“Hökumətin vəhhabilərdən əndişəyə düşməsinin səbəbi o idi ki...” – Müsahibə

hokumetin-vehhabilerden-endiseye-dusmesinin-sebebi-o-idi-ki-musahibe-
Oxunma sayı: 698


- 2011-ci ildə Azərbaycanda 40 ictimai-siyasi fəal azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu, son illərin ən yüksək göstəricisidir. Məhkumların spektri genişdir – gənc fəallar, müxalif siyasi partiyaların üzvləri, sabiq hərəkatçılar, hüquq müdafiəçisi, jurnalist... Ancaq bir məqam xüsusi diqqət çəkir – məhkum olunan fəalların tən yarısı dini kəsimi təmsil edir. 20 dini fəal azadlıqdan məhrum edilib. Bu nəyin göstəricisidir – demək olarmı ki, artıq ölkədə strukturlaşmış dini müxalifət var?

- Diz öz fəlsəfəsinə görə müxalifətçilik deməkdir. Din insanı özünə qarşı müxalif olmağa məcbur edən gücdür. Dini kəsimin inancına görə, onlar bu dünyada nələrdənsə imtina etməlidirlər ki, o biri dünyada nəsə qazansınlar.

Müasir Azərbaycan cəmiyyətində isə demokratik qüvvələr sıxışdırıldıqca dini müxalif qüvvə onların yerini tutur. Azərbaycan hökuməti səhv olaraq demokratik qüvvələri sıxışdırdıqca onun yerinə dini qüvvələr keçir. İndi dini qüvvələri sıxışdırdıqca isə onun yerini radikal, silahlı, antidemokratik güclər tutacaq. Bizim cəmiyyətə oxşar ölkələrin tarixi inkişafı belə gedib. Hansı ölkədə demokratik müxalifət varsa, o cəmiyyətdə dini müxalifətə yer olmayıb. O yerdə ki nə siyasi, nə dini müxalifətə imkan verilir, orada terror, kriminal hadisələr baş alıb gedir. Bunun başqa yolu yoxdur. Bəziləri elə fikirləşir ki, bu tarixi gedişata təsir edib onu dəyişə bilər, amma mümkün deyil. Bu həqiqəti qəbul eləmək lazımdır, vəssalam.

- Dini fəalların həbsi bu il yanvarın 2-də İslam Partiyasının Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlanıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını ayağa qalxıb indiki rejimə son qoymağa çağırıb. Belə bir fikir var ki, hakimiyyət həbslər aparmaqla dini müxalifətin gözünü qırmaq istəyir, amma tam əks mənzərə alınır. Siz nə düşünürsünüz?

- Mən də hicabla bağlı məqalə yazdım, vəziyyətlə bağlı öz fikirlərimi bildirdim. İslam Partiyası fərqli olaraq problemlə bağlı yalnız dini tərəfi ortaya qoyur. Onlar seçkilərdə iştirak eləmir, əmək hüquqlarını müdafiə eləmirlər. Yalnız məhdud dairədə müxalifətçilik etdiklərinə görə onların siyasi fəaliyyəti görünmür. İslam Partiyası yalnız dini məsələlərlə bağlı fəallıq etdiyinə görə kənardan belə görüntü yaranır ki, onlar dini müxalifətçilik edirlər. İslam Partiyası demokratik təəssübkeşlik istiqamətində fəal deyil.

Azərbaycan iqtidarı planlı şəkildə narazı elektoratı təşkil edən, onun qabağına çıxa bilən bütün müxalif gücləri bir-birinə qarşı qoymaq və məhv eləmək taktikası seçib. Bu siyasi partiyaları cəmiyyətdən gizlətmək, bu partiyaların yalnız öz üzvləri arasında mövcudluğunu təmin etmək, siyasi partiyalarla xalq arasında baryer yaratmaq, siyasi partiyalara qarşı piar, repressiyalar aparmaq xətti tutub. Bununla hökumət müəyyən mənada siyasi partiyaların mövcudluğunu formal vəziyyətə gətirib çıxarıb.
İndi növbə islami qüvvələrindir. Fikir versəniz, İslam Partiyası üzvlərinin həbsindən əvvəl məscidlər bağlandı, hicabla bağlı problemlər oldu, azanın səsinə məhdudiyyət qoyuldu, başqa təriqətlərdən olanlara hücumlar oldu. İslam Partiyasının rəhbərliyini təmsil edənlərin həbsi prosesin sonuncu mərhələsi idi. Sadəcə proseslər “aşağı”dan “yuxarı”ya doğru gətirildi, cəmiyyətdə İslam Partiyasının dayaqları kifayət qədər sarsıdıldı, dinə qarşı ciddi mübarizə aparıldı, sonda isə təşkilatçılar həbsə atıldı. Qrupları məhv etməyin bir neçə forması var. Onlardan biri qrupun yerlərdəki dayaqlarını dağıtmaq, ləğv eləmək, ikincisi yerli təşkilatlarla rəhbərliyin əlaqəsini pozmaq, üçüncüsü qrup daxilində intriqa yaratmaq, daxili çəkişmələr üzündən partiyalarn dağıdılması, dördüncüsü qrupları başsızlaşdırmaqdır.

İslam Partiyasında bu gün bu üsuldan istifadə edirlər. Başsızlaşdırma yolu ilə islam qrupuna daxil olanları zəif salmaq istəyirlər.

- Ötən ay parlament Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etdi. Bu yenilik dini qadağaları gücləndirir. Məsələn, islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi yasaqlanır. Hakimiyyəti bu tip qadağalara vadar edən nədir?

- Belə məhdudlaşdırıcı hallar konstitusiyaya ziddir. Elə beynəlxalq hüquqa görə də vətəndaşlar dövlət sərhədlərindən asılı olmayaraq öz ideya və fikirlərini yaymaq azadlığına malikdir. Bu, fundamental insan hüququdur. Birləşmiş Millətlər Təşkilatı bunu qəbul edib və Azərbaycan da bu qurumun qəbul etdiyi ümumi qətnamələri yerinə yetirməyə borcludur. Azərbaycan qanunları konstitusiya və beynəlxalq hüquqla ziddiyyət təşkil edirsə, onda hüquqi güc həmin normalarda olur. Bu o deməkdir ki, yaxın vaxtlarda qəbul olunan bu qanunların heç bir hüquqi gücü yoxdur. Belə ziddiyyətin olması bəri başdan bu qanunların işləməyəcəyini göstərir. Qanunda belə qadağalar qoyulsa belə, həmin güclər başqa yollarla öz fəaliyyətlərini davam etdirəcəklər. Bu isə daha ciddi nəticələr verə bilər. Bir var fəaliyyət aşkar olsun, qanunla tənzimlənsin, bir də var fəaliyyət qadağan olunsun, o, gizlədilsin və həmin fəaliyyət tənzimlənməyən olsun. Bunun təhlükəsi daha böyükdür.

O ki qaldı dövlətin dinlə bağlı qanunvericiliyinə, dinlə bağlı qadağalar tətbiq eləməsinə, bu ya dövlətin dinlə birləşməsi, ya da dövlətin dini tam nəzarəti altına alması deməkdir. Bu isə həm dövlətin, həm də dinin mahiyyətinə ziddir. Deyirik ki, din dövlətdən ayrıdır. Bu o deməkdir ki, din dövlətin işinə qarışmır, dövlət də dinin. Əgər bizdə də höccətül-islamlar, ayətullahlar olsaydı, onlar dinlə bağlı hökmlər verə bilərdilər. Yaxud qazilər institutu belə hökmlər verə bilər. Amma hökumətin, parlamentin dinlə bağlı hökm verməsi, qadağalar qoyması dinin işinə qarışması deməkdir. Bu elə dinin hökumətə qarışması kimi bir şeydir.

- Dini fəalların ölkədə gedən siyasi proseslərə müstəqil şəkildə təsir edə biləcək dərəcədə güclənməsi mümkündürmü?

- SSRİ dağıldıqdan sonra Azərbaycanda dinə böyük qayıdış var. Nəzərə alaq ki, Azərbaycanda dinin inkişafında maraqlı olan xarici dini sektalar mövcuddur, onlar dinin inkişafı üçün həm maliyyə, həm mənəvi, həm də iqtisadi dəstəklər verirlər. Dövlət istəsə də Azərbaycanda dinin inkişafının qarşısını ala bilməyəcək. Bu o deməkdir ki, insanlar öz inanclarının tələblərinə uyğun şəkildə cəmiyyətdə iştirak edəcəklər. İndi Azərbaycanda bu görünmür. Amma bir müddət sonra dini kəsim siyasi həyatda mühum yer tutacaq. Vəhabilərdən hökumətin əndişəyə düşməsinin səbəbi o idi ki, onlar ciddi gücə çevrilirdilər. Onların məscidi bağlandı, aktiv olanları həbs edildi, dini ədəbiyyatı qadağan olundu. Bu gün də onların təqibi davam edir. Azərbaycanda olan təkcə vəhabilər deyil axı. Nurçular var, digər təriqətlər var ki, onlar evlərdə, örtülü yerlərdə öz fəaliyyətlərini icma halında qururlar. Bunlar isə insanların şüurlarına təsir edir. Təbii ki, həmin təriqət, həmin din öz mövqeyini ortaya qoyanda minlərlə insan meydana çıxacaq.
Yeganə düzgün yol odur ki, ölkədə demokratik qüvvələrin siyasi fəaliyyətinə imkan yaradılsın. Çünki bu qüvvələrin funksiyasını dini kəsim öz üzərinə götürə bilməz. Lakin indi bu qüvvə vətəndaşların hüquq və azadlıqlarını lazımınca müdafiə edə bilmirsə, ölkənin siyasi həyatında aktiv şəkildə iştirak edə bilmiriksə, demokratik siyasi qüvvələrin boş buraxdığı sahədə başqa qrupların, eləcə də dini qrupların fəaliyyət göstərməsi qanunauyğundur. İqtidarın siyasəti ölkəni klassik islam quruluşuna doğru aparır. Demokratik müxalifət zəiflədilməsəydi, dini qruplar dini məsələlərlə məşğul olardılar və siyasiləşməzdilər.

mediaforum.az