venesiya Komissiyasının rəyinə münasibət bildirdi” başlıqlı xəbər yer alıb. Xəbərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı fikirləri öz əksini tapıb.

“Azadlıq”ın manşeti isə “300 kiloqramlıq qızıl atı Ramiz Mehdiyevə kim hədiyyə edib?” başlıqlı yazıdır. Yazıda tikilməkdə olan Qəbələ hava limanının yaxınlığında kurqandan xəzinə tapıldığı iddia edilir.

“525-ci qəzet” manşeti adlar və soyadlarla bağlıdır. Belə ki, “Adlar və soyadlarla bağlı xüsusi qanun qəbul edilə bilər” başlıqlı xəbərdə Milli Məclisin Komitə sədri Nizami Cəfərovun məsələ ilə bağlı açıqlaması yer alıb.

“Bizim yol” qəzetinin manşetində “Hökumətin paytaxtda “böyük köç” planı” başlıqlı xəbər dərc olunub. “Bayılın 35 min sakini Hövsana köçürüləcək”-deyə xəbərdə qeyd olunur.

Hazırladı: Fatimə Kərimli