Hüquq müdafiəçisinin mənzili dinlənilir

huquq-mudafiecisinin-menzili-dinlenilir-
Oxunma sayı: 657

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun “Avroviziya” yarışması öncəsi ölkədə baş verən qanunsuzluqlar, xüsusilə mülkiyyət hüquqlarının pozulmasına qarşı fəaliyyəti hakimiyyətin hiddətinə səbəb olub. Dünən hakim partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti hüquq müdafiəçisini qaralamağa cəhd göstərib. Belə ki, qəzet Leyla Yunus və Arif Yunusun ölkəmizin imicinə zərbə vurmaq üçün hərəkətə keçdiklərini və onların fəaliyyətini ermənipərəst dairələrin idarə etdiyini yazıb.
“Yeni Azərbaycan” qəzetində yazılanlara münasibət bildirən hüquq müdafiəçisi özünə qarşı belə bir kampaniyanın başlanılacağının gözlənilən olduğunu bildirdi. Sadəcə olaraq, bu fakt onun danışıqlarının dinlənildiyini bir daha sübut edir: “Bu yazı əminliyimi təsdiqləyir ki, ofisim dinlənilir. Avqustun 11-də qanunsuz olaraq bütün əşyaları ilə birlikdə dağıdılan Şəmsi Bədəlbəyli küçəsində olan ofisim də dinlənilirdi. Yeni ofis babamın evidi. Orda mən yaşayanda da dinlənilirdi. Indi dinləməni yenə bərpa ediblər”.
L.Yunus avropalı jurnalistlərə də bu barədə məlumat verdiyini bildirdi: “Iki gün əvvəl bu mənzildən beş müxtəlif nəşr üçün avropalı jurnalistlərə müsahibə verirdim. Həm ofisə gəlmişdilər, həm telefonla müsahibə verirdim. Onlar bu gün (dünən) Hacıbala Abutalıbova Düsseldorf merinin ”Avroviziya" açarını verməsi mərasimi barədə soruşurdular. Əlbəttə, “Yeni Azərbaycan” qəzetindəki bu sürətli reaksiyadan başa düşdüm ki, hər şeyi diqqətlə dinləyiblər. Müsahibənin səhəri günü belə məqalənin yazılması operativlikdən xəbər verir. Mənim mənzilimdəki danışıqları dinləyənlər dərhal məlumatı ötürüblər”.
L.Yunus uşaq yaşlarından dinləmələrə öyrəşdiyini və yaşadığı mənzilin hələ sovet vaxtlarından hədəfə çevrildiyini qeyd etdi: “Jurnalistlərlə danışanda onlar məndən soruşdu ki, kabinetiniz dinlənilir? Dedim mütləq. Onlar buna münasibətimi soruşdular. Dedim bilirsiniz, mən hələ uşaq olanda, valideynlərimdən nəsə soruşmaq istəyəndə, nənəm həmişə deyirdi, sakit Leyla, qulaq asırlar. Mənim evimin divarlarında nənəmin, babamın şəkilləri var. Babamın iki qardaşı 20-ci illərdə güllələnib, biri 1937-də həbs olunub, Sibirdə vəfat edib. Dedim ki, mən ”qulaq asırlar”la böyümüşəm. Yəni başa düşmək lazımdır ki, bizi dinləyirlər. Ona görə qulaq asmaqlarına öyrəşmişəm. Bu mənzil sovet hökuməti qurulandan dinlənilir. Onda həbs edirdilər. Indi hələlik məqalə dərc ediblər. Avropalı jurnalistlər deyir ki, sizi həbs edə bilərlər, bəlkə burda yaşamayasınız. Dedim yox, burda yaşasam yaxşıdı. Çünki bura vətəndir və onun azadlığı uğrunda mübarizə aparmaq lazımdır”.
Hüquq müdafiəçisi “Yeni Azərbaycan” qəzetindəki məqalədən istifadə edərək mənzilinin dinlənildiyi barədə avropalı jurnalistlərə məlumat verəcəyini bildirdi. Çünki məqalə bir daha təsdiqləyir ki, mənzil dinlənilir və buna operativ reaksiya verilir.
L.Yunus avropalı jurnalistlərin “Avroviziya”nın rəmzi açarının təqdimatı mərasimi zamanı Abutalıbova veriləcək suallarının olduğunu da bildirdi: “Jurnalistlərə dedim Abutalıbovdan soruşun, o bu açarı götürəndə utanmayacaq? O, korrupsiya piramidasının başında dayananlardan biridir. Abutalıbov iqtisadi cinayətlər törədir və buna görə həbs edilməlidir, daha ”Avroviziya” açarını götürməməlidir. Məncə, bu suallar Abutalıbova veriləcək”.

azadliq.info