Hüquq müdafiəçiləri hakimiyyətə xəbərdarlıq etdi

huquq-mudafiecileri-hakimiyyete-xeberdarliq-etdi
Oxunma sayı: 645

Qrupun üzvü Səidə Qocamanlı ölkədə insan hüquqlarının durumunu ciddi şəkildə narahat edəcək qədər ağır olması kimi dəyərləndirib. Daha sonra təfərrüatlar barədə açıqlama verilib. Belə ki, qrupun siyasi məhbus siyahısında 27 şəxsin adı keçir və onların əksəriyyəti bu il aprelin 2-də Ictimai Palatanın 2 aprel aksiyasında iştirak edənlərdir.

Bu mənada hüquq müdafiəçisi Azərbaycanın da qoşulduğu insan haqlarına dair Avropa Konvensiyasının müddəalarının ölkədə mütəmadi pozulduğunu xatırladıblar. Aprelin 2-də aksiyada iştiraka görə həbs edilənləri “Amnesty International” təşkilatının vicdan məhbusu adlandırmasına baxmayaraq, hələ də həbsdən azad edilməmələri təqdir olunmaz sayılıb. Amma bununla belə, bu ilin sonuna gözlənilən əfv fərmanında bu məhbusların azadlığa buraxılmalarına ümid bəslənilib.

Hüquq müdafiəçiləri dövlət başçısına ünvanladıqları müraciətdə siyasi məhbusların adlarını qeyd etdiklərini də söyləyiblər. Eyni zamanda siyasi dustaqların çoxunun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində durumun ağır olması nəzərə çatdırılıb. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, qardaşı Rafiq Əliyevin, keçmiş səhiyyə naziri Əli Insanovun, gənc siyasi fəallardan olmuş Ruslan Bəşirlinin adlarının da əfv siyahısına düşəcəyi xatırladılıb. “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsi, yazar Rafiq Tağının ölümü, Naxçıvan sakini Turac Zeynallının Naxçıvan MTN-də işgəncələrlə qətlə yetirilmələri ilin ağır hadisələri sırasında çəkilib.

Ə.Zeynallı barəsində azadlıq qərarı çıxmadığı halda siyasi məhbus sayının daha da artacağı qeyd edilib. Eyni zamanda jurnalist Elmar Hüseynovun qətlindən 6 il keçməsinə baxmayaraq, bu
cinayətin qatili tapılmadığı üçün yazar Rafiq Tağının da qatilinin tapıla biləcəyinə nikbin baxmayıblar.

Şərti “Səid Dadaşbəyli və dəstəsi” adı ilə tutulanların məhkəmələrinin açıq keçmədiyini deyən hüquq müdafiəçisi yeni məhkəmə baxışı olmasını təklif edib. Əgər belə məhkəmə baxışı olmasa, bu şəxslərin adlarının da siyasi məhbus siyahısına düşə biləcəyi xəbərdarlığı ediblər.

Bu il ölkədə vətəndaşların hüquqları ən çox mülkiyyət hüququ sahəsində pozulub. Bununla bağlı qrupa 2 mindən çox şikayət daxil olub və bu şikayətlər təkcə Bakını yox, ölkənin regionlarını da əhatə edir. Evləri sökülənlərlə yanaşı yeni binalarda ev almaq istəyən vətəndaşların kütləvi şəkildə aldadılmaları faktları üzə çıxdığı nəzərə çatdırılıb. Zülfüqarlı qardaşlarının hakimiyyət təmsilçilərinin əli ilə mülkiyyətlərinin əllərindən alınması kimi məsələnin Avropa məhkəməsinə çıxacağı halda, Azərbaycanda hansı biabırçılıqların baş verməsinin bütün dünyaya məlum olacağı xəbərdarlığı edilib.
Hüquq müdafiəçiləri hakimiyyəti insan haqlarına riayət edəcəyilə bağlı beynəlxalq qurumlar qarşısında götürdükləri öhdəliklərə sayğı ilə yanaşmağa çağırıblar.

azadliq.info