Hovuzda “üzən” mikroblar- Araşdırma

hovuzda-uzen-mikroblar-arasdirma
Oxunma sayı: 6652

Günlərdir, camaat sərinləməyə yer axtarır. Çoxu dənizə üz tutur. Bəziləri də üzgüçülük hovuzlarına. Dənizə girmək üçün yayı gözləyirik. Üzgüçülük üçün qapalı hovuzlar isə bütün ilboyu istifadəyə verilir. Bu gün çox sayda üzğüçülük hovuzu xidmət göstərir. Amma vacib bir məsələ var. Hovuzun təmizliyi ora girəni düşündürməyə bilməz. Axı bu hovuzlar müştərəkdir. Orada gün ərzində sağlamlığı qaranlıq qalan onlarla insan çimir. İnanıram ki, çox adam hovuzun təmizliyindən çox, xidmətin pulu ilə maraqlanırlar.

Hovuz mütləq dərmanlanmalıdır


Standartlara görə, hər bir üzgüçülük hovuzunun günaşırı suyu təzələnməli, hovuzun içi təmizlənməlidir. Suyla doldurulan hovuz mütləq müxtəlif dərman vasitələri ilə dizinfeksiya edilməli, hovuz suyunun sirkulyasiyası təmin edilməlidir. Suyun dizinfeksiya olunması üçün ən əvvəl xlordan istifadə olunur. Tablet və ya su halında istifadə olunan xlorun səviyyəsi mütləq ölçülməlidir. Bundan başqa diğər dezinfektanlar da var ki, onlar da müxtəlif vəzifələri yerinə yetirirlər. Hovuz suyunda əmələ gələcək yosun əleyhinə istifadə olunan , suyun çodluğunu azaldan, suyun çöküntüsünü təmin edən, bulanıqlığı aradan qaldıran, suyun şəffaflığını təmin edən kimyəvi maddələr. Açıq havada olan hovuzlar qapalı hovuzlardan daha çox baxım istəyir. Açıq havada olan hovuz suyunda günəş istiliyinin təsiriylə yosun daha tez meydana gəlir, özüylə bakteriyalar, göbələklər yaymağa başlayır ki, bu da insan sağlamlığı üçün daha çox təhlükəlidir. Əslində yosuna yol açan səbəb hovuz suyuna əlavə olunan xlorun açıq havada buxarlanmasıdır. Xlorun səviyyəsi, təsiri azaldıqca bakteriya, mikrobların meydana gəlmısi tezləşir. Bu məqsədlə hovuza məsul olan şəxslər yosun əleyhinə xüsusi stabilizator maddələrdən istifadə edirlər. Bu maddə hovuz suyunda xlorun uçmasına mane olur. Yenidən suyun xlorlanmasına ehtiyac qalmır. Bu arada onu qeyd edim ki, inkişaf etmiş dünya ölkələrində hovuz suyunun dizinfeksiyasında xlordan daha az istifadə olunur. Xlor əvəzinə xüsusi, tərkibində gümüş olan təbii minerallardan istifadə olunur. Elə bir vaxtlar(indi bu “möcüzə” olardı, əlbəttə ki varlıların vəziyyəti istisna olunur. Gümüş hovuzda çimən bəxtəvərlər də var), sovet vaxtında da kütləvi üzgüçülük hovuzlarının dibində 10 santimetrlik xüsusi gümüş lövhə olardı. Axı gümüşün çokdürmək, mikrob öldürmək qabiliyyəti var. Mütəxəsislər xlorun kimyəvi maddə olmasıyla yanaşı, konserogen olduğunu da bildirirlər. Xlor təəssüf ki, fərdi orqanizmin müvaqimətindən asılı olaraq xərçəng, astma xəstəliklərinə yol aça bilər.

Qapalı üzgüçülük hovuzunda suyun hərarəti 26-28 dərəcə arasında olmalıdır. Bu standartdan kənara çıxdıqda insanların səhhətində ciddi dəyişikliklər ola bilər. Bundan başqa hovuzun kalsiyum sərtliyi də yoxlanılmalıdır. Bunun üçün xüsusi testlər aparılmalıdır.

Bakı üzgüçülük hovuzlarının hamısında yuxarıda sadalanan işlərin görülməsinə inanmıram. Çünki bu proseslər uzun zaman aparır və daha baha qiymətə başa gəlir. Misal üçün, Əhmədlidə, şəhərin mərkəzindəki hovuz xidməti göstərən yerlərdən soruşanda “suya hansı dərmanlar qatırsız?”sualına tutarlı cavab tapmaq olmadı. Səhhəti ilə əlaqədar hovuz xidmətindən istifadə edən insanların şikayəti ilə tanış olanda, onlar ən çox xlordan narazılıq edirlər. “Hovuz əvəzinə özümü xlor vedrəsində hiss etdim. Kəskin xlor həm nəfəsimi kəsdi, həm də dərimdə qızartılar meydana gəldi. İki gündür, ağzımda xlor dadı qalıb.” Müasir üzgüçülük hovuzlarındakı vəziyyətlə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə elə bu sualla müraciət etdim. Mərkəzdən bildirdilər ki, şəhər hovuzları qeydiyyatdadır və mütamadi olaraq orada monitorinqlər aparılır. Hovuzun dərmanlanması və təmiz saxlanması barədə sahibkarlara tapşırıqlar verilir. Hovuzdan istifadə edəcək şəxs gigiyenik sertifikat tələb etməlidir. Xlordan lazımı dozada istifadə olunmaması məsələsi isə dəqiqləşdirilməlidir. Mərkəz hovuz xidmətindən istifadə edənləri şəxsi gigiyenaya əməl etməyə və şikayyətçiləri isə ora müraciət etməyə çağırır.

Bu arada qeyd edim ki, Bakıda hovuz sistemlərini quran şirkətlər də az deyil. Həmin şirkətlərdən birinin təmsilçisinin məlumatına görə, hazırda ölkəyə 400 adda hovuz dərmanları gətirilr. Müxtəlif ölkə və firmalara məxsus dərmanların qiymətində də fərq var. Adını vermək istəməyən şəxsin sözlərinə görə, üzgüçülük hovuzu xidməti göstərən alıcıların çoxu ucuz məhsullara üstünlük verir. Qoxusu az və ya olmayan bahalı xlor və diğər məhsullar da var. Amma bunu yalnız fərdi hovuzları olanlar alırlar. Deyilənlərdən sonra artıq bir nəticəyə gəlmək olar. Ucuz məhsul çox zaman keyfiyyətsiz mal deməkdir. Axı daha çox pul barədə fikirləşən bəzi işbazların insanların sağlamlığı nəyinə gərəkdir?

Mikroblarla “üz-üzə”


Ekoloq Emil müəllimə görə, üzgüçülük hovuzları qapalı hövzə olduğundan orada xüsusi qurğuların quraşdırılması vacibdir. Çünki hovuz suyunun dövriyyəsi mikrobların yığılmasının qarşısını alır. Həm də suda qoxunun əmələ gəlməsini ənğəlləyir. Müqayisə üçün dəniz suyunu deyək. Dəniz suyunda da mikroblar olur, amma təbii sirkulyasiya yolu ilə dalğalar suyu “dəyişir.”

2 saylı Şəhər Dəri-zöhrəvi xəstəlikləri Dispanserinin həkimi Nəzakət xanımın sözlərinə görə, üzgüçülük hovuzundakı vəziyyəti oradan istifadə edənlər də müşahidə edə bilərlər. Suyun rənginin bulanıqlığı, hər hansı qoxu, yaxud dibində çoküntünün olması hovuzun təmizlənməsi vaxtının gəldiyindən xəbər verir. Ən əvvəl həmin hovuzdan istifadə edən hər kəsin sağlamlığı haqqında arayışı olmalıdır. Bu gün Bakıda fəaliyyət göstərən yalnız bir neçə üzgüçülük hovusunda bu qayda tətbiq olunur. Sağlamlığı barədə sənədi olmayan hovuza buraxılmır. Sağlamlıq kağızında əsasən, göbələk xəstəlikləri və bağırsaq qurdlarının olmaması göstərilməlidir. Nəzakət həkim dəri və diğər xəstəliklərin yoluxmasına gəlincə, dərisində kiçik də olsa yarası, kəsiyi olanın hovuza girməsini məsləhət görmür. Çünki mikroblar açıq yaralara daha çox təmas edir. Bundan başqa hovuza xüsusi üzgüçülük papaqları ilə daxil olunması baş dərisini də qoruyur. Suyun tərkibində olan kimyəvi dərmanlar saçın tökülməsinə də yol aça bilər.“Bu gün qadın və kişilər ayrı-ayrı saatlarda da olsa, eyni hovuzu paylaşırlar. Bu gigiyenik cəhətdən doğru deyil. Hələ uşaqların eyni hovuza girməsi isə onların müxtəlif xəstəliklərə yoluxmasına imkan verər. Buna görə də valideynlər uşaqlarını yalnız onlar üçün nəzərdə tutulmuş idman komplekslərinə aparmalıdırlar.”

Başqa bir həkim, oftolmoloq Günül xanım isə hovuza qoruyucu eynəklərsiz girməyin təhlükəli olduğunu deyir. Ən əvvəl xlorlu su gözə zərərlidir, bundan başqa gözlər mikroblara qarşı həssasdır.

Üzgüçülüklə müalicə olunun!


Əslində, üzgüçülük hovuzlarındakı vəziyyətdən danışandan sonra bu məsləhəti vermək qəribə səslənir. Amma su ilə mülicəni, vaxtaşırı üzgüçülüklə məşğul olmanı, mütəxəsislər məsləhət görürlər. Üzgüçülük ən təhlükəsiz və heç bir zərərli tərəfi olmayan idman növüdür. Suda hərəkət etmək belə insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Suya girilən andan etibarən insanın bütün bədənin əzələləri hərəkətə gəlir. Üzgüçülük ürəyin fəaliyyətinə yaxşı təsir göstərir, qan-dövranını aktivləşdirir, orqanizmdəki durğunluğu aradan qaldırır. Bədənin müqavimətini artırır, qamətin doğru saxlanmasına kömək edir. Müasir dövrün stress deyilən bəlasından qurtarır. Sinir sistemi xəstəliklərində gərginliyin götürülməsinə yol açır. Neyrocərrah Ömər həkimin sözlərinə görə, xüsusən qadınlar hamiləlik dövründə onurğa sütünundakı ağrılardan şikayətlənirlər. Həmin xanımlar ana olduqdan bir müddət sonra üzgüçülüklə məşgul olaraq onurğa sütünundakı vəziyyəti düzəldə bilərlər. Bəzən bir qisim həkimlər bel ağrılarından şikayətlənən pasiyentlərinə dərhal müalicə yazır. Amma bir çox sinir xəstəliyində həkimin məsləhəti ilə hovuzdan istifadə etmək olar. Bel yırtığı xətəliyinin ilkin mərhələsində hövuz idmanı ilə müalicə mümkündür. Ömər həkim xüsusiylə qurbaga formasında üzmənin daha faydalı olduğunu tövsiyyə edir.

Fizioterapevtlər də, bir çox insana əməliyyatdan, qəzalardan sonra üzgüçülüklə məşğul olmağı məsləhət görürlər. Üzgüçülüklə məşğul olan şəxslər ən az 1saat əvvəl yüngül qidalana bilərlər. Üzmədən qabaq çox yemək qadağandır. Ac qarnına hovuza girmək isə qanda qəflətən şəkərin düşməsinə səbəb ola bilər. Ümumiyyətlə, hovuzda çox qalmaq olmaz. Ən çox 45 dəqiqədən bir saata qədər qalmaq məsləhətlidir. Çünki su insanı yorur. Müasir dietisyenlər də xüsusən, xanımların artıq kilodan azad olması üçün fiziki hərəkətləri, idmanı suda etməyə çağırırlar. Suyun ağırlığı səbəbindən fiziki hərəkət, hovuzda idman zamanı yüksək enerji, kalori xərclənir. Onu da qeyd edim ki, hazırda üzgüçülük hovuzlarından aylıq (həftədə 2-3dəfə olmaqla)istifadə əsasən, 50 manatdan başlayır. Əgər sərbəst üzə bilmirsinizsə, bu məbləğə əlavə olaraq 20-30 manat əlavə etməlisiz. Hər halda üzməyi öyrənmək və bilmək ekstrimal vəziyyətlərdə həyatınızı və ya başqa həyatı qurtarmaq deməkdir.

Deyirlər, hələ bizi qarşıda daha qızmar istilər, quraqlıq gözləyir.....

Raminə Eyvazqızı