Hollivudda Azərbaycan filmi göstərildi

hollivudda-azerbaycan-filmi-gosterildi
Oxunma sayı: 685

Milli.Az xəbər portalının məlumatına görə, tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Azərbaycan-Amerika İttifaqının yaranmasının 5 illiyinə həsr olunub. Elə həmin gün Los-Ancelesin Baş teatr-kino məktəbində Azərbaycan kino gecəsi çərçivəsində ölkəmiz haqda sənədli film və rejissor Samir Kərimoğlunun dram janrında çəkdiyi "Niyyət" filmi nümayiş olunub.

Film bitdikdən sonra Baş teatr-kino məktəbinin tələbələri və qonaqlar filmlə bağlı fikirlərini bölüşüblər.

"Doğrusu, Azərbaycan haqda indiyədək o qədər də çox şey bilmirdik. Amma filmi izlədik və heyrət içindəyik. Gözəl paytaxtınız, tikililəriniz var. Film və aktyorlar haqda isə yalnız müsbət fikirlər söyləmək olar. Hər biri öz xarakterini mükəmməl şəkildə canlandıra bilib", - deyə tələbələr qeyd ediblər.

Rejissor Samir Kərimoğlu isə tədbirə gedə bilməsə də, filminin Hollivudda nümayiş etdirilməsinin ona əvəzolunmaz müsbət hiss yaşatdığını bildirdi. Rejissorun sözlərinə görə, sözügedən film 32 günə çəkilib və müəyyən hissələri Məkkədə lentə alınıb. Baş rolları isə Fuad Axundov, Rövşən Məmmədli, Münəvvər Əliyeva və Leyla Əliyeva oynayıblar. Film Azərbaycanın ən ali film mükafatı olan “Zirvə”yə layiq görülüb.

Məlumat üçün bildirək ki, kino gecəsi Azərbaycan-Amerika İttifaqı və Los-Ancelesdəki Azərbaycanın baş konsulluğu tərəfindən həyata keçirilib.

Milli.Az xəbər portalı sizə Los-Ancelesdə baş tutan kino gecəsindən görüntüləri təqdim edir.