Hüquq müdafiəçilərindən Ştrassfer açıqlamaları

huquq-mudafiecilerinden-strassfer-aciqlamalari-
Oxunma sayı: 637

Avropalı həmməruzəçi Azərbaycana gəlişini reallaşdırmaq məqsədilə yenidən viza almağa çəhd edir.

Məsələ ilə bağlı Teleqraf.az –a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, artıq Avropa Şurası Kristofer Ştrasserə təkcə Cənubi Qafqaz deyil, bütövlükdə postsovet məkanı üzrə məruzəçi statusunun verilməsi qərarına gəlib: “Onun indiyə kimi Azərbaycana gəlişinin mümkün olmamasının səbəblərini bilirsiniz. Azərbaycan tərəfi deyirdi ki, Ştrasser öz planlarını göstərsin, nə iş görəcəyi bilinsin. Hakimiyyət həmin planı gözləyir və o planlarla tanış olduqdan sonra Ştrasserin Azərbaycana gəlməsi də, öz işini görməsi də mümkün olacaq. Burada məhdudiyyət də yoxdur. Sadəcə olaraq Avropa Şurası razılığa gəlib ki, Ştrasser yalnız Azərbaycan üzrə deyil, bütövlükdə Cənubi Qafqaz, və postsovet məkanı üzrə həmməruzəçi statusu daşısın”.

“AŞ PA məsələnin gərginliyini nəzərə alaraqmı bu qərara gəlib” sualını cavablandıran N.Cəfəroğlu deyib ki, bu yeni verilmiş qərardır: “Azərbaycan onun gəlişinə niyə icazə vermirdi? Azərbaycan deyirdi ki, siyasi məhbus Gürcüstanda da, Ermənistanda da var. Eyni zamanda, Rusiya, Ukrayna və digər postsovet ölkələrində siyasi məhbus məsələsi olduğu halda niyə onlara da deyil, yalnız Azərbaycana siyasi məhbuslar üzrə həmməruzəçi təyin olunur? Ona görə də komitənin bu dəfəki iclasında onun təyinatı təkcə Azərbaycan deyil, digər dövlətləri də əhatə etdi. Bu mənada onun gəlişində problem olmayacaq, sadəcə olaraq o, öz işi üzrə Azərbaycan tərəfinə planlarını təqdim etməlidir”.

Digər hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə isə Teleqraf.az-a açıqlamasında K. Ştrasserin Azərbaycana gəlmək istəmədiyini, onun tənbəl avropalı deputatlardan biri olduğunu deyib: “Bu adam təyin olunanda biz ona etiraz etmişdik və bildirmişdik ki, Ermənistanda prezident seçkiləri zamanı qanlı hadisələr törədildiyi, yüzlərlə insanın həbs olunduğu halda bu ölkəyə məruzəçi təyin olunmur. Eyni zamanda da Rusiyanın Gürcüstanın ərazisini işğal etməsinə baxmayaraq ona qarşı belə bir mövqe tutmadıqlarına hələ o vaxt etiraz etmişdik. O vaxt mənim qənaətim belə idi ki, siyasi məhbus məsələsi ilə bağlı yaranmış işçi orqanın fəaliyyətinə xitam veriləcək. Dediklərim özünü doğrultdu və onun fəaliyyəti dayandırıldı”.

Ç.Qənizadə onu da qeyd edib ki, siyasi məhbuslar üzrə həmməruzəçi kimi Ştrasserin Azərbaycana gəlməsinə çalışan bəzi müxalifət partiyaları onun gəlişi ilə hər şeyin yaxşı olacağını düşünürlər: “Ancaq bizim dediyimiz oldu. O, iki ildən artıqdır məruzəçi təyin olunub, amma bir dəfə də olsun Azərbaycana gəlməyib. O, hər dəfə bizə deyirdi ki, 4 aya, nə bilim neçə aya Azərbaycana gələcək. Hesab edirəm ki, Azərbaycan tərəfi onun gəlişinə heç bir problem yaratmayacaq və yaratmamalıdır da. Ştrasser Avropa Şürası komissiyasının qərarı ilə təyin olunmuş bir şəxsdir. Hesab edirəm ki, onun gəlişi heç nəyi dəyişə bilməyəcək. Əgər söhbət beş-on nəfərin azadlığa buraxılmasından gedirsə, onun həlli yollarını rəsmi dövlət nümayəndələri ilə hüquq müdafiəçilərinin bir massa arxasında dialoqunda və dövlət başçısına müraciət ünvanlanmasında görürəm”.

Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan hansısa beynəlxalq təşkilatın, hansısa qurumların təpkisi, təzyiqi ilə nəyisə həll etmək məcburiyyətində deyil. Hüquq müdafiəçisi hesab edir ki, Ştrasseron məruzəçi kimi tanınması ümumi işi ləngidib: “Hesab edirəm ki, onun gəlib-gəlməməsi də heç nəyə təsir etməyəcək”.