İblisin şagirdləri - Diktatorlar

iblisin-sagirdleri-diktatorlar
Oxunma sayı: 660

Bütün diktatorlar fərqli insanlar olduğu qədər də oxşar xüsusiyyətlərə malikdir. Bütün diktatorlar, avtoritarlar, totalitar cəmiyyətin başında duranlar siyasi pozğunlardır və bu cəmiyyətlərdə baş verən pozğunluqlar həmin mənbədən qaynaqlanır. Demokratik düşüncə öz qidasını ilahi aləmdən alır və bu düşüncənin hakim kəsildiyi cəmiyyət ilahi nizama malik olur. Avtoritar düşüncə şeytani mənbədən qidalandığına görə bu tip cəmiyyətlərdə fəsad, pozğunluq və xaos hökm sürür. İblis dağıtmaqdan, viranə qoymaqdan, fəsad törətməkdən ləzzət aldığı kimi, onun yetirməsi olan tiranlar da zülm və fəsad törətməkdən məmnun qalırlar. Qərbdə, Şərqdə, Amerikada, Afrikada olmasından asılı olmayaraq onların bir adı var, zülmkar. Hər biri ədalətsizlik simvoludur. Acgöz və yaramazdırlar. Şər daşıyıcıları, xeyirxahlığın qəddar düşmənləridir. Zəka qatilləridir, rejimləri özgür düşüncəyə zindandır. Hər birinin gəlişi cəmiyyət üçün fəlakət, gedişləri xaos yaradar. Qurucu deyil, dağıdıcıdırlar. Keçmişin inkarçıları, gələcəyin qəbir qazanlarıdır. Material dünyanın əsiri, mənəvi aləmin yoxsullarıdırlar. Kölə itaətkarlıqdan zövq alar, millətini uca görməkdən əndişə duyarlar. Öz qövmünü hədəfə götürən manqurtlardır. Qırar, çatar və qırıb çatdırdıqları üzərində qələbənin bayramını yaşadar. Bu, yəqin ki, onların yaratdığı və başında durduğu siyasi rejimlərin mahiyyətindən irəli gələn məsələdir. Hüdudsuz hakimiyyət insanlıq üzərində onların heyvani ehtiraslarını təmin edən əsas şərtlərdən ən əsasıdır. O, hakimiyyətini heç kəslə bölüşmür və onun hər sözü qanun üstü qanundur. Onun ən çox zəhləsi gedən elə özünün diktəsi ilə hazırlanan qanunlar, ən çox sevdiyi isə qanunsuzluqdan yararlanıb əldə etdiyi para və sərvətdir. Onun hökmranlığı altında olan hər bir siyasi struktur formal xarakter daşıyır və o hakimiyyət piramidasının yuxarıdan aşağı bütün pillələrinə yaratdığı inzibati, cəza aparatı vasitəsi ilə ciddi nəzarət edir. Hərbi polis rejimi istənilən etiraz dalğasını yatırmaq üçün onların əllərində saxladığı başlıca silahdır. Onların hər biri heç də millətin və dövlətin deyil, öz hakimiyyətlərinin qoruyucusu rolunda çıxış edir. Hakimiyyətini qorumaq onun üçün o qədər önəm kəsb edir ki, itirməmək üçün Vətənin yarısını belə onu qarantiya altına almaq istəyən xarici qüvvələrə satmağa hazırdır. Onlar özündən güclü dövlətlərin köləsi, özündən zəif millətinin ağası rolunda çıxış edir. O zülmkar olduğunu bilir və bu zülmün sonda öz başında çatlayacağından hər gün vəsvəsə keçirir. Son aqibətləri əvvəldən özlərinə bəlli olduğuna görə hakimiyyətinin ilk günlərindən qaçmağın, aradan çıxmağın, başqa diktat bir ölkəyə pənah aparmağın planını hazırlayır və bunun üçün milyardlar xərcləməkdən çəkinmir. Həyatları qapalı olduğundan cəmiyyəti də qapalı saxlamaq istəyirlər. Hamısı yeniliyin, tərəqqinin düşmənidir. Milli dirçəliş, oyanış, sosial fəallıq onların qarşısına sədd çəkmək istədiyi qorxulu nəsnələrdir. Hərçənd müasir dünyada gedən qloballaşma onları öz məmləkətlərində kosmetik dəyişiklər etməyə məcbur edir, amma mahiyyətdə onlar yenə diktatordur və zülmün atası rolunda çıxış edirlər. Qrup şəklində məhv edə bilmədiklərini təkləyib sıradan çıxarırlar. Hakimiyyəti itirmək qorxusu onları daim xofda saxlayır və xoflandıqları hər bir kəsi amansız təqib edirlər. Onlar nəinki sadə vətəndaşlardan, hətta öz ətrafında yerləşdirdiyi və ona sadiqlik göstərən məmurlarından da arxayın deyil. Arxayın olmadığına görədir ki, məmurları bir-birinə saldırır, onlardan kompromat topladır və hər biri üzərində güdükçülük qoyur. O bütün dövlət atributlarından yüksəkdə məqam tutduğuna görə xalqı dövlət atributlarına deyil, özünə olan sevgiyə vərdiş etdirmək istəyir. Məktəblərdə yazılan inşalardan tutmuş böyük kürsülərdə səslənməsi nəzərdə tutulan məruzələrə qədər hər mətndə onun adı qırmızı xətlə keçməli və o, adının səsləndirilməsi zamanı ona heyranlıqla çəpik vuran kor təbəələri soyuqqanlı seyr etməlidir. Onların vərdişdən irəli gələn alovlu nitqləri salonu coşdura və yeri gəlsə ağlada bilər. O zülmkardır, amma başqa xalqlara edilən zülmdən danışanda timsahın göz yaşlarına bənzər yaş axıda bilər. Onlar üçün demokratik ölkələrin əməl etdiyi iş rejimi yoxdur və öz sarayından getməyənə qədər onun nazirləri ayaq üstə olmalıdır. Onlar hökmranlığının gücünü göstərmək üçün əzəmətli binalar, möhtəşəm saraylar, adları üzərində əksini tapan körpü və keçidlər tikdirir və bu işləri yadda qalsın deyə dayanmadan qəzet və televiziyalar vasitəsi ilə xalqın gözünə təpirlər. Korrupsiya və rüşvətxorluq onların idarə etmə sisteminin bel sütununu təşkil edir. Adi vəzifələrdən tutmuş nazir yerinə qədər hər bir təyinat onların müəyyənləşdirdiyi şkala üzrə alınıb satılır. Alıb, satanlar, rüşvətxorlar, monopolistlər, talançılar və oğrular dəstəsi cəmiyyətin digər təbəqələri üzərində iqtisadi, siyasi, mənəvi ağalıq edir və bu pozğun zümrələr ali dəyərlər sistemini dağıdırlar. Peşələr hörmətdən düşür, adət ənənələr əriyib gedir, milli şüur deqradasiyaya uğrayır, quduz maraqlar üzərində qurulan istismarçılıq insanlarda olan ədalət, vətənpərvərlik, xeyriyyəçilik, yardımlaşma kimi humanist məziyyətləri arxa plana keçirir. Oxşar diktatorlar oxşar cəmiyyət sakinləri arzulayırlar. Onların baş arzusu susqun cəmiyyətdir. Danışmasın, haqqını bilməsin və tələb etməsin, zülmə tabeçilik göstərsin, ata diktatorun üzünə ağ olmasın, onun zülmündən doğan rəzalətləri həyat norması kimi qəbul etsin. Sırası bilinməyən və tətbiqi vətəndaşı dizdən salan vergi növlərindən yayınmasın, onu zopalayan polisin üzünə gülsün, ədalətsiz hökmə tabe olsun, məmur özbaşınalığından şikayət verməsin. Bütün bu cahil istəklər içində onlar qorxaq və rəzildirlər. Hamısı eyni taleni yaşayır. Əvvəli cah-cəlal, eyş-işrət, xalqın qanı üzərində ucaldılan saraylarda heyvani ləzzətlər, sonu isə kütlə qəzəbindən yayınmaq və qaçmaq üçün qazdırdığı tunellərə girib tülkü həyatını yaşamaq.