“Bıçaq paslanmışdı, qayınatamın idi” - “Lotu Quli”nin qohumu

“Bıçaq paslanmışdı, qayınatamın idi”
Oxunma sayı: 1503

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahidlər ifadə verib.

Ağstafa Rayon Polis İdarəsinin rəis müavini İrza Nağıyev deyib ki, Məhəbbət Namazovun evində axtarış aparıblar: “Həyat yoldaşı da axtarış aparmağımıza etiraz etmədi. Baxış zamanı mətbəxdə çaydanın içindən 15 ədəd güllə aşkarlandı. Sonra da bıçaq tapdıq”.

Sonra isə hal şahidləri İlqar Əmrullayev və Faiq İsmayılov ifadə veriblər. İ.Əmrullayev maşından toza oxşar maddə tapıldığını deyib.

F.İsmayılov isə axtarışda iştirak etmədiyini, sənədlərə qol çəkərkən isə narkotik vasitənin təsiri altında olduğunu deyib: “Məni aparıb dedilər sənədlərə qol çək, nə yazıldığını bilmirdim, imzalayıb çıxdım”.

F.İsmayılov bundan 2 gün sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilib.

Təqsirləndirilən M.Namazov deyib ki, o təcridxanada olarkən F.İsmayılovu da ora gətiriblər: “Bu adam indi də düzünü deyə bilmir, çünki onu bura polislər gətirib. Bunu buraxıblar, nəsə başqa bir söz desə, yenə tutacaqlar. Mən onun yatdığı kameranı da bilirdim, amma heç bir pislik etmədim”. 

M.Namazovun həyat yoldaşı Xəyalə Namazova deyib ki, axtarış zamanı həyətlərinə 20 polis gəlib, 6-7 nəfəri axtarış aparıb: “Mən özüm də iştirak etdim, amma onlar etiraz etmək hüququmun olduğunu demədilər. Bir şəkil, bıçaq və patronlar çıxartdılar. Bıçaq paslanmışdı, qayınatamın idi. Bizim evdə heç vaxt silah-sursat olmayıb. Mən mətbəxi hər gün təmizləyirəm. Necə ola bilər orda patron olsun, onu özləri ilə gətirmişdilər”.

Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi