“Hökumətləri xəbərdar edirəm...”

hokumetleri-xeberdar-edirem
Oxunma sayı: 655

“Fransa Senatının qəbul etdiyi qanun yalnız Türkiyəyə qarşı çevrilməyib. Hərçənd tək Türkiyəyə qarşı çevrilmiş olsaydı və Azərbaycana heç bir aidiyyəti olmasaydı belə, Azərbaycanın qardaşlıq, müttəfiqlik borcu Türkiyə ilə bərabər olmağı tələb edirdi. Amma indiki halda bu qanun yalnız Türkiyəni hədəf götürməyib. Bu qanunun ilk hədəflərindən biri elə Azərbaycandır”.

AXCP sədri Əli Kərimli bu sözləri Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkara görə cəzanı nəzərdə tutan qanunun prezident Sarkozi tərəfindən imzalanması perspektivini şərh edərkən söylədi. Partiya sədrinin fikrincə, bu qanun Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Xocalı soyqırımını, mart soyqırımını həyata keçirmiş, bizimlə hazırda da düşmən vəziyyətində olan bir aqressiv qüvvəni dünyaya zərərçəkən, qurban kimi təqdim edir: “Elə isə bu, Azərbaycanın maraqlarına zidd deyilsə, kimin maraqlarına ziddir? Bu qanun onu göstərir ki, bizim 20 ilə yaxın bir müddətdə taleyini həvalə etdiyimiz Minsk Qrupunun həmsədrlərindən daha birinin obyektiv olmayacağına bizim təminatımız yarandı. Biz bilirik ki, uzun illər ərzində Rusiya diplomatiyası Ermənistanın maraqlarından çıxış edib və hətta münaqişənin ilk illərində torpaqların işğal olunmasında da indi vasitəçi qismində çıxış edən bu ölkənin ayrı-ayrı qüvvələri iştirak edib. İndi məlum olur ki, Fransa birmənalı şəkildə Ermənistanla elə bir yüksək səviyyəli müttəfiqliyə nail olur ki, hətta Ermənistanın maraqlarına görə özünün NATO üzrə ən güclü müttəfiqlərindən biri olan Türkiyə ilə belə qarşıdurmaya gedir. Belə olan halda biz necə etibar edə bilərik ki, Qarabağ münaqişəsinin nizama salınmasında həmin Fransa obyektiv mövqe tutacaq. Onsuz da Azərbaycanın dövlət rəhbərliyi Qarabağın geri qaytarılması üçün heç bir iş görmür. Yaxşı bəhanə tapıblar ki, ATƏT-in Minsk Qrupu bu işlə məşğuldur. İndi də məlum oldu ki, ATƏT-in Minsk Qrupu bu tərkiblə bu işi həll edə bilməz. Ona görə də Azərbaycana rəhbərlik edənlər ilk növbədə elə Azərbaycanın milli maraqlarını təmin etmək, müdafiə etmək naminə bu mübarizəyə qoşulmalıydılar”.

Ə. Kərimliyə görə, rəsmi Bakı ilk gündən öz mövqeyini açıq şəkildə sərgiləməliydi: “İlk gündən ağırlıqlarını qoymalıydılar ki, Fransa hakimiyyəti belə bir səhvə yol verməsin. Açıq deməliydilər ki, bu qərarın qəbul edilməsi hansı fəsadlara gətirib çıxara bilər və Azərbaycan hansısa sanksiyaları qəbul etməyə məcbur olacaq. Əgər bunlar vaxtında deyilsəydi, ola bilsin ki, Fransa hakimiyyəti daha dərindən düşünərdi. Onsuz da bu məsələdə Fransa cəmiyyətində yekdillik yoxdur. Bu qanunun lehinə səs verənlərin üçdə ikisi qədər də bu qanunun əleyhinə səs verən var. Əgər bu qanunun əleyhdarlarının əlində daha iki arqument olsaydı ki, baxın, biz bu qanunu qəbul etsək, Fransaya ciddi geopolitik üstünlük qazandıran ATƏT-in Minsk Qrupundakı yerini itirə bilərik və biz indi gün-gündən genişlənməkdə olan Xəzər hövzəsi enerji resurslarından faydalanmaq imkanlarını itirərik, o zaman qanunun əleyhdarları daha çox, mövqeləri daha güclü olardı. Ona görə də İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin susqunluğunun çox ciddi məsuliyyəti var, bunu xüsusi vurğulamaq istəyirəm. İkincisi, Azərbaycan hakimiyyəti aşağı ranqlı funksionerləri qabağa verməklə gözə kül üfürmək, Türkiyə və Azərbaycan ictimaiyyətini aldadıb sakitləşdirmək, amma əslində Fransanın hazırkı hakimiyyəti ilə olan şəxsi münasibətləri - baxmayaraq ki, o münasibətlər Azərbaycanın dövlət maraqlarına yox, yalnız hakim ailənin maraqlarına xidmət edir - qoruyub-saxlamaq xətti götürüb. Təsadüfi deyil ki, Türkiyə mətbuatının ən ünlü simaları bu barədə yazırlar. Onlar başa düşürlər ki, Azərbaycan hökumətinin irəli verdiyi adamlar aşağı ranqlı siyasi funksionerlərdir və onlar avtoritar idarəetməsi olan Azərbaycan dövlətinin mövqeyini ifadə etmirlər”.

AXCP sədri deyir ki, rəsmi Bakının tez-tez istinad etdiyi Azərbaycan parlamentinin Fransa Senatına müraciəti olduqca dişsiz, acizanə bir sənəddir: “Azərbaycan hökuməti nə xalqı, nə də Türkiyə hökumətini aldada bilmədi. Bu hökumət Türkiyənin milli maraqlarından çıxış etmədi. Azərbaycanın, Qarabağın, Türkiyənin maraqlarını şəxsi sülalə hakimiyyətinin davamlı maraqlarına açıq-aşkar qurban verdi. Bu gün əsas iş Fransa ilə aparılmalıdır. Fransada hüquqi prosedurlar imkan verir ki, 60 senatorun iştirakı ilə bu qanun Konstitusiya Məhkəməsinə çıxarılsın. Ona görə də bu istiqamətdə işləmək lazımdır. Digər tərəfdən Fransa bir günün içində dünyaya demokratiya örnəyi olan ölkələrdən biri olmaqdan çıxıb bütün nüfuzlu hüquq-müdafiə təşkilatlarının qınadığı dövlətə çevrilib. Ən nüfuzlu qurumlar Fransanın bu qanununu ifadə azadlığına, demokratiyanın prinsiplərinə zidd bir qanun kimi pisləyir. Bundan istifadə edib Fransa cəmiyyətinin özündə ciddi iş aparmaq lazımdır. Nəhayət, bu xoşagəlməz halın Avropaya və dünyaya qarşısının alınması üçün indidən addımlar atılmalıdır. Azərbaycan və Türkiyə bir qayda olaraq hadisələri qabaqlaya bilmir. Biz bütün problemlər baş verəndən sonra nə etməklə bağlı düşünürük”.

Ə.Kərimli Bakı və Ankaraya çağırış edib: “İndidən Azərbaycan və Türkiyə hökumətlərini xəbərdar edirəm. Qarşıdan 2015-ci il gəlir. Bununla əlaqədar olaraq erməni lobbisi çox irimiqyaslı beynəlxalq layihələr hazırlayıb. Bu layihələr Türkiyə və Azərbaycan üçün ciddi sürprizlə hesablanıb. Çünki sözdə ”soyqırım"ın 100 illiyini erməni lobbisi bütün dünyada Türkiyə və Azərbaycana qarşı qınaq ilinə çevirmək və beləliklə, bu hay-küyün içində Azərbaycan torpaqlarının işğalda saxlanmasını ört-basdır etmək, əslində aqressiv siyasətini arxa plana keçirmək, diqqətdən yayındırmaq siyasətini həyata keçirmək istəyir. Ona görə də təcili şəkildə Azərbaycan-Türkiyə hökumətləri birgə fəaliyyətə başlamalıdırlar. Əgər Azərbaycan tərəfindən Strateji Əməkdaşlıq Şurasının toplanmasına təşəbbüs edilmirsə, bu, mane olmur ki, Türkiyə tərəfindən belə bir təşəbbüs edilsin. Mən Türkiyəni yönətənlərə müraciət edirəm ki, qoy onlar təşəbbüs eləsinlər, bu günlərdə Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası toplansın. Azərbaycan tərəfi nə deyəcək, imtina edəcək? Təbii ki, imtina edə bilməz. O zaman Şura toplanmalı və birlikdə müzakirə aparılmalı, qərarlar qəbul edilməlidir ki, həm Fransadakı bu absurd qanunun ləğvi istiqamətində hansı səylər görülə bilər, həm bu neqativ tendensiyanın Avropaya və dünyaya yayılmasının qarşısı necə alına bilər, həm də ümumiyyətlə, Azərbaycan-Türkiyə ittifaqını necə möhkəmləndirib belə çağırışlara birlikdə müqavimət göstərmənin mexanizmləri necə təkmilləşə bilər, bunları konkretləşdirmək olar".

Yeni Müsavat