Hövsan sakinləri etiraza qalxdı

hovsan-sakinleri-etiraza-qalxdi
Oxunma sayı: 666

Mindən artıq Hövsan sakini dünən aksiya keçirib. Bu barədə redaksiyamıza məlumatı Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli verib. R.Dəmirlinin sözlərinə görə 2 gündür qəsəbəyə elektrik enerjisi verilmir: “Binaların istilik sistemlər işləmir, qaz zəifdir. Əhali əsasən elektrik enerjisindən istifadə edir. İki gün ardıcıl elektrik enerjisinin verilməməyi əhalinin səbrini daşırıb”.

R.Dəmirlinin sözlərinə görə, yüzlərlə qəsəbə sakini saat 5 radələrində qəsəbənin mərkəzində yolu bağlayıb. Bir saatdan sonra əraziyə 30-cu polis bölməsinin əməkdaşları və rəisi gəlib. Polis əhalinin inadından döndərə bilməyib. Saat 20 :00 radələrində yüzlərlə aksiya iştirakçısı qəsəbənin girişinə doğru yürüşə başlayıb. Saat 21:00 radələrində mindən artıq sakin Hövsan qəsəbəsinin girişində yolu bağlayıb.

Bir saatdan sonra əraziyə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib. Onlar elektrik enerjisinin veriləcəyini bildiriblər. Lakin əhali məmurların sözünə inanmayıb. Axşam saat 21:30 radələrində qəsəbəyə elektrik enerjisinin verilməsi bərpa edildikdən sonra aksiya başa çatıb. Polis aksiyaya müdaxilə etməyib.

musavat.com