I Love You

i-love-you
Oxunma sayı: 682

Film İstanbulda təhsil alıb ucqar kəndlərinə qayıdan İbrahim adlı gənc bir oğlandan, onun sevgisindən və elə həmin kənddəki çoxsaylı qohum-əqrəbasından bəhs edir. İbrahimin köyə dönüb anası, atası və qardaş-bacıları ilə görüşmə səhnəsini izləyən tamaşaçı ilk baxışdan ənənəvi bir Anadolu filminə baxacağını təxmin edir. Yəqin onun kənddə sevgilisi var, ola bilsin başqasına veriblər, ya da oxumuş oğlanı bəyənməyəcəklər. Və ya oğlan özü şəhərdən gəldiyi üçün kənddəki nişanlısını qəbul edə bilməyəcək. Xülasə, ənənəvi dramatizm başlamaq üzrə... Amma tələsməyin. Burda vəziyyət tamamilə başqadır. Oğlan İstanbul vağzallarından birində gözlənilmədən bir amerikalı qıza vurulub və elə gözlənilmədən qız da ona aşiq olub. Əcəba, belə də iş olarmı? Film sübut edir ki, olar!

Amerikalı həmin gözəl xanım (Cesika) vağzal alverçisindən kukla ayı almaq istəyir. Vağzal alverçisi başqalarına 10 lirəyə satdığı ayını dilini bilmədiyi əcnəbi xanıma 50 lirəyə sırımaq istəyir. İbrahim bu qəribə sövdələşməyə qulaq müsafiri olur və dəhşətə gəlir. Özünü saxlaya bilməyib alverçinin üstünə cumur, onu bu axmaq hərəkətinə görə tənbeh etmək istəyir. Alverçi anlaya bilmir İbrahimi: yahu sənin nə işinə qalıb, tanımadığın, həm də Türkiyə vətəndaşı olmayan birindən ötrü ortaya atılırsan?! İbrahim onu asanlıqla başa salır. Amma Cesika bu vəziyyəti bir türlü anlaya bilmir. Sən mənim üçün dava-dalaş saldın, mənim aldanmağımı qəbul edə bilmədin?! Axı məni tanımırsan, ilk dəfədir görürsən? Yaşıl gözləri hədəqəsindən çıxır bu qərb gözəlinin. Və qəribəsi budur ki, İbrahim də Cesikanı başa düşmür. Necə yəni, insan dediyin kimisə beş-on lirədən ötrü aldadarmı? Mən buna necə etiraz etməyə bilərdim? Necə saymazyana keçərdim yanınızdan?

Bu dəfə Cesika İbrahimin sadəcə yapısının bu cür olduğunu dərk edir və daha da heyrətlənir. Sonra onu bağrına basır, həyatım boyu mənim üçün qovğa edən erkəyə rast gəlmədim deyir.

İbrahimin yekə ağzı daha da enlənir, o sevinclə gülümsəyir.

Az keçməmiş məlum olur ki, Cesika valideynlərini və qardaşını da götürərək Anadolunun bu ucqar kəndinə, dövlət qeydiyyatına alınmadığı üçün rəsmi şəkildə mövcud olmayan bu kəndə qonaq gəlir. Əsas hadisələr də bundan sonra başlayır...

Ətrafdakı hadisələrə laqeydlik, insanların faciəsinə, düşdüyü çətinliklərə asanlıqla göz yummaq bəşəriyyətin ən böyük problemlərindən sayılır. Bu haqda çoxlu bədii əsərlər, məqalələr, esselər və köşələr yazılıb. Hətta bu konu karikaturaçıların da diqqətini çəkib. Suda batan bir kişi haray istəyir, adamlar isə “Dublbom”a göndərmək üçün onu mobil telefonla çəkirlər. Yaxud can verməkdə olan bir adama kömək əvəzinə hansısa televiziya onu kameraya alır. Deməli kapitalist dünyasında insana laqeydlik bir az da irəli gedərək onun faciəsindən yararlanmaq həddinə gəlib çatır. Bu isə, sözün həqiqi mənasında fəlakətdir.

Mən Azərbaycanda İbrahim kimi çoxlu adamlar tanımışam.

Kiminsə haqından ötrü ölümə gedən, son damla qanınacan vuruşan çoxlu insanlar görmüşəm.

Hətta belə adamların təsirindən bir dəfə mən özüm də “kişilənmişəm”.
Dostum Mövlud Mövludla Bakı Dövlət Universitetinin qarşısından metroya tərəf gəlirdik. Onda Mövlud çox balaca idi. Birdən səkinin kənarındakı ağacın altında yekəpər bir oğlanın Cesikaya bənzəyən incə-mincə bir xanımı şillələdiyinin şahidi oldum. Xanım əlacsızcasına ağlayırdı. Mövludun israrlı etirazına baxmayaraq özümü saxlaya bilmədim, onlara tərəf getdim və oğlanın üstünə qışqırdım: “Özünü yığışdır, cavan oğlan! Bu nə heyvərəlikdir küçənin ortasında?!”

Yekəpər mənimlə mübahisə etdi, qız yaxalaşacağımızı görüb üzünü mənə tutdu: “Özümüz bilərik, sən kimsən, yolunnan çıx get!”

Pərt oldum. Amma özümü o yerə qoymadım, dedim, o zaman gedin elə bir yerdə tutaşın ki, gəlib gedənlərə mane olmayasınız.

Mövludun yanına qayıdanda o ağıllı görkəm alıb söylədi: “Sənə haqq oldu!”
Doğrudur, hərdən belə də olur, amma mən elədiyim hərəkətə peşman deyildim.