“Bıçağın birini çıxarıb, birini soxmusan, insafın yoxdu?” - Mərhumun anası

bicagin-birini-cixarib-birini-soxmusan-insafin-yoxdu
Oxunma sayı: 641

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin xalası oğlunu öldürməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə İ.Sadıqov ifadə verərək İslam Hüseynovu söyüşə görə öldürdüyünü deyib: "Mən telefonla danışanda ona zarafatla dedim ki, xalan qızını anası ilə birlikdə qaçıracağam. Buna görə mübahisəmiz düşdü.  Telefonda danışanda dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Belə dediyi üçün özümlə bıçaq götürdüm. Mənə var-yox, namus və qeyrət söyüşləri söydü. Məni vurmaq istəyəndə onu vurdum".

İ.Sadıqov deyib ki, Maştağada dəlixanada yatdığı üçün əsgərliyə getməyib.

Mərhum İ.Hüseynovun arvadı Telli Hüseynova ifadə verərək qeyd edib ki, hadisədən sonra məlumat alıb: "İbrahimdən soruşmaq istətirəm ki, bir söyüşə görə balamı niyə yetim qoydu?".

Mərhum İ.Hüseynovun anası Kəmalə Hüseynova ifadə verərək deyib ki, təqsirləndirilən İ.Sadıqovun ailəsi onları təhdid edir: "Bir söyüşə görə adam öldürərlər? İndi İbrahimin anası, bacısı bizi hədələyir. Balamı alıbsınız, indi nə istəyirsiniz? İbrahim, bıçaqla vurdun əlindən qaçdı. Daha niyə arxasına düşüb sürüyürdün? Bıçağın birini çıxarıb, birini soxmusan. İnsafın yoxdu?"

İ.Sadıqov K.Hüseynova bir cümlə ilə cavab verib: "Sizin nəslinizdə hər kəsə cavab verə bilərəm, bir sizdən başqa".

İ.Hüseynov və İ.Sadıqov əminəvəsi olublar.

İ.Sadıqovun sevgilisi kimi təqdim olunan Günel istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Vəkili vəsatət verərək İ.Sadıqovun barəsində psixatirik ekspertiza keçirilməsini istəyib. Vəsatət təmin edilib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Murad Əhməd